Amerikalı vasitəçidən nikbin Qarabağ proqnozu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 10:00 | Şərh sayı: (0) | Baxılıb: 308
Amerikalı vasitəçidən nikbin Qarabağ proqnozu
Ceyms Uorlik: “Biz həm də gələn il azərbaycanlı və erməni icmaların təmaslarına ümid edirik”; müstəqil ekspertlər isə qarşıdakı ildə də nizamlama prosesində dönüş üçün yetərli zəmin və əsaslar görmürlər, çünki...
2015-ci il Qarabağa dair sülh danışıqları tarixinə yəqin ki, ən passiv illərdən biri kimi düşəcək. İlsonu Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutan Bern görüşü nəzərə alınmazsa, nizamlama prosesində bütövlükdə heç bir mühüm hadisə qeydə alınmadı. Hərçənd, prezidentlərin növbəti görüşü də nəticəsiz yekunlaşdı.
ATƏT-in Minsk Qrupunu n amerikalı həmsədri Ceyms Uorlik isə nədənsə optimistdir. “Azərbaycan və Ermənistan prezidentləri son görüş zamanı etiraf elədilər ki, bir-biri ilə dialoq vacibdir. Ona görə də Minsk Qrupu ümid edir ki, münaqişə tərəfləri zorakılıqlardan imtina edəcək və növbəti ildə daha yaxşı atmosferdə danışıqları davam etdirəcəklər”, - deyə o, erməni portalına müsahibəsində söyləyib.
Amerikalı diplomat Bern görüşündən sonra da təmas xəttində gərginliyin qalmasından təəssüf ifadə edib və əlavə edib: “Hazırda sülh danışıqları stolunun üzərinə bir sıra təkliflər qoyulub. Həmin təkliflər əsasında da vasitəçilər yaxın bir il ərzində tərəflərlə iş quracaq. Berndə prezidentlər etiraf elədilər ki, bir-biri ilə dialoq vacibdir. Məhz buna görə həmsədrlərdə ümid var ki, növbəti ildə onlar arasında yeni bir görüş təşkil eləmək mümkün olacaq. Biz həmçinin, danışıqlar prosesini tamamlamaqdan ötrü Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq üçün imkanlar yaratmaq istəyirik”.
***
Azərbaycandakı və Ermənistandakı müstəqil ekspertlər isə Dağlıq Qarabağ münaqişəsinin həll perspektivləri ilə bağlı amerikalı həmsədr qədər nikbin deyillər və bunu da obyektiv və subyektiv səbəblərlə, o cümlədən regionda və dünyada gedən ziddiyyətli proseslər, böyük güclərin Güney Qafqazda toqquşan maraqları ilə izah edirlər.
“Mən prezidentlərin zorla bir stol ətrafında oturdulduğu görüşdən heç nə gözləmirəm. Görüşlərin məhsuldarlığı üçün diplomatlar nəhəng hazırlıq işləri görməlidir. Ermənistanda xəstə ictimai rəy dəyişdirilməlidir. Erməni xalqına izah edilməlidir ki, o, Azərbaycan üzərində 100 faizlik qələbəni görməyəcək. Belə bir qələbə, Azərbaycan tərəfindən məğlubiyyətin etiraf olunması yalnız o vaxt mümkündür ki, erməni qoşunları Bakıya çatsın və bizi kapitulyasiya aktı imzalamağa məcbur eləsinlər. Əks halda Bakı heç vaxt Qarabağın itirilməsi ilə barışmayacaq”, - deyə politoloq Zərdüşt Əlizadə minval.az saytına bildirib.
Konfliktin həll perspektivlərindən danışan Əlizadə daha sonra deyib: “Azərbaycanın strateqlərinə də eyni şeyi izah eləmək lazımdır ki, 100 faizli qələbə üçün İrəvanı ələ keçirmək lazımdır. Həll üçün kompromis qərarlar axtarılmalıdır. Dünya təcrübəsində belə nümunələr var. Lakin onlar bizim rəsmi şəxslərin ölkənin üstünlüyü haqda cəsarətli bəyanatlarına uyğun gəlmir. Bu nümunələr orta əsrlərin geridə qalmış xalqları kimi bir-biri ilə mübarizə aparıb öz həyatlarını mənasız işə sərf eləməkdənsə, hər iki xalqın normal yaşaması üçün onların rifahına işləyə bilər”.
Politoloq mətbuatda bir müddətdir müzakirə edilən və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da son müsahibəsində toxunduğu Dağlıq Qarabağa dair “Rusiya planı” barədə də danışıb: “Heç bir rus planını qəbul eləmək olmaz. Rusiyanın bir məqsədi var - iki ölkəni asılılıqda saxlamaqla regiona nəzarəti əlində saxlamaq. Münaqişə tərəflərinin isə məqsədi Rusiya diktatından azad olunmaq üçün sülhə nail olmaq olmalıdır... Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri ilk növbədə bir stol arxasına keçib müzakirə aparmalı və iki dövlətin maraqları nəzərə alınmaqla iki xalq üçün məqbul barış modeli tapmaldırlar. Sonra isə bu modeli öz cəmiyyətlərin təqdim eləməlidirlər ki, ölkələr tədricən dalandan çıxa bilsin”.
***
Dağlıq Qarabağla bağlı 2015-cİ ilin yekunu və gələn ilə gözləntilər kontekstində erməni ekspertinin baxışı da maraqlıdır. “İndiki siyasi reallıqlar şəraitində Ermənistan və Azərbaycan arasında əhəmiyyətli anlaşmanın əldə ediləcəyini gözləmək sadəlövhlük olardı. Ən çoxu nə ola bilərdisə, o da oldu. Prezidentlər arasındakı son görüşün nəticəsi hər şeydən öncə elə görüşün keçirilməsinin özüdür. Bu da az deyil. Hələ üstəlik, bonus da oldu: tərəflər birgə işi davam etdirəcəklərini bəyan etdilər”.
Bunu virtualaz.org saytının müxbiri ilə söhbətində İrəvandakı Qafqaz İnstitutunun direktoru, tanınımış erməni politoloqu Aleksandr İsgəndəryan bildirib.
Azərbaycan mətbuatına ilk dəfə müsahibə verdiyini deyən İsgəndəryanın sözlərinə görə, münaqişəni qısa və ortamüddətli tənzimlənməsi variantı mümkün deyil və bunu bütün xarici oyunçular da başa düşür: “Qərbin və Rusiyanın real məqsədi indiki status-kvonu saxlamaqdır. Qarabağ məsələsi nadir mövzulardandır ki, Qərblə Rusiyanın mövqeyi üst-üstə düşür. İkisi də eyni məsələdə həmrəydir: münaqişənin donu açılmasın”.
“Qarabağ məsələsi sıravi ermənilərə xoşbəxtlik gətirdimi” sualını cavablandıran A.İsgəndəryan bildirib ki, müharibə və münaqişələr heç kəsə xoşbəxtlik gətirə bilməz: “Bu münaqişənin mövcud olmasına və davam etməsinə nə ermənilər, nə də azərbaycanlılar sevinə bilməz. Azərbaycanın da bir çox problemləri Qarabağ məsələsi ilə bağlıdır. Yəqin Azərbaycanda da insanlar onillərdir davam edən bu qarşıdurmadan yorulublar. Bununla belə Azərbaycan Qarabağdan imtina etməyə hazır deyil. Yaxın Şərqlə müqayisə edəsi olsaq, Qarabağ Sinay deyil, hər iki xalqın siyasi mentaliteti baxımından Yerusəlimdir (Qüds -red.). Problemin həllinə doğru addımlamaq da elə bu üzdən çətindir”.
Erməni politoloqu Zərdüşt Əlizadədən fərqli olaraq xalq diplomatiyasının bu münaqişəni həll etmək imkanlarının olmadığını bildirib: “Qarabağ münaqişəsi təkcə sırf etnik məsələ deyil, daha çox etnosiyasi məsələdir. Onu siyasətçilər həll etməlidir. Vətəndaş cəmiyyəti, jurnalist və ekspertlər, alimlər cəmiyyətə, dolayısı ilə siyasətçilərə təsir edə, münaqişənin həlli üçün münbit zəmin yarada bilərlər, amma münaqişəni həll edə bilməzlər. Münaqişəni konserv bankasına tıxamaq olmaz. Bu münaqişənin həllində xarici qüvvələrsiz, xarici müdaxiləsiz də keçinmək olmaz. Xarici qüvvələr burada iştirak edib və edəcəklər. Onların da öz nüfuz və maraqları var. Bundan qaçmaq mümkün deyil”.
***
Göründüyü kimi, amerikalı vasitəçidən fərqli olaraq, müstəqil ekspertlərin Qarabağ problemim ilə bağlı 2016-cı ilə elə də nikbin proqnozları mövcud deyil. Hətta xalq diplomatiyası və icmalar arşında dialoqa da yalnız siyasi həllə dair danışıqların tərkib hissəsi və ön hazırlıq kimi baxılır.
Yəni hesab edilir ki, problemin nizamlanmasında öncə siyasi anlaşma əldə olunmalıdır. Bu isə əlçatmazdır. Çünki işğalçı Ermənistan konfliktin nizamlanması üçün əsas kimi Qarabağda öz “hərbi qələbəsi”nin rəsmiləşməsini tələb edir. Azərbaycan təbii ki, buna heç vaxt razılıq verməyəcək.
Əfsus ki, beynəlxalq vasitəçilər də BMT Təhlükəsizlik Şurasının Dağlı Qarabağa dair qətnamələrindən, digər beynəlxalq sənədlərdən və hüquq normalarından çıxış eləmək əvəzinə, Ermənistanı işğalçı dövlət kimi qəbul eləməyə tələsmirlər. Danışıqların dalana dirənməsini əsas səbəbi də budur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər