Rusiya-Türkiyə qarşıdurmasında "jurnalistlərin rolu" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-11-2015, 22:28 | Şərh sayı: (0) | Baxılıb: 280
Rusiya-Türkiyə qarşıdurmasında "jurnalistlərin rolu"
Türkiyə sərhədləri yaxınlığına Rusiya təyyarəsinin vurulması təkcə iki ölkə arasında yox, ümumilikdə regionda gərginliyi artırıb. ABŞ başda olmaqla Qərbin Türkiyəyə dəstək bəyanatı vermələri dünya gücləri arasında cəbhələşməni dərinləşdirib. Qütbləşmənin getdikcə dərinləşəcəyini, Rusiyanın da öz tərəfdarlarından ibarət bloku aktivləşdirəcəyi ehtimal olunur. Hadisənin üçüncü dünya müharibəsinin başlanmasına qədər inkişaf edəcəyini, yaxud artıq başlanmış müharibənin daha da genişlənəcəyini proqnozlaşdıranlar var. Tərəflərin barışa yox, qarşıdurmanı gücləndirməyə yönəlik bəyanatları buna misaldır. Ərdoğan Putini, o isə qarşı tərəfi ittiham edir.
Mövzuya kənar baxış yekcins deyil. Rusiyanı ittiham edənlər bu dövlətdən verilən bəyanatlardakı boşluqlara istinad edirlər. Məsələn, təyyarənin vurulmasına yönəlik etiraz bəyanatlarının birində qeyd edilir ki, bombardmançı təyyarə Türkiyə hava məkanından bir kilometr aralıda olub, Türkiyə üçün təhlükə yaratmayıb. Maraqlıdır, Suriya Rusiya sərhədlərindən az qala iki min kilometr aralıdadır. İki min kilometr uzaqlıqdakı terrorist qruplaşmanı özü üçün problem sayan Rusiya silahlı qüvvə göndərərək, nə vaxtsa onun sərhədlərinə çata biləcəyi ehtimal olunan təhlükəni yerindəcə boğmaq istəyir. Onda Türkiyə bir kilometrdəki təhlükədən niyə əndişələnməsin, buna cavab verməsin?
Türkiyə tərəfindən verilən bəyanatlarda da sistemsizlik və qeyri-reallıqlar tapılıb. Rusiya təyyarəsinin vurulmasının növbəti səbəblərindən biri kimi onun dinc türkmənləri bombaladığı göstərilir. Əgər Türkiyə üçün türkmən təəssübkeşliyi bu qədər ciddidirsə, Türkməndağın digər cinahında - Kərkükdə yaşanan faciələr zamanı silahlı müdaxilə nə üçün təxirə salındı?
Sualların sayı kifayət qədər çoxdur və yəqin ki, tərəflərin emosional ovqatı keçdikdən sonra hər birinə cavab veriləcək, baş verənlərdə məsuliyyət yükünə aydınlıq gətiriləcək. Böyük güclər böyük problemlər yaratdıqları kimi, böyük anlaşmaya gəlməyi də bilirlər. İndilik müşkül olan məsələ yaranmış cəbhələşmədə iştirak etməyən, neytrallığını qorumaq istəyənlər üçündür. Bu düşərgəyə daxil olan Azərbaycan üçün durum daha çətindir. Qarşı duranlardan bir yanda canbir, dinbir qardaş ölkə, digər yanda böyük qonşu və dünyada söz sahibi olan biri. Nəinki seçim etmək çətindir, bu qarşıdurmada yer almaq barədə düşünmək belə qeyri-rasionaldır.
Durumun ciddiliyini anlayanlar bayağı millətçilik ovqatından çıxmağı, qarşı duranlardan birinə dəstək verməkdən yayınıb ölkəmiz üçün məqbul addımları araşdırmağı təklif edirlər. Amma kimə "belə düşünmə", "belə yazma" deyəsən? "Belə yazma" demək yox, düşüncələri aydınladan, atılacaq addımları istiqamətləndirən, insanları inandıran tezislərin tapılıb təqdim edilməsinə zərurət var. Təəssüf ki, bu tezisləri tapmalı, media gündəminə təqdim etməli olanlar yenə susurlar. Dünən hadisə baş verən andan indiyədək "politoloq axtaran" onlarla jurnalistən yardım üçün müraciət almışam. Efir məkanını zəbt edən, danışmaq üçün növbə tutan "politoloqlar", "ekspertlər" indi əlçatmaz olublar. Ekstremal situasiyalarda telefonu söndürən, Feysbuku bloklayan, Tvitterdən üz çevirən, bir sözlə bütün kommunikativ əlaqələrdən yan durub, sanki, qeybə çəkilən bəzi dövlət qurumlarının mətbuat xidmətlərinin vərdişləri, indi bütün cəmiyyətə yoluxub. Yaranmış boşluğu Rəşad Məcid doldurmağa çalışıb. Siyasi partiyaların, araşdırma mərkəzlərinin, politoloq və ekspertlərin susqunluğunu görən "525-ci qəzet"in redaktoru bayağı təbliğata qarşı çıxıb, öz versiyasını irəli sürüb. Onun statusu yayılan andan tənqidlə üzləşib. Amma tənqid edilən təkcə Rəşad Məcid deyil. Hadisələr səngiyəndən sonra jurnalistlərin "Rusiya-Türkiyə qarşıdurmasına səbəb olduqlarına görə" ittiham ediləcəklərinə şübhə olmasın. Məqamında susanlar, vəzifəsindən yayınanlar yox, cəmiyyəti xəbərsiz qoymamaq üçün əlinə düşəni yayan jurnalistlər günahkar bilinəcək.
Müşfiq Ələsgərli
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər