Ekspert: “Neftin indiki qiymətləri ilə büdcə gəlirlərini icra etmək çətin olacaq” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-01-2016, 10:43 | Şərh sayı: (0) | Baxılıb: 336
Ekspert: “Neftin indiki qiymətləri ilə büdcə gəlirlərini icra etmək çətin olacaq”
İqtisadçı Samir Əliyev Dövlət Neft Fondunun 2016-cı il büdcəsini şərh edib. Qeyd edək ki, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” fərmanla 6 711 564,1 min manat, xərcləri isə 8 181 399,7 min manat məbləğində təsdiq edilib.
Samir Əliyev hesab edir ki, Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər reallığı əks etdirmir.
“Neft Fondu 2016-cı ildə valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından təxminən 603 milyon manat qazanmaq niyyətindədir. Müqayisə üçün deyim ki, Fond 2015-ci ildə bu mənbədən 494,4 milyon manat qazanmalı idi. Ancaq otən ilin 9 ayında aktivlərdən qazanc cəmisi 51,2 milyon manat olub. 3 rübdə gözləntisi 10,3% təmin edilən Fondun sonuncu rübdə gözləntisinin tam yerinə yetirilməsi möcüzə olardı. Hətta manat dəyərini 48% itirməsi də problemi həll etmək iqtidarında deyil. Sual olunur: 37 milyard dollarlıq aktivlərin idarə olunmasından illik qazanc 494,4 milyon manat proqnozlaşdırıldığı halda nədən 34 milyard dollarlıq aktivlərin qazancı 603 milyon manat proqnozlaşdırılıb?”, - Samir Əliyev bildirib.
İqtisadçı əlavə edib ki, aktivlərin böyük hissəsinə malik olan ABŞ dollarının 2016-cı ildə də möhkəmlənməsi gözlənilir: “Dolların bahalaşması paralel olaraq Amerika qiymətli kağızlarının gəlirliliyini də aşağı salacaq. Digər valyutaların (avro, rubl, yuan, lirə) isə ucuzlaşması proqnozlaşdırılır. Qızıl və daşınmaz əmlak bazarı 2016-cı ildə də yüksək qazanc vəd etmir. Nəzərə alaq ki, neftin ciddi bahalaşması gözlənilmədiyindən aktivlərin nəinki indiki səviyyədə qalması, hətta azalması qaçılmazdır. Ən azı Mərkəzi Bankın çətin vaxtında Neft Fondunun dəstəyi vacib olacaq. Belə çıxır ki, Neft Fondunun 2016-cı ildə əsas strategiyası gəlirləri artırmaq üçün yüksək riskli və yüksək qazanclı aktivlərə yatırım etmək olacaq. Ya da manatın ucuzlaması ümid edəcək. Əks halda neftin indiki qiymətləri ilə aktivləri qorumaq və büdcə gəlirlərini icra etmək çətin olacaq”.
Qeyd edək ki, fərmana əsasən, Neft Fondununun bu il gəlirləri Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər - 6 094 053,0 min manat, akrhesabı ödənişlər - 2,1 mln manat, neftin və qazın tranziti – 12,6 mln. manat, fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər - 602 790,1 min manat hesabına formalaşacaq.
Fondun vəsaitlərinin 6 mlrd. manatı dövlət büdcəsinə trasfert ediləcək. Bundan başqa, Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə daha 1 822 800,0 min manat sərf olunacaq.
Xərclərin qalan hissəsi:
- məcburi köçkünlərin məskunlaşdırılmasına (90 mln. manat),
- Samur-abşeron kanalının yenidən qurulmasına (70 mln. manat),
-Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə (137 621,7 min manat),
- gənclərin xarici ölkələrdə təhsil almasına (36 558,0 manat) yönəldiləcək.
ARDNF-nin idarə olunmasına isə 24 420,0 min manat xərclənəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər