Göyərti satanın qızı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 14:38 | Şərh sayı: (0) | Baxılıb: 241
Göyərti satanın qızı
“Devalvasiya” sözünə qafiyələrdən biri “revolyusiya”dır. Anlayanlar üçün burda böyük hikmət yatır. Elə mən dünən bir neçə rayonumuzda insanların topa-topa yığışıb icra hakimiyyətlərinin qabağına getməsini, yolları bağlamaq cəhdlərini görəndə bu qafiyəni xatırladım. Aclıq pis şeydir.
Dünənə qədər hətta qarnında bülleten seçki saxtakarlığına göndərdiyin müəllimə də bu gün ac qalsa, səni tanımayacaq. Avtoritar rejim saxlayırsansa bunun iki təməlinə, özül qaydasına əməl etməlisən: çörək və tamaşa. Bunun biri olmasa sistem əyilir. Acqarına tamaşa, tamaşasız yemək də keçmir.
Maraqlıdır ki, ölkəni ərzaqla təmin etməli olan regionlarda etirazlar öncə başladı. Belə çıxır paytaxt daha toxdur, ölən manatın təpiyi paytaxt sakinlərinə (bu ifadəni ola bilər bir daha eşitməyəsiniz, yadda saxlayın ki, bir zamanlar bizdə “paytaxt sakini” deyə gülməli təqdimat forması vardı) gec dəyəcəkdir. Bəs regionların inkişafı haqda proqramlar necə oldu? İfşa edilmək budur. “Özümüzü ərzaqla təmin edirik”, “2015-ci il kənd təsərrüfatı ilidir” kimi nağıl və əfsanələrin biabırçılığı budur. Biz kənddən çörək gözləyirdik, kənddə aclıq imiş.
Eyni tragikomediya spirtli içki və tütün məmulatlarının kartla satışı haqda qərarın dünən ləğvinə aiddir. Bu absurd qərarın cəmi 12 gün ömrü oldu. Bəyəm bunu anlamaq üçün, dünyanın heç bir yerində olmayan axmaq qərarı cırmaq üçün 12 gün keçməli idi?
Elementar misal çəkim: dükan yiyəsi özü kart saxlayıb müştərilərə də spirtli içki və siqaretləri “hədiyyə” edə bilməzdimi? Sən alırsan, pulu nağd verirsən satıcıya, o da öz kartına “yükləyir”, malı isə sənə guya müftə verir. Buna kim qadağa qoya bilərdi? Bu əməliyyatın əvvəlki kassa əməliyyatından hansı iqtisadi fərqi var idi?
Əlbəttə, ortalıqda məşhur və burda yazılması mümkün olmayan lətifədəki kimi, “başını dərddən itirmiş” iqtidar varsa hər şey mümkündür. Belə tələm-tələsik, mürəkkəbi qurumadan ləğv edilən qərarları hələ çox görəcəyik. Çünki ölkə iqtisadi qanunlar, liberal bazar qaydaları ilə idarə olunmur. Tam bir avtoritar, monopolist sistemdir, bu isə real iqtisadiyyatın təsirlərinə çevik reaksiya verə bilməz, əksinə, özünü daha çox batırar - bataqlığa düşmüş, köməyi olmayan adamın çapalaması kimi. Neft gəlirləri bu distrofik iqtisadi sistemin dərialtı piy qatı idi, indi bu qat tamam ərimək üzrədir və ətraf aləmin soyuğuna müqavimət göstərəcək bir zad qalmamışdır.
Prosesi “süni qiymət artımı”, “işbazların qanunsuz hərəkəti” kimi cəfəngiyyatla ört-basdır eləmək də mümkün deyil. Birincisi, bu hələ devalvasiyanın ilk ləpələridir, neftin qiyməti gündən-günə düşür, bir çox proqnozlara görə yaxın çağlarda 10 dollara qədər enəcək - o sunami dalğasında nə edəcəksiniz? İkincisi, millət axı görür ki, ölkədə məmur-oliqarx dəstəsindən başqa sahibkar, ya da özləri deyən kimi, “işbaz” yoxdur. O zaman kimin qanunsuz hərəkətlərindən söhbət gedir? Ümumiyyətlə, hansı qanunsuz hərəkətdən bəhs olunur? Milli valyuta ölübsə, buna işbaz neyləsin? Vaxtında iş mühiti yaratsaydınız, azad bazar iqtisadiyyatına imkan versəydiniz indi də millət ağzını açıb yuxarıdan - sizdən yemək gözləməzdi. Öz qazdığınız quyuya yıxılmısınız, ağlamağın yeri yoxdur.
Ancaq elə həmin kart qərarının ləğvindəki kimi, başqa tədbirlərin də görülməsi gec deyil. Böhran elə bir prosesdir ki, hər hansı müsbət addımı vaxtında atılmış addım kimi cəmiyyətə sırımaq olur. Təki olsun, sözümüz yox. Təki gömrükdəki monopoliya doğrudan ləğv edilsin. Təki icra başçılarının, nazirlərin pəncəsi insanların belindən yüngülvari də olsa götürülsün. Müsbət nəticəni özünüz görərsiniz. Yoxsa “bir-birini soya-soya böhranı yola verəcəklər” fikirləşirsinizsə, ciddi səhv edirsiniz.
Sumqayıt Dövlət Universitetinin gənc qız tələbəsi intihar edib. Fəhlə atası deyir uşaqdan imtahanda rüşvət istəyiblər, qiymətini kəsiblər. Ən dəhşətlisi həmin bu geydirmə dövlət universitetində illik təhsil haqqı idi: yazıq uşaq bura 1800 manat ödəməliymiş. Axı Sumqayıtda filologiya tədrisi nə matah şeydir ki, dövlət buna görə yetim-yesirdən ildə bu qədər pul alır?
Bax, həmin ölən tələbənin anası göyərti satmaqla ailəni dolandırırmış. İllik təhsil haqqını verirmiş. Tunis yadınıza gəlirmi? Bin Əlinin nömrəsini tapın, sizə məsləhət versin.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər