Türkiyə-Rusiya münasibətlərində "qırıcı" məqam |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-11-2015, 22:43 | Şərh sayı: (0) | Baxılıb: 382
Türkiyə-Rusiya münasibətlərində "qırıcı" məqam
Ötən gün Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vuruldu. Bu, regionda, onsuz da, gərgin olan vəziyyəti bir qədər də gərginləşdirdi.
Cümhuriyyət rəhbərliyi Rusiya qırıcısının Türkiyə hava məkanını pozduğu üçün hədəfə alındığını, Federasiya rəhbərliyi isə "Su-24"-ün Suriya ərazisində vurulduğunu, yəni Türkiyə hava məkanının pozulmadığını iddia etdi.
Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan etdi ki, Türkiyə sərhədlərini qorumağı bacarır və bunu bütün dünya bilməlidir. Hökumət başçısının sözlərinə görə, dəfələrlə bəyan edilmişdi ki, heç bir ölkənin Türkiyənin hava məkanını pozmaq hüququ yoxdur. Baş nazir bir qədər də irəli gedib əlavə etdi ki, ölkələr Suriyada böhranı dərinləşdirmək əvəzinə, böhranın həllinə çalışmalıdırlar.
Qırıcının vurulmasını faciə adlandıran Rusiya Prezidenti Vladimir Putin isə bu hadisənin Moskva-Ankara münasibətlərinə ciddi təsir edəcəyini vurğuladı. Federasiya rəhbəri bir məsələni də qeyd etməyi unutmadı: "Su-24"-lə bağlı insidentdən sonra Türkiyə rəhbərliyi Rusiya ilə dərhal təmas yaratmaq əvəzinə, NATO ölkələrinə müraciət etdi. Sanki, Rusiya onların təyyarəsini vurub".
Ötən axşam ölkənin təhlükəsizliyi ilə bağlı təcili iclas çağıran Rəcəb Tayyib Ərdoğan çıxışında qeyd etdi ki, Türkiyənin öz sərhədlərini qorumaq hüququ var. Prezident xüsusi olaraq vurğuladı ki, Rusiya qırıcısının göründüyü ərazidə terror təşkilatı yoxdur, orada türkman qardaşlarımız yaşayır və onların təhlükəsizliyinə görə də narahatıq. Ərdoğan Rusiya ilə əlaqələri kəskinlədirmək niyyətində olmadıqlarını da bildirdi.
RF xarici işlər naziri Sergey Lavrovun bu ayın 25-nə Türkiyəyə nəzərdə tutulan səfərini ləğv etməsinin, həmçinin Prezident Ərdoğanın dekabrın 15-nə Rusiyaya planlaşdırılan səfərini ləğv etməsi ehtmalının artmasının son dövrlərdə nisbətən fəallaşan Ankara-Moskva əlaqələrinə mənfi təsir edəcəyi qaçılmazdır. Putinin son hadisənin "bu, arxadan vurulan zərbə idi" deməklə şərh etməsi də münasibətlərin gələcəyi ilə bağlı ciddi siqnaldır.
ABŞ-ın ən yüksək səviyyədə Türkiyəni müdafiə edəcəyi də gözlənilən idi. Birləşmiş Ştatların Prezidenti Barak Obama bəyan etdi ki, hər bir ölkə kimi, Türkiyənin də öz ərazi bütövlüyünü, hava məkanını qorumaq hüququ var.
Təbii ki, qarşılıqlı ittiham, iddia dolu bəyanatlar günün sonunadək səsləndirildi və hələ də davam edir. Görünən isə budur ki, Yaxın Şərqdəki gərgin vəziyyəti yaxın vaxtlarda sabitləşdirmək son hadisələrin fonunda heç də asan olmayacaq.
Rusiyanın İŞİD terrorçularının Suriyadakı mövqelərini Xəzər dənizindən hədəfə almasına görə bəzi ölkələrin Xəzərin hərbi məqsədlər üçün istifadə edilməsinə etirazı; Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasının Qərb ölkələri tərəfindən heç də birmənalı qarşılanmaması, münaqişə üzrə mövqelərdə qütbləşmənin artması; Rusiya tərəfdən Türkiyə ilə hərbi əlaqələrin dayandırılmasına, həmçinin rusiyalı turistlərin Türkiyəyə səfərdən imtina etməsinə çağırışlar, bəzi Rusiya turizm şirkətlərinin Türkiyəyə turpaketlərin satışını dayandırması; NATO üzvü olan Türkiyənin Rusiyaya hərbi əməliyyatlarda dəstək verməməsi, İŞİD-in səngiməyən, hətta son vaxtlarda artan təhdid dolu bəyanatları və s. əslində bölgədəki mürəkkəb vəziyyətin nizamlanacağı ilə bağlı nikbin proqnozlar səsləndirməyə imkan vermir.
Bölgədə toqquşan maraqlar, hərbi əməliyyatlar artdıqda isə vəziyyət daha da nəzarətdən çıxır. Sanki, hegemon dövlətlər münaqişəni həll etməkdən çox qarşıdurmanı daha da gərginləşdirməkdə maraqlıdırlar. Sanki hegemon dövlətlərə öz hərbi texnikalarını sınaqdan keçirmək üçün poliqon lazımdır - yüz minlərlə qaçqın ordusunun yaranması, bir ölkənin gələcəyinin məhv olması, hətta Türkiyə və Rusiya kimi aparıcı ölkələrin münasibətlərinin pozulması hesabına olsa belə...
Bomba heç bir halda sabitlik, xoşbəxt gələcək, demokratiya gətirmir. Bunun üçün indiyədək bombardmanlara məruz qalmış ölkələrə nəzər yetirmək kifayətdir.
Türkiyə-Rusiya münasibətlərinin tamamilə pozulması isə regiona ümumilikdə yalnız mənfi təsir edə bilər. Yəqin ki, hegemon dövlətlər, o cümlədən, rəsmi Moskva və Ankara da bunun fərqindədirlər...
Bəxtiyar Hacıyev
Trend
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər