Gələcək olmayanda... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 10:07 | Şərh sayı: (0) | Baxılıb: 297
Gələcək olmayanda...
Bəli, siyasətçilər ilə yekun vurmağı sevirlər. Rusiya prezidenti V.Putin də bu yaxınlarda buna cəhd edib. O, ötməkdə olan ilin ən əlamətdar hadisəsi kimi böyük vətən müharibəsindəki qələbənin 70 illiyini qeyd edib.
Bəlkə də başqa vaxt bu detalın üstündə dayanmamaq olardı. Elə indi də ona ciddi şəkildə varmaq niyyətimiz yoxdur. Əlavə olaraq qeyd edək ki, rəyi soruşulan Rusiya vətəndaşlarının 40 faizdən çoxu ötən ilin ən əlamətdar hadisəsi kimi ölkələrinin Suriya münaqişəsinə cəlb olunmasını qeyd edib. Necə deyərlər, izafi şərhə ehtiyac yoxdur - prezident xalqından, xalq da prezidentindən geri qalmır.
İl ərzində Rusiya ilə bağlı problemlərdən çox yazdıq. Əksər hallarda həmin yazılar ümumi ovqatla səsləşmədi, amma vaxt göstərdi ki, biz haqlı imişik. Xüsusən Qarabağ problemilə bağlı Rusiya konteksində çox deyilmişdi. Biri deyirdi ki, Rusiya Ermənistana yeddi rayonu, o birisi ərz edirdi ki, beş rayonu boşaltmaq üçün təzyiq edir. Amma nə beş rayon oldu, nə də yeddi.
Üstəlik, mənim bir detal diqqətimi çox cəlb etdi. Bu günlərdə Ermənistanın əsir götürdüyü Gürcüstan azərbaycanlısı ölkəsinin təzyiqilə azad edildi. Bəli, kiçik və zəif Gürcüstan da vətəndaşının taleyinə biganə deyil və hətta bunun üçün tələb etməyi də bacarır.
Amma Rusiya öz vətəndaşlarına tamamilə biganə qaldı - Ermənistanda əsir götürülmüş iki Rusiya azərbaycanlısı hələ də azad olacaqları günü gözləyirlər. Üstəlik, prezidentlərin görüşü də baş tutdu və o, bir daha göstərdi ki, nəinki sülhə, hətta qarşılıqlı anlaşmanın bərqərar olmasına hələ çox var.
Regiondakı və dünyadakı proseslərə gəldikdə isə, hələ də Rusiyanın ambisiyalarının acılarını yaşamaqda davam edirik. Artıq bir vaxt susanlar da bu gün açıq deyirlər ki, neftin ucuzlaşmasında əsas məqsəd Rusiyanın çökdürülməsidir. Bəlkə də burada bir detalı da qeyd etmək yerinə düşərdi. Belə ki, rəyi soruşulan rusiyalıların əhəmiyyətli hissəsi ötən ili bu ilkindən daha yaxşı il kimi səciyyələndirib. Bunun da xüsusi şərhə ehtiyacı yoxdur, o səbəbdən ki, getdikcə sanksiyaların və böhranın təsiri özünü daha çox göstərir və insanlar bunların nəticələrini öz üzərlərində daha çox hiss edirlər.
Ümumilikdə hansı nəticə hasil olur? Rusiyada da, Azərbaycanda da insanlar daha çox seyirçiyə çevriliblər. Onlar hətta proseslərə münasibətdə tənbəl-tənbəl hakimiyyətin ardınca sürünürlər. Bu gün hər iki ölkədə iqtisadi böhran qapıları daha çox döyməyə başlayıb. İnsanların isə buna yalnız passiv münasibəti sezilir.
Xüsusən Azərbaycanda qəribə atmosfer hökm sürür. Kimi dindirirsən, qayıdır ki, gələcəyimiz yoxdur, nə bilim, gələcəyə ümidimiz yoxdur. Bəlkə də böhranın özündən də belə psixologiya daha qorxuludur. Böhranlar gəlib keçir, amma insanların nikbinliyi və fəal həyat mövqeyi ölkənin gələcəyini müəyyən edir.
Rusiya ilə bağlı da bəlkə də onlarla yazıda indiki vəziyyəti sovet dövrünün son çağları ilə müqayisə etmək cəhdləri müşahidə olunub. Orada da gələcəklə bağlı nəinki fəal vətəndaş mövqeyi, hətta adi vətəndaş nikbinliyi də yoxdur.
Bir neçə il bundan əvvəl M.Kunderanın bir əsərini oxumuşdum. Həmin əsərdə qəhrəman deyirdi ki, keçmişimiz mif, gələcəyimiz isə müəmmadır. Adam düşünür ki, bəlkə miflərə aludə olduğumuzdan gələcəyimiz qaranlıqdır? Hər halda, bu haqda düşünməyə dəyər. Həm də belə bir detal da düşündürməyə vadar edir ki, hər iki ölkədə - Rusiyada da, Azərbaycanda da ictimai yalan geniş vüsət alıb. Yalan danışmaq norma halını alıb, ən dəhşətlisi isə, buna əksər hallarda siyasət, bəzi hallarda isə nikbinlik deyirlər.
Bəlkə də insanlara həqiqət deyilsə, ictimai həyatdan yalan yığışdırılsa, daha nikbin nəticələrə ümid etmək olar. Amma yalan bu ölkələrdə bir təsadüf deyil, siyasi sistemin ayrılmaz atributudur - bir yerdə aldatmağa başladınsa və buna qarşı etiraz və müqavimət görmədinsə, özünə əziyyət verməyəcəksən, elə aldatmaqda da davam edəcəksən. Ona görə də ilk baxışda bir az qeyri-adi görünsə də, siyasi zəncir davam edir - hakimiyyətlər aldatmaqda, cəmiyyətlər isə inanmaqda israrlıdırlar.
Ən ağrılısı odur ki, tutaq ki, Rusiyada Putin Krımı qaytardı. Bəs bizimkilər nə edib? Bizimkilər haranı qaytarıblar? İstəməsən də, bir nəticə ilə razılaşmalı olursan - bizimkilər heç nə etməyib, onlar sadəcə, bizə öz məzmunumuzu qaytarıblar.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər