Axsaq atın kor nalbəndi: Bizimlə savaşa kimi göndərəcəksiz? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-10-2015, 20:41 | Şərh sayı: (0) | Baxılıb: 362
Axsaq atın kor nalbəndi: Bizimlə savaşa kimi göndərəcəksiz?
Artan itkilər üzündən hakimiyyətə qarşı etirazlar da kəskinləşir
Ermənistanda bütün sahələr üzrə daha sürətli xarakter alan tənəzzül bu ölkənin silahlı qüvvələrinin də durumuna təsirsiz ötüşmür. Silahlı qüvvələrdə əvvəllər müşahidə olunan qanun pozuntuları artıq daha geniş miqyas almağa başlayıb. Elə bu vəziyyətdə təbii olaraq erməni ordusunun itkisi həm döyüş, həm də qeyri-döyüş şəraitində artır.
Yeri gəlmişkən bir məqama da xüsusi diqqət yetirmək lazım gəlir ki, cəbhə zonasında ermənilərin son dövrlərdə törətməyə çalışdığı təxribatlar bu ölkəyə getdikcə daha baha başa gəlir. Düşmən ölkənin kriminal hərbi diktatura rejiminin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlərini genişləndirməyə çalışması fonunda onun itkisinin artması erməni mediasında da açıq etiraf olunur.
Ekspertlər hesab edirlər ki, getdikcə artan etiraz aksiyaları fonunda cəmiyyətin diqqətini yayındırmaq, mümkün ümumxalq iğtişaşını önləmək üçün Ermənistanın hərbi xunta rejimi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsində daha çox maraqlı tərəf kimi çıxış edir. Bu, ölkənin üzləşdiyi siyasi, iqtisadi və maliyyə böhranını cəbhədəki vəziyyətlə izah etmək baxımından da ermənilərə sərfəlidir. Çünki belə vəziyyət ölkə ictimaiyyətini xof içərisində saxlamaq və kəskin ölkədaxili problemlərlə bağlı aksiyaların önlənilməsi prizmasından da erməni iqtidarı üçün vacib sayılır.
Lakin yuxarıda qeyd olunduğu kimi, belə təxribatlar Serj Sarkisyan iqtidarına olduqca baha başa gəlir. İlk növbədə ona görə ki, erməni ordusunun təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən effektiv şəkildə alınır. Eyni zamanda cəbhədə düşmənin itkiləri durmadan artır.
Digər tərəfdən əsgərlərin valideynlərinin yaranmış vəziyyətə görə hakimiyyətə qarşı mövqeləri daha da sərtləşir. Hazırda valideynlər övladlarını birmənalı şəkildə işğal olunmuş Azərbaycan ərazilərinə göndərməkdən imtina edirlər. Onlar açıq şəkildə bəyan edirlər ki, bu vəziyyət Ermənistanda "Hərbi mükəlləfiyyət haqda" qanunun pozulmasına gətirib çıxarır. Qeyd olunan xüsusda erməni mediası konkret fakt kimi Azərbaycanın işğal altında olan torpaqlarında hərbi xidmətdə olarkən ordumuz tərəfindən zərərsizləşdirilən Robert Mkrtçyan ad və soyadlı əsgərə diqqət yetirir.
Ailənin tək oğlu Robert Mkrtçyanla bağlı erməni hərbi rəhbərliyi kifayət qədər qanun pozuntusuna yol verib. Belə ki, Ermənistanın mövcud qanununa əsasən, ailənin tək övladı yaşadığı əraziyə yaxın bölgədə hərbi xidmət keçməlidir. Lakin atası olmayan və kasıb yaşayan ailənin tək oğlu haqda qanunun uyğun maddəsi pozulub. Ermənistan sakinləri, o cümlədən Robert Mkrtçyanın ailəsi övladlarının Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinə etiraz ediblər.
Lakin hərbi rəhbərlik buna məhəl qoymayıb, kasıb, imkansız ailənin övladı işğal altındakı Azərbaycan torpaqlarına hərbi xidmət keçməyə göndərilib. Yerli media yazır ki, Azərbaycan silahlı qüvvələri tərəfindən zərərsizləşdirilmiş Ermənistan ordusunun əsgərinin dəfn mərasimində ölkənin Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin başçısı general-mayor Vardan Avetisyan da iştirak edib. Amma o, məsələ ilə bağlı sualı cavablandırmaqdan yayınıb. V.Avetisyan deyib ki, hərbi komissarlığa müraciət etmək lazımdır. Belə qəbildən olan misalların sayı kifayət qədərdir və bu da erməni ordusunda qanun pozuntularının real təzahürüdür.
Ordunun hərbi qulluqçularının nizam-intizamı, mənəvi-psixoloji, maddi və fiziki vəziyyətinin ötən illərə nisbətən daha da pisləşdiyini etiraf edən ermənilərin sayı isə davamlı surətdə artır. Döyüş itkilərindən əlavə, Ermənistan ordusunda baş verən fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət, korrupsiya, intihar, təcavüz və digər nizamnamədənkənar halların sayı dəfələrlə artıb. Əvvəlki kimi, erməni ordusu daxildə çox ciddi qütbləşməyə məruzdur, qarabağlı-yerevanlı xəstəliyi bu silahlı qüvvələrin durumunu daha da pisləşdirir. Komandirlər tərəfindən hərbi hissələrdən hərbi qulluqçuların qeyri-qanuni yolla müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxma halları hələ də davam etməkdədir.
Ermənistan ordusunda kriminogen vəziyyətlə yanaşı, komandir və rəislər hərbi xidmətə çağırılan hərbi qulluqçuların sağlamlığına yenə də son dərəcə biganə yanaşır. Xüsusən əsgərlərin antisanitariya şəraitində xidmət aparması, kazarmaların bərbad vəziyyətdə olması səbəbindən xeyli sayda hərbi qulluqçu ciddi sağlamlıq problemləri ilə üzləşib. Bütün bunlar isə ordunun tənəzzülünü sürətləndirir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər