"Məzlum" millət "Yox!" deyir, eşidən var? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-10-2015, 11:31 | Şərh sayı: (0) | Baxılıb: 390
"Məzlum" millət "Yox!" deyir, eşidən var?
Xalq mövcud iqtidarın mümkün qədər tez istefaya göndərilməsini istəyir
Ermənistanda mövcud iqtidarın hakimiyyətdə qalmaq müddətini uzatmağa hesablanmış konstitusiya islahatları bu ölkədə siyasi səhnədə yeni böyük qarşıdurmaya yol açıb. Proseslər göstərir ki, xalq indiki iqtidarın hakimiyyətdə qalmasında yox, mümkün qədər tez getməsində israrlıdır. Elə bu səbəbdən konstitusiya islahatları əleyhinə başlanan aksiyalar getdikcə daha geniş vüsət almaqdadır.
İslahatlar əleyhinə ilk mitinq isə növbəti aksiyaların da hakimiyyətə ciddi problemlər yaradacağını göstərir. Qeyd edək ki, ilk mitinq Ermənistan Milli Konqresi, "İrs" partiyası, Ermənistan Xalq Partiyası və "Təsis parlamenti"nin tərəfdarları tərəfindən təşkil olunub. "Talana son!" təşəbbüs qrupunun üzvü Arşak Musaxyan mitinqin izdihamlı keçdiyini bildirib. Onun sözlərinə görə, son günlər paytaxtda xəbərdarlıq xarakterli bir sıra mitinqlər keçirilib: "Gümrüdəki mitinqdən sonra Ermənistanda vəziyyət dəyişib. Müxtəlif qruplardan müsbət rəylər alınıb, mən bunu sadə vətəndaşlarla söhbətlərimdən hiss edirəm".
O, mitinqin əsas məqsədinin parlamentdə konstitusiya islahatları ilə bağlı keçiriləcək səsverməyə təsir etmək olduğunu bildirib: "İslahatların lehinə səs verən deputatların fikirlərini dəyişəcəklərinə şübhəm yoxdur. Mitinq vasitəsilə onlara ictimai və psixoloji təzyiq edəcəyik, eləcə də onların fəaliyyətinə siyasi qiymət verəcəyik".
Qeyd edək ki, yaxın 2 həftə ərzində Ermənistan parlamenti binası qarşısında etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Ermənistan Milli Konqresi, "İrs" partiyası islahatlara qarşı "Yox" cəbhəsi yaradaraq ölkədə baş verəcək dəyişikliyə qarşı mübarizə aparırlar. Hərəkatın növbəti mitinqi yaxın günlərdə paytaxt Yerevanın mərkəzi meydanında keçiriləcək. "İrs" partiyasından deputat Zauri Postancyan hər kəsi konstitusiya islahatlarına qarşı çıxmağa və Serj Sarkisyan hökumətinin istefasını tələb etməyə çağırıb. Ermənistan Milli Konqresinin sədri Levon Ter-Petrosyan isə sözügedən islahatların dəyişiklik deyil, dövlətçiliyə zidd olan yeni konstitusiya olduğunu bildirib. Erməni politoloqları isə deyirlər ki, yeni konstitusiyanın qəbulu ilə ölkədə insan hüquqları məhdudlaşacaq.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan 21 avqustda parlamentə konstitusiyada islahatların keçirilməsi barədə layihə göndərib. Konstitusiyada dəyişikliklər layıhəsi Daimi Parlament komissiyası tərəfindən müsbət qarşılanıb və payız sessiyasının iclasında onun müzakirəsinə başlanılıb. Parlamentin layihəni qəbul edəcəyinə şübhə yoxdur. 2008-ci ildən Ermənistanda hakimiyyəti vətəndaşlarını öldürməklə qəsb edən Sarkisyan isə mövcud konstitusiyaya əsasən, 2018-ci ildə prezidentliyə namizədliyini verə bilməz. Buna görə də, o, yeni konstitusiyanın verdiyi imkanla baş nazir olaraq hakimiyyəti yenə idarə etmək iddiasındadır.
Yeni konstitusiya layihəsinə əsasən, deputatlar beş ilə seçilir, proporsional sistem əsasında keçirilən səsvermədə minimum 101 deputatın səs verməsi tələb olunur. Əgər seçkilər nəticəsində heç bir siyasi qüvvə parlamenti formalaşdırmağa müvəffəq olmursa, onda parlament seçkilərinin ikinci turu keçirilir, səslərin ən çoxunu yığmış iki partiya və ya partiya bloku iştirak edir. Parlamenti formalaşdıran partiyalar ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürməyə və hökumətin güman edilən proqramının əsas bəndlərini təqdim etmək hüququna sahibdir. Öz növbəsində, prezident 7 illik bir müddətə seçilir. Amma indiki halda 5 illik iki müddətə seçilmək mümkündür.
Qüvvədə olan sistemdən fərqli olaraq, yeni konstitusiya layihəsində prezident seçkiləri keçirilmir, dövlət başçısını parlamentin deputatları seçir. Prezidentliyə namizəd vermək üçün ümumi deputat seçicilərinin minimum beşdə bir hissəsinin səsi lazımdır. Yeni layihədə prezidentə ancaq səfirlərin təyinatı, diplomatik statusların, silahlı qüvvələrdə çalışanlara hərbi rütbələrin verilməsi və baş nazirin təyinatı ilə bağlı səlahiyyət verilir. Amma Konstitusiyanın indiki redaksiyasında prezident yuxarıda göstərilənlər və başqa təyinatlar üzrə müstəqil qərar qəbul edir. Yeni layihədə hərbi vəziyyətlər zamanı baş nazir Ali Baş Komandan olur. İndiki halda Silahlı Qüvvələrin Ali Baş Komandanı prezidentdir.
Bütün bunlar isə xalq tərəfindən narazılıqla qarşılanır. Elə bu səbəbdən nümayişlərin dalğası getdikcə genişlənir. Hökümət mitinqləri zor gücünə dağıtmağa çalışsa da, fəallar və siyasi qüvvələr geri çəkilmirlər. Nümayişçilərə qarşı zorakılıq artıq beynəlxalq miqyasda da narazılıq yaradır. Artıq Avropa İttifaqı Ermənistan hakimiyyətini baş verən hadisələrə səssiz qalmamağa, problemin aradan qaldırılması üçün tədbirlər görməyə çağırıb.
Yeri gəlmişkən qeyd edək ki, Avropada geniş oxucu kütləsinə malik "Eureporter" jurnalında da Ermənistanda insan hüquqlarının pozulması hallarının tənqid edildiyi məqalə dərc olunub. Burada Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən illik iclasında Sərhədsiz İnsan Hüquqları təşkilatının rəhbəri Villi Fautre tərəfindən açıqlanan Ermənistanda insan hüquqlarının pozulması ilə bağlı hesabata da yer ayrılıb. Hesabatda qeyd edilir ki, müstəqil məhkəmə hakimiyyətinin olmaması ölkədə insan hüquqlarının ümumi vəziyyətinin pisləşməsinin nümunələrindən biridir. Ermənistan QHT-lərinin qeyd etdiyinə görə vəziyyətin bu həddə çatmasının səbəbi ölkənin 2015-ci ilin əvvəlində Avrasiya İqtisadi İttifaqına qoşulmasıdır.
Avropa İttifaqı Ermənistan hakimiyyətini baş verən bu hadisələrə səssiz qalmamağa, problemlərin aradan qaldırılması üçün tədbirlər görməyə çağırıb. Təhlükəli faktlar Ermənistanın insan hüquqları üzrə ombudsmanı, həmçinin iki nüfuzlu beynəlxalq təşkilat - BMT və Venesiya Komissiyası tərəfindən qeydə alınıb. Villi Fautre isə Varşavada çıxışı zamanı Ermənistanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərə istinadən qeyd edib ki, icra və məhkəmə hakimiyyətləri arasında asılılığın olması sistematik problemləri üzə çıxarır. Əsasən, məhkəmə hakimiyyətinin müstəqil olmaması insan hüquqlarının pozulması hallarının kütləvi hal almasına səbəb olur. V.Fautrenin qeyd etdiyinə görə, eyni zamanda Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması insan hüquqları sahəsində pozulmaların artmasına gətirib çıxarır.
Bütün bunlar isə ölkədə hakimiyyətə qarşı nümayişlər dalğasının genişlənməsinə rəvac verir.
"Azərbaycan" qəzeti
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər