Soğan |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 09:52 | Şərh sayı: (0) | Baxılıb: 399
Soğan
Biz elə buna görə neçə vaxtdır yazırıq ki, ehtiyatlı olmalıyıq, hər an xoşagəlməz hadisələr ola bilər. Budur, cəmiyyətdə aqressiya o qədər çoxdur ki, Aqil Abbasın soğan kəlməsi aləm qatıb. Əslində qeyri-adi bir söz deməyib, bəzi həmkarlarından fərqli olaraq, çəkinmədən narazı adamların ayağına gedən deputat adamlarla imkanı çatan qədər açıq danışıb və “kartof-soğan əkin” deyib.
Təbii ki, Aqil bəy soğan biznesinə girişən məmur-oliqarxlara çağırış etsəydi, o halda sadə insanların təpkiləri olmayacaqdı. Hərçənd fərqli istiqamətdən hücuma məruz qalacaqdı. Necə ki, Zahid Oruc son günlər dedikləri ilə çoxlarının ürəyinə su səpdi, bəzilərinin xətrinə dəysə də...
Ötən həftə baş nazir Əhməd Davudoğlu Türkiyədə fəaliyyət göstərən xarici iş adamları ilə görüşdü, onları Türkiyəyə əlavə yatırım qoymağa, daha çox qazanmağa çağırdı. Azərbaycan hökumətinin ölkədəki nəinki əcnəbi, heç yerli iş adamları ilə də görüşünü görmürük. Son ayda bir neçə əcnəbi şirkəti ölkəmizdən gedib. Bu prosesi dayandırmaq lazımdır.
Hər bir əcnəbi şirkət həm də təhlükəsizliyin qarantı rolunda çıxış edir. Onlar burda qaldıqca ölkələri də Azərbaycanda sabitliyin olmasında maraqlı olacaqlar. 1999-cu ildə türk diplomatlarının biri ilə həmsöhbət olmuşdum. Qeyri-rəsmi demişdi ki, 40 iş adamının qısa vaxtda Azərbaycandan getməsi onun ölkəsində narahatlıq doğurub. Sahibkarlığa geniş meydan verilsəydi, bu gün siyasətlə məğşul olmayan, sadə vətəndaşlarımız meydanlara çıxmazdı.
Bu gün bütün məsuliyyəti olan-qalan sahibkarların üzərinə qoymaq da olmaz, bu adamları dinləmək lazımdır. Bəlkə elə təkliflər verəcəklər, Azərbaycan 3-5 aya bütün bu bəlaları adlayıb keçəcək, ölkədə mal və pul bolluğu yaranacaq. Lap xaricdəki milyarder azərbaycanlılara rəsmi müraciət etmək olar, gəlsinlər, hərəsi 1-2 milyard vəsait qoysunlar, iş yerləri açsınlar, özləri də qazansınlar.
Hökumət vəziyyəti ciddi təhlil etməlidir: niyə iş adamı ölkədən KamAZ-la pul daşıyır, səbəb nədir? Əgər normal mühit yaradılsa, qarantiya olsa, inhisarçılığa son qoyulsa, hansı sahibkar maşın-maşın pulunu vətəndaşı olduğu ölkədə yox, başqa məmləkətdə dövriyyəyə buraxar? Prezident dəfələrlə bəyan edib, xəbərdarlıq edib, yenə də inhisarçılar meydan sulayırsa, deməli, daha sərt tədbirlərə zərurət var.
2008-ci ildəki parlament müzakirəsində deputat Miri Qənbərov yazılmış çıxışı oxuyanda birdən dayandı, “nə böhran ə, bunu bura kim yazıb” deyərək, o biri cümləyə keçdi. Mətndəki “böhran” sözünü belə dilə gətirmək istəmədi. Adını dilə gətirmədiyimiz indi evimizə girib...
Hökumət, nəhayət, xalqa yönəlik qərarlarını verməli, günahı tək neftdə, dollarda yox, həm də özündə axtarmalıdır. Məsələn, kənd təsərrüfatı naziri çıxıb deməlidir ki, “Kənd təsərrüfatı ili”ndə Aqil Abbasın seçicisi niyə soğan əkməyib? Bəlkə əkib, deputat bilmir.
Lap elə Milli Məclisin 19 yanvarda keçiriləcək xüsusi iclasında yeni hökumətin qurulmasını da müzakirə etmək olar. Adı heç bir neqativlərdə hallanmayan, öz işinin ustası olan baş nazir Artur Rəzi-zadəni hörmət-izzətlə yola salmaq şərtilə. Bu dəyişiklikləri narazı elektoratı bir az da sakitləşdirir, ümidlər yaradar.
Bu prosesdə gözlər yalnız prezidentə dikilməməlidir. Ölkənin başçısı Davosa gedib daha qlobal məsələlərin müzakirəsinə qatılsın, yoxsa yumurtanın, çörəyin qiymətini artıranlarla mübarizə aparsın? Niyə komanda fədakarlıq etmir, bir məmur çıxıb “bağışlayın, cənab prezident, etimadınızı doğrultmadım” demir?
Parlament, nazirlər, komitə sədrləri, hər bir məsul şəxs bu prosesdə üzərinə düşəni etsə, vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq olar. Niyə heç kim fədakarlıq etmək istəmir? Bu illərdə böyük sərvətlər qazanıblar, xalqı demirik, heç olmasa prezidentin səsinə səs versinlər, inhisarı dayandırsınlar, xaricə yatırılan pulları gətirib ölkədə iş yerləri açsınlar. Etiraz edənlərin əksəriyyəti gənclərdir, işçi qüvvələridir. Bu gün onlara iş yeri yaratmaq üçün hansı məmur-oliqarx konkret hərəkətə keçib?
Konkret addımlar atılmasa, inzibati metodlar uzun müddət üçün effektli olmayacaq. Adamları küçədən qovacaqsan, gedəcək borca görə özünü asacaq, yandıracaq. Necə ki, hətta “intihar edənlərin borcunu ailəsi ödəyəcək” xəbərdarlığına da məhəl qoyulmur. Özünü öldürməyə qadir olanlar çox təhlükəlidir. Mənim sözüm deyil, Barak Obamadan eşitmişəm...
Açıq danışmalıyıq. Təbii ki, həqiqət acıdır, soğan kimi. Ancaq soğanın qoxusu belə göz yaşardıcı olsa da, təbii antibiotikdir...
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər