Azərbaycanlı deputatlardan şərh: "Elə etməyək ki, Rusiya bizə..." |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-11-2015, 22:23 | Şərh sayı: (0) | Baxılıb: 279
Azərbaycanlı deputatlardan şərh: "Elə etməyək ki, Rusiya bizə..."
Ötən gün Türkiyə tərəfindən Rusiyaya məxsus "Su-24" hərbi təyyarəsinin vurulması hadisəsi dünya gündəminin əsas müzakirə mövzusudur. Artıq dünya liderləri baş verən hadisəyə reaksiya bildiriblər.
Hadisə həmin ölkələrdə müzakirə olunmaqla yanaşı, Azərbaycanda da böyük həyəcanla qarşılanıb. Belə ki, informasiya portallarında, sosial şəbəkələrdə bir çoxları Türkiyənin haqlı mövqedə olduğunu vurğulayır, bir qismi isə bununla razılaşmadığını bəyan edir.
Ixlas.Az bildirir ki, "Qafqazinfo" bu məqamda bir neçə millət vəkilindən də baş verən olaya münasibət öyrənib və yaranmış gərginliyin Azərbaycana hansı təsirlərinin ola biləcəyini soruşub.
Millət vəkili Zahid Oruc hadisəni mənfi dəyərləndirdiyini qeyd edib: "Təəssüf ki, son gündə Azəbaycan informasiya məkanına türkmənlərlə bağlı o qədər xəbərlər yeridildi ki, patriotlar məsələnin məğzinə varmadan bayram əhval-ruhiyyəsində az qala yuz illər öncə Türkiyə ilə Rusiya arasında baş verən müharibələrin şövqünü yaşadılar. Reallıqda isə, hadisələr çox mənfi və təhlükəli istiqamətdə hərəkət edəcək. Artıq Rusiyada bunun simptomları da var. Bu ölkədə çalışan türk mənşəli kampaniyalara qarşı kəskin təzyiqlər, hücumlar, əmlak yağmalanmaları, maddi ziyan vurmalar başlayıb. Mümkündür ki, fiziki qətl də olacaq. Dövlət öz atacağı addımları qət edənədək vətəndaşlar qisas kimi əvəzini çıxmağa çalışacaqlar. Artıq bunu arxadan vurulmuş zərbə kimi dəyərləndirirlər. Həqiqətdə Türkiyə böyük bir avantüraya itələnmiş oldu. Rusiyanın cavab zərbələri nə qədər amansız olacaqsa, bu iki dövlət arasındakı münasibətlərin regional səviyyədə böyük bir ziyanları formalaşacaq. Bu zaman da Azərbaycana müəyyən mənfi təsirlər ola bilər.
Rusiya PKK yaraqlılarının daha da böyük qüvvəylə İŞİD əleyhinə mübarizəsini gücləndirəcək. Bu həm də Türkiyə əleyhinə həmin qüvvələrinin savaşına dəstək verməyə bərabərləşəcək. İkincisi, Türkiyənin turizm sahəsinə zərbələrin vurula biləcəyi də ehtimal edilir. Bunun bəyanatlarını Sergey Lavrovun sözlərində də görmək mümkündür. Üçüncüsü, bu ölkə ilə olan qaz razılaşmaları üzərindən çox böyük suallar yaranacaq. Rusiya ilə Türkiyənin mövqelərinin ayrılması iki ölkə arasında düşmənçilik etmək istəyən dairələrin əlinə işləyəcək. Dördüncüsü, atom enerji stansiyasının tikilməsi ilə bağlı vəsaitlərin xərclənməsi ilə bağlı böyük layihələr var. Bu layihələrin üzərində də ciddi problemlər yaranacaq. Bir sözlə, Rusiyanın tamamilə imkanı olacaq ki, bu hadisəni Türkiyənin İŞİD-lə birgə olduğunu, Əsəd əleyhinə koalisiya quran dövlətlərin Suriyada və ya İraqda terroru bilavasitə müdafiə etdiyini ortaya gətirsin. Ən böyük təhlükələrdən biri də açıq-aşkar erməni amilinin də gücləndirilməsi olacaq. Bu həm Türkiyənin, həm də Azərbaycanın ziyanına işləyər. Türkiyə və Rusiya tarixdə 13 dəfə müharibə ediblər. Bunun nəticələrindən Qafqaz regionu həmişə əziyyət çəkib. Qardaş dövlət olsaq da, bu məsələyə soyuq münasibət sərgiləməliyik".
Millət vəkili Fəzail Ağamalı qeyd edib ki, Türkiyənin vermiş olduğu məlumatlar sübut edir ki, Rusiyaya məxsus olan hərbi təyinatlı təyyarə həmin ölkənin sərhədini pozub: " Bu kifayət qədər inandırıcıdır. Bundan öncə bir neçə dəfə Rusiya tərəfindən Türkiyənin hava sərhədləri pozulub. Ortada Türkiyənin xəbərdarlıqları mövcud idi. Hətta Rusiyanın Türkiyədki səfirliyi çağrılaraq xəbərdarlıq edilmişdi. Bütün bunlara baxmayaraq Rusiya sanki dünyaya meydan oxumaqdadır. Rusiya Türkiyənin xəbərdarlıqlarına məhəl qoymadan beynəlxalq hüququn qadağan etdiyi davranışları nümayiş etdirməkdədir. Türkiyə haqlı olaraq son xəbərdarlıqdan sonra bu addımı ataraq hava məkanını bir dövlət kimi qoruyub. Mənə elə gəlir ki, Rusiyanın hava məkanına hər hansı bir təyyarə daxil olsaydı, Rusiya da eyni şəkildə addım atardı. Rusiyanın indi hər hansı şəkildə özünə haqq qazandırması, guya sərhədin pozulmamasına dair dediyi fikirlərin əsası yoxdur. Dünən Türkiyə kanallarında xəritəni ortalığa qoydular, dəqiqliklə koordinatları göstərdilər".
Onun sözlərinə görə, məsələyə Rusiya tərəfindən kəskin reaksiyalar verilib: "Türkiyəyə qarşı kəskin bəyanatlar səslənməkdədir. Dünən Rusiyanın birinci kanalında böyük isterika hökm sürürdü. Vaxtilə Çeçenistanda gedən döyüşlərdə yaralanan çeçenlərin Türkiyə xəstəxanalarında müalicəsinə qədər kadrları ortalığa qoydular. Türkiyə ciddi ideoloji ittihamların qarşısındadır.
Bunun Azərbaycana təsirinə gəlincə isə, biz çalışmalıyıq ki, bütün məsələlərdə neytral qalaq. Qardaş Türkiyə də başa düşər ki, biz bu nəhənglərin arasına girməməliyik. Elə etməyək ki, Rusiya bizə aqressivliyini göstərə bilsin. Hazırda qızışmış, dünyaya od-alov saçan qüvvələrin ortasında qalmamalıyıq. Onların hər hansı birinin tərəfində olmamalıyıq. Bu mənim gəlmiş olduğum qəti qənaətdir".
Millət vəkili Elmira Axundova belə bir hadisənin baş verdiyinə təəssüfləndiyini vurğulayıb: "Türkiyə-Rusiya arasında hər hansı hadisə baş verəndə bu, əlbəttə ki, Azərbaycana toxunmaya bilməz. Çünki Türkiyə bizim qardaş ölkəmizdir. Mən həmişə Türkiyənin tərəfindəyəm. Türkiyə olmasaydı, bizim müstəqilliyimiz sual altında olardı. Naxçıvanı saxlaya bilməzdik. Türkiyə hər an bizim müstəqilliyimizin keşiyində durur. Rusiya da bizə qonşu dövlətdir. Orada bizim iki milyona qədər soydaşlarımız yaşayır. Ona görə bizim durumumuz çox çətindir. Mənə elə gəlir ki, biz bu məsələdə neytrallığımızı saxlamalıyıq. Hələ ki bu, bizə bilavasitə toxunmur, sərhədlərimizdən uzaqdır. Hər iki tərəfi sülhə, konflikti dərinləşdirməməyə çağırmalıyıq. İnanmıram ki, Rusiya Türkiyəyə qarşı nəsə elətdirə bilər. Türkiyə NATO-nun üzvüdür.
Bundan əlavə, Rusiyanın Suriyanın bombardman etməsinin axırı yoxdur. Elə bilirsiniz ki, tək terrorçular həlak olur? Bombardmanlar nəticəsində 15 minə yaxın insan həlak olub. Onun içərisində qadınlar, uşaqlar, İŞİD-in saxladığı insanlar da var. Sülh yolunun alternativi yoxdur. Nə qədər başqa ölkəni bombardman etsən də, gərək axırda danışıqlar yolunu seçəsən. Türkiyə və Rusiya danışıqlar apararaq bu insidenti sülh yolu qapatmalıdır".
"Hamı həyəcanla soruşur ki, Türkiyənin Rusiya təyyarəsini vurmasının nəticələri nə ola bilər? Nəticəni proqnozlaşdırmaq nə qədər çətin olsa da, anlaşılan bir məqam var ki, Türkiyə Suriya siyasətində aktiv mövqeyə keçmək üçün Rusiyanın təxribatından faydalanmağa üstünlük verdi".
Bu sözləri isə millət vəkili Fazil Mustafa sosial şəbəkədə hadisəyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, onsuz da türkmən məsələsinə görə artıq bu iki dövlətin üz-üzə gəlməsi qaçılmaz idi: "Bu üz-üzə gəlmə Suriya sərhədləri içində olsaydı, NATO-nu bu qarşıdurmada tərəf cinahında görmək xeyli çətin olacaqdı. Təyyarə NATO-ya üzv olan dövlətin ərazisini pozduğuna görə vurulmuşsa, o zaman 5-ci maddənin avtomatik tələbləri yerinə yetirilməli və ümumi olaraq NATO hüdudlarına müdaxilə kimi dəyərləndirilməlidir.
Türkiyə İraqda Tel Aferdən İŞİD tərəfindən sıxışdırılıb çıxarılan türkmənlərə görə qəti addım atmasa da, Suriya türkmənləri üçün ona görə qəti mövqe ortaya qoyur ki, Türkməndağı itirildikdən sonra Rusiya və İran gücləri birbaşa Türkiyə ilə sərhədə nəzarət edə bilirlər, artıq Türkiyə Suriyada aktiv aktor olmaqdan çıxır. Eyni zamanda gələcəkdə kürdlərin Aralıq dənizinə çıxması üçün əsas əngəl ortadan qaldırılır və burada dənizə açılan Kürd dövlətinin yaranması riski daha da böyüyür.
Son vaxtlar Rusiya ümumiyyətlə Türkiyə ilə məsxərə üslubunda davranırdı və Türkiyənin uzun müddət bu davranışı həzm etməsi mümkün ola bilməzdi. Fikrimcə, bu riskli addımdan sonra Türkiyə Rusiya təyyarəsinin hava sərhəddini pozması ilə bağlı sübutların geniş təbliğatına başlamalıdır və ən azı, NATO-nun, xüsusilə də ABŞ-ın dəstəkverici mövqeyini gücləndirməlidir. Ümid edək ki, faciəli nəticələr olmaz, ancaq bəzən qüruru qorumaq üçün özündən güclüyə birinci yumruq atmalı olursan".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər