İmtahanlarda rüşvətə qarşı qərargahlar yaradılır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 08:24 | Şərh sayı: (0) | Baxılıb: 290
İmtahanlarda rüşvətə qarşı qərargahlar yaradılır
Məlahət Mürşüdlü: “Bununla neqativ halların qarşısını almaq qeyri-mümkündür”
Təhsil naziri Mikayıl Cabbarov imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. Əmr ali təhsil müəssisələrində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə imzalanıb.
Belə ki, əmrə əsasən, hər bir şəxs rəhbərlik etdiyi ali təhsil müəssisəsində imtahan qərargahı yaradacaq. Həmin qərargahda imtahan ərəfəsində baş verən qanun pozuntuları, rüşvət halları haqda məlumatlar toplanacaq və imtahanların təşkilində, gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbir görüləcək. Ali təhsil rəhbəri baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyır.
Nazirliyin ali təhsil və daxili nəzarət şöbələrinə tapşırılıb ki, ali təhsil müəssisələrində imtahan sessiyasının monitorinqini, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini, ali təhsil müəssisələrində payız semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsin.
Xatırladaq ki, təhsil nazirinin müavini Firudin Qurbanov da bir neçə gün öncə Azərbaycan təhsilinin lazımi səviyyədə olmadığını etiraf etmişdi. Nazir müavini bu il universitetlərə qəbul olan abituriyentlərin nəticələri yaxşı olsa da təhsilin keyfiyyətini lazımi səviyyəyə qaldıra bilmədiklərini demişdi.
Maraqlıdır, təhsil naziri tərəfindən verilən əmr təhsildə nəyi dəyişəcək? İmtahan qərargahı baş verən qanun pozuntularının, rüşvətin qarşısını ala biləcəkmi?
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bu cür üsullarla neqativ halların qarşısını almağın mümkün olmayacağını bildirdi: “Düşünürəm ki, müvafiq qaydalarla neqativ halların qarşısını almaq qeyri- mümkündür. Biz bunu illərdir məktəblərdə, universitetlərin təcrübələrindən görmüşük. Yaradılan imtahan qərargahlarının müsbət təsirini görmək üçün bunun işləmə mexanizmi təklif edilməlidir. Əgər o qərargahda neqativ halların baş alıb getdiyi o universitetlərin müəllimləri olacaqsa, onun fəaliyyət göstərməməsi daha yaxşı olardı. Kənardan digər ekspertlərin dəvət edilməsi, müstəqil vətəndaşların, hansı ki, bu qüsurları kənardan daha gözəl görüblər və qarşısını alma yollarını daha yaxşı bilirlər, bax bu şəxslər həmin qərargahda yer alarsa, müəyyən qədər bu neqativ halların qarşısı alına bilər. Ancaq yenə də qeyd edim ki, başqa bir metod, yol düşünmək lazımdır ki, universitetlərdə dediyimiz hallar baş alıb getməsin”.
M.Mürşüdlü Təhsil Nazirliyi yanında ictimai şuranın yaradılmasını təklif edərək bildirdi ki, ancaq bu yolla neqativ halların müəyyən qədər qarşısını almaq olar: “Təklif edərdim ki, Təhsil Nazirliyi yanında ictimai şura yaradılsın. Bu ictimai şura bütün il ərzində universitetlərdə həmin proseslərin yerinə yetirilməsinə həm nəzarət etsin, həm də yardım göstərsin. Yəni il boyu bu iş aparılmalıdır ki, dediyimiz hallar baş alıb getməsin. 2012-ci ildə prezident belə bir qanun imzalamışdı və bu qanun artıq qüvvədədir. Təhsil Nazirliyi yanında ictimai şuralar yaradılmalıdır. İctimai şuraların funksiyalarından biri hər il maarifləndirmə olmalı, eyni zamanda da neqativ halların qarşısının alınması üçün təklif mexanizmi işləməsi olmalıdır. Kampaniya xarakterli qərargahlar inzibati xarakter daşıyır və həmin halların qarşısını müəyyən mərhələdə ala bilir. Təcrübələrdə də görünüb ki, bu kimi halların qarşısı ilkin 1 həftə və ya 1 ay müddətinə alına bilir. Düşünürəm ki, ictimai şuraların yaradılması, ictimai iştirakçılara geniş yer verilməsi, yəni qəbul imtahanların, həm semestr imtahanlarında, həm təlim prosesi zamanı ictimai iştirakçılığa geniş yer verilməlidir. Məsələn, müstəqilliyimizin ilk illərində elə universitetlər vardı ki, obyektivliyi qorumaq xatirinə valideynlərə qəbul imtahanlarında iştirak etməyə icazə verirdilər. Düşünürəm ki, bu gün də belə bir mexanizmdən istifadə etmək lazımdır”.
musavat.com
Günel MANAFLI
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər