Nemət Pənahlının qızı “Yeni Müsavat”a danışdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 11:26 | Şərh sayı: (0) | Baxılıb: 1120
Nemət Pənahlının qızı “Yeni Müsavat”a danışdı
Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri olmuş, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının həbsindən 5 il ötür. 2011-ci ilin bu günündə həbs edilən partiya sədri hazırda Qobustan həbsxanasında saxlanılır. Yanvarın 4-də Pənahlı ailəsi onunla görüşüb.
Görüş barədə “Yeni Müsavat”a məlumat verən N.Pənahlının qızı Xatirə Pənahlı atası ilə bağlı geniş müsahibə vermək istədiyini söylədi. Biz də razılaşdıq. 22 yaşlı Xatirə atası ilə bağlı xatirələrindən, onun səhhətindən, həbs ediləndən sonra atasına yazdığı şeirlərdən və gələcək təhsilindən danışdı.
- Xatirə xanım, atanızla uzunmüddətli görüşünüz necə keçdi?
- Atam şəkər xəstəsidir. Özü də bu xəstəliyi həbs olunandan sonra tapıb. Səhhətini hər dəfə bir az daha pis görürük. Çox düşüb. Saxlanma şəraiti isə onun xəstəliyi ilə qətiyyən uyğun deyil. Havasızlıq, hərəkətsizlik hər dəfə bir az daha səhhətini pisləşdirir. Biz üç aydan bir görüşürük. Hər dəfə görüşəndə bizə baxıb necə sarsıldığını hiss edirəm. Hər birimizlə ayrı-ayrı söhbət elədi, həmişə olduğu kimi, məsləhətlərini, göstərişlərini verdi. Hər dəfə də danışanda deyir ki, diqqətlə qulaq asın, bilmək olmaz burdan sağ-salamat çıxa biləcəm, ya yox. Düzü, bu söz içimi çox acıdır.
- Sosial şəbəkələrdə yayımlanan “Məhbus atam” şeiriniz diqqətimizi cəlb etdi. Atanıza münasibətiniz bir övladın atasına olan münasibətindən daha ötədir. Nemət Pənahlı sizin nəzərinizdə kimdir?
- Əslində istənilən bir qız üçün atası onun qəhrəmanıdır. Arxası, dayağı, ömrünün sonuna qədər nazını çəkən tək insan... Ancaq mən atama bir atadan daha çox ustadım kimi yanaşmışam. Atam -anam mənə nağıl əvəzinə Mevlananın Məsnəvisindəki hekayələri oxuyublar. Mən ata -ana eşqindən öncə ilahi eşqlə böyümüşəm. İlk sözüm də nə ata, nə də ana olub. Dilimə ilk Allah kəlməsini gətirmişəm. Qısacası atam mənim üçün azadlıq mücahidindən, qəhrəmandan, siyasətçidən, ən əsası bir atadan çox ustadımdır. Dünyanı dərk edə bilmək yolundakı yeganə ustadım...
- Sözsüz ki, Nemət Pənahlının övladı olaraq cəmiyyətdə sizə qarşı da münasibət birmənalı olmayıb. Çevrənizdə, oxuduğunuz təhsil ocağında, ümumiyyətlə, ətrafınızda onun qızı olaraq sizə qarşı münasibətdən daha çox nəyə üzülmüsünüz, yaxud sevinmisiniz?
- Məktəb illərində ən çox dahi Hüseyn Cavidin həyatını, onun qızı Turan xanımın yaşadıqlarını oxuyurdum. O həyat hekayəsi ürəyimi ağrıdırdı. Ömrünü ancaq atasına qurban vermiş və Hüseyn Cavidin qızı, ailəsi olmaq kimi ağır, ancaq şərəfli yükü qız başına tək yüklənməsi bir oxucu kimi məni sarsıdırdı. Ancaq zaman gəldi ki, özüm eyni həyatla üz-üzə gəldim. Halbuki vaxtilə məni sarsıdan bu həyat hekayəsini bir gün özüm yaşayacağımı ağlıma belə gətirmirdim. Yaşadım və yaşadıqca bu həyat mənə daha fərqli gəldi. Hətta Nemət Pənahlının qızı adını eşidərkən insanların üzündəki qorxu məni məyus belə etmədi. İnsan bir yaşantını nə qədər kitablardan oxuyursa oxusun, onu özü yaşadığı kimi dərk edə bilməz.
Mən də yaşadıqca anladım ki, Hüseyn Cavidin vaxtında da çox insan yaşayıb. Turan xanımdan fərqli olaraq milyonlarla qız ailə həyatı qura bilib. Ancaq bu gün yaddaşlarda olan Turan xanımdır. Bu gün insanlar məhz bir vaxtlar qorxudan uzaq gəzdikləri Hüseyn Cavidin abidəsinin qarşısında baş əyirlər. Qürurlu və şərəfli bir ömür hər kəsə nəsib olmur. Ona görə də atamla bağlı yaşadığım heç bir məhrumiyyəti, çətinliyi çətinlik kimi qəbul etmirəm. Əksinə, qürur, fəxr hissi duyuram ki, mən belə bir adamın qızıyam. Həm də cəmiyyət, sadəcə, qorxusuna məğlub olmuş insanlardan ibarət deyil ki...
- Qafqaz Universitetinin məzunusunuz. Bir yerdə işləyirsinizmi?
- 2014-cü ildə Qafqaz Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili bölümünü bitirmişəm. Bilirsiniz, ölkəmizdə iş tapmaq, üstəlik, Nemət Pənahlının qızı və üstəlik, hicablı, bu nə deməkdir... Ona görə də işsizəm. Amma bu il artıq kəsin olaraq Türkiyənin İzmir şəhərində magistr təhsili almaq qərarı vermişəm, İnşallah, Allah nəsib edərsə, təhsilimi orada davam etdirmək fikrindəyəm.
"Günahkar bəndələrdən əfv diləmək cahillikdir”
- Beş ildir ki, atanız həbsdədir, bu illər həyatınızda necə bir iz qoyub?
- Bəlkə də həyatımızda bundan sonra xoş günlər yaşayacağıq, ancaq atamın olmadığı illər həyatımızdan heç vaxt silinməyəcək. Ən önəmlisi, bu illər yaddaşımızda dəhşətli itkilərlə qalıb. Babama çox bağlı idim. Onunla ürfani söhbətlər edərdik. Atamdan sonra bütün mehrimi ona salmışdım. Ancaq ölümlə tanışlığım təəssüf ki, babamla başladı. Və bu sarsıntıdan uzun müddət çıxa bilmədim. Atamla babamın arasında dəhşətli bağ var idi. Və atam tutulduqdan sonra-baxmayaraq ki, babamın atamdan başqa 7 övladı vardı-o bizim evdən başqa yerdə qalmırdı. Hətta iki ay işığımızı kəsdikləri zaman belə bibilərim və əmim nə qədər təkid etdilərsə belə, bizdən getmədi. Sanki o qaranlıqda bizlə bərabər oturmaq onun ağrısını az da olsa azaldırdı. Dünyasını dəyişdiyi günə qədər biz nə yaşadıqsa bir evin altında, o da bütün dərdimizə şərik oldu. Son anına qədər gözü yolda idi ki, atamı buraxacaqlar. Ancaq təəssüf olsun ki, oğlunun çiynində axirətə köçməyi belə çox gördülər. Babamı xatırlayarkən bir səhnə yadımdan çıxmır. Atama hökm veriləndə babamgil rayonda idi. Atama altı il hökm verildiyi xəbərini rayona aparanda qəddi-qaməti əyilmişdi. Biz otağa girəndə namaz üstündə idi. Xəbəri vermək də anama düşürdü. Namazını bitirib otaqdan çıxdı, körpə uşaq kimi anamı qucaqlayıb ağladı. Nənəmin isə heç ayağa durmağa halı yox idi. Elə anama hey deyirdi ki, hanı Nemət? Niyə tək gəldin?
- Heç düşünmüşünüz, atam əfv ərizəsi yazsaydı bəlkə də çoxdan evimizdə olardı? Buna görə təəssüf hissi keçirirsinizmi?
- Tam səmimi deyərəm ki, bu fikir bir anlıq belə nə mənim, nə də ailə üzvlərimizin ağlından belə keçməyib. Atamın həyatına nəzər yetirəndə Həzrəti Yusifin həyatını xatırlayıram. Şərlənib zindana salınması və 7 il həbsdə qalması...Dərk edirik ki, onun həbsi yalnız seçilmiş bəndələrə nəsib olan ilahi bir sınaqdır ki, buna görə günahkar bəndələrdən əfv diləmək sadəcə cahillikdir. Atam haqq yolunda həbs olunub. Demək ki, Allah öz sevimli bəndəsi ilə 6 il xəlvətdə qalmaq istəyib. Əfv etməyə gəlincə isə bu yalnız Allaha məxsusdur. Əgər bir insan tutduğu haqq yol üçün əfv diləsə, haqqı danmış olar. Bunu isə Allah əfv etməz.
- Nemət Pənahlı haqqında daha çox ustad və siyasi xadim olaraq danışdınız, bəs bir ata və ailə başçısı kimi necə?
- Atam ailə başçısı kimi çox diqqətli biridir. Türmədə olmasına baxmayaraq, hər bir problemimizlə dərindən maraqlanır. Psixoloji vəziyyətimizi daim özü tənzimləyir. Qızlara qarşı atalar daha həssas olur. Oğlanlarına qarşı isə daha sərt olurlar. Atam da belədir. Sevgi payını isə tam ədalətlə bölür, nə bir zərrə artıq, nə bir zərrə əskik. Mən atamla çox ürfani söhbətlər etsəm də, ailədə özünə qapalı uşaq olmuşam. İç dünyama heç kimi buraxmamışam. Ancaq buna baxmayaraq, atam mənim iç dünyamı həmişə duyub və həmişə də zamanında yetişib. Bu il 31 dekabr bayram günü çox böyük bir sarsıntı keçirdim. Bəlkə də həyatımın ən böyük sarsıntısını. O qədər ki hətta düşünürdüm ki, yəqin ki, dünyanın sonudur. Ertəsi gün atam zəng elədi. Heç nə demədən, heç nə danışmadan bütün əhvalımı hiss etdi. İnanın ki, o anda bütün acılarıma məlhəm olacaq yeganə cümləni işlətdi: “Sən mənim fəxrimsən”. O zaman anladım ki, bu həyatda bir qız üçün qalxacaq ən uca məqam atasının fəxri olmaqdır. Və o məqamın şərəfi mənə öz acımı unutdurdu. Bax, Nemət Pənahlı belə bir atadır. Bizdən nə qədər uzaqda olsa da, heç vaxt məsafələr onun ideal ata, ideal ailə başçısı olmasına mane olmayıb.
- Xatirə xanım, sonda sosial şəbəkələrdə geniş yayılan “Məhbus atam” şeirindən bir hissəni deyə bilərsiniz?
- Gözüm yaşı rəvan oldu,
Harayıma yetiş atam.
Axar sular duran oldu,
Dərdimə yan, məhbus atam!
Qohum-qardaş da gen gəzdi.
Yoxluğun varlığım əzdi,
Gizli dərdim yarım sezdi,
Əllərini uzat tutam,
Göz yaşım sil, məhbus atam!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər