Ümumdünya ədalət hökumətinin fəlsəfəsi |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 27-01-2016, 17:38 | Şərh sayı: (0) | Baxılıb: 344
Ümumdünya ədalət hökumətinin fəlsəfəsi
Sual: Ümumdünya ədalət hökumətinin zəruriliyi fitrət yolu ilə necə sübuta yetir?
Cavab: Bəşəriyyətin xilaskarının zühuruna inam bütün insanlarda mövcuddur. Belə bir düşüncə əsl insani xarakterdən qaynaqlanır. Çünki bəşəriyyət fitrətən əhatəli kamilliyə çatmaq istəyindədir. Bəşəriyyət bilir ki, belə bir kamal yalnız tövhidi ədalət hökumətinin sayəsində gerçəkləşə bilər.
Şəhid Sədr buyurur: “Mehdiyə (ə.f) etiqad təkcə dini çalarlı İslami bir inanc deyil. Bu inanc müxtəlif din və firqələrdən olan insanların arzu-istəklərinə cavab verir. Bu inam xalqın fitri ilhamının təcəllasıdır. İnsanlar aralarındakı əqidə və məzhəb ixtilaflarına baxmayaraq inanırlar ki, yer üzündə vəd olunmuş gün çatacaq və səmavi risalətlərin (missiyaların) son məqsədi həyata keçəcək...”[1]
Dəlillər fitrəti müxtəlif bəyanlarla məlumatlandıra bilər:
Birinci bəyan: a) İnsan öz daxilində ümumdünya tövhidi ədalət hökumətinə ehtiyac duyur; b) Bu hökumət mövcud olmalıdır. Bu həqiqətə olan meyl təyindirsə, şübhəsiz ki, təyin olunan da olmalıdır; v) Bu həqiqətin kamil nümunəsi İmam Mehdinin (ə.f) hökumətidir.
Nəticə: Ümumdünya ədalət hökuməti zərurətdir.
İkinci bəyan: a) İnsan dünyanın bugünkü vəziyyətindən məyus olub üstün bir hökumət ümidi ilə yaşayır; b) Belə bir ümid uyğun hədəfin gerçəkləşməsi üçün dəlildir.
Nəticə: Ümumdünya ədalət hökuməti zərurətdir.
Üçüncü bəyan: a) İnsan fitrətən zülmə nifrət edir; b) İnsan nifrət etdiyi şeyin məhvindən şadlanır; v) Bəşər təklikdə bu işin öhdəsindən gələ bilməz.
Nəticə: Proqram və işində zülmdən əsər-əlamət olmayan hökumətin bərpası zəruridir.
Sual: Ədalət istəyi fitrətdəndirmi?
Cavab: Nəzər sahibləri arasında belə bir suala cavab axtarılır ki, şəxsi mənafelərdən uzaq ədalət istəyi fitri olaraq insanın daxilində mövcuddurmu?
İslamın nəzərincə, insanın daxilində ədalət istəyi mövcuddur. Hətta mənafelər təmin olunmasa da, bu istək yerində qalır. Əgər insan düzgün tərbiyə olunsa, o, özü ədalət sorağında olar. Bu müddəanın sübutu üçün varlığını ədalət yolunda qurban vermiş insanları göstərmək olar. Ədalət onların şəxsi mənafelərinə zidd olduqda belə, uyğun yoldan çəkinməmişlər.
Əksinə, əksər Qərb filosofları belə düşünürlər ki, insanın batinində belə bir istək yoxdur. Elə bu fikirlə də dünyanı müharibə alovuna qərq etmişlər. Onlar bildirirlər ki, ədalət zəif kişilərin uydurmasıdır. Guya zəif kişilər güclü kişilərlə baş-başa gəldikdə çarəsiz qaldıqlarından ədalət sözünü ortaya atıb canlarını qurtarmaq istəyirlər. Onlar öz fikirlərinə belə bir dəlil göstərirlər ki, hətta ədalət tərəfdarı olan şəxs qüdrət əldə etsə, o da başqaları kimi hərəkət edəcək.
Məşhur alman filosofu Nitsşe yazır: “Çox olub ki, zəiflərin haqq-ədalətdən dəm vurduğunu görüb gülmüşəm. Baxıb görürəm ki, onlar yalnız pəncələri olmadığı üçün ədalətdən danışırlar. Deyirəm: Ey çarəsiz! Əgər sənin pəncən olsaydı, heç vaxt belə sözlər danışmazdın”.
Bu zümrə özü də iki hissəyə ayrılır: Onların bir dəstəsi deyir ki, ədalət bir arzu olaraq soraqlanmamalı, insan güc-qüvvə axtarışında olmalıdır. Digər bir qrup isə belə düşünür ki, yalnız fərdi mənafeni qorumaq xatirinə ədalətə üz tutmaq lazımdır. Guya ədalət fitri istək deyil. Bertrand Rassel bu zümrəyə məxsus alimlərdəndir.
Amma bütün bu sözləri bir kənara qoyub fitrətimizə müraciət etsək, görərik ki, ədalət bəşər fitrətindən doğan mövzulardandır.
Ədalət istəyinin fitri olmasını bir neçə yolla sübut etmək olar:
1. Batinə diqqət və psixoloji durumların araşdırılması; Çünki fitri meyllər insanın ruhundan qaynaqlanır, ruha aid olan bir hadisədir.
2. Psixoloji fəaliyyətlər və bu fəaliyyətlərlə bağlı rəftarların araşdırılması ilə məşğul olan psixoloqların mülahizələrinə müraciət etməklə.
Sual: Ümumdünya ədalət hökumətinin zəruriliyini fəlsəfi dəlillərlə sübut etmək olarmı?
Cavab: İslam fəlsəfəsi təbiət aləmində “qəsre-daim” və “qəsre-əksəri” müddəalarını mümkünsüz sayır.
“Qəsre-daim” dedikdə varlıq aləmindəki həqiqətlərdən birinin öz ömür dönəmində hansısa təbii xüsusiyyətdən məhrum olması başa düşülür. Məsələn, od yansın, amma onun heç bir istiliyi olmasın. Başqa bir misal: yaşadığımız dünyada elə bir güc olsun ki, yaranışdan bu günədək odun istiliyinin qarşısını alsın. İslam bütün bunları mahal, mümkünsüz sayır. Belə bir hadisənin mümkünsüzlüyü fəlsəfədə sübuta yetirilmişdir.
“Qəsre-əksəri” dedikdə isə təbiətin öz ömrünün əksər dövründə zati səciyyələrdən məhrumluğu nəzərdə tutulur. Fəlsəfədə bu da mümkünsüz sayılmışdır. Varlıq aləmində qanun şəkli almış bu fəlsəfi baxışdan məlum olur ki, zülm-sitəm daimi deyil və bəşər tarixində onun ədalətlə əvəz olunacağı bir gün var.
Bu fəlsəfi baxışa əsasən, bəşəriyyətə ömür boyu zülm edilməsi mümkünsüzdür. Demək, bəşəriyyət üçün xoş gün gələsidir. Şübhəsiz, elə bir gün gələcək ki, bəşəriyyət vəhşilərin əsarətindən qurtulacaq və ətrafındakıların mehr-məhəbbət kölgəsində ömür sürəcək.
Sual: Ümumdünya ədalət hökumətinin zəruriliyini təkamül yolu ilə necə sübut etmək olar?
Cavab: İnsan kamala çatmaq istedadı və xüsusiyyəti olan rüşеym kimidir. Ondakı daxili istedadların çiçəklənməsi üçün xarici amillərə ehtiyac var. İnsanın təkamülü hərtərəfli olduğundan zaman ötdükcə onun təbiət və cəmiyyətə bağlılıqları azalır, iman və əqidəyə bağlılığı isə güclənir. Bu yolu tədricən adlayan insan gələcəkdə mənəvi azadlığa çatır, yəni əqidə və imana sıx bağlanır.
Bu baxışa əsasən, daxili ziddiyyət insanın xüsusiyyətidir. Onun maddi və mənəvi meylləri arasında qarşıdurma var. İnsanın daxilindəki çəkişmə istər-istəməz cəmiyyətdə qruplar arasındakı çəkişməyə çevrilir. Bir cəbhədə kamil insan, digər bir cəbhədə qeyri-yetkin insan!
Nəticə: Bəşərin qeybi bir qüvvəyə, ilahi rəhbərə ehtiyacı var. Bəşəriyyət belə bir rəhbərin yardımı ilə yer üzündə ədaləti, tövhidi, kamilliyi genişləndirib, müxalif qüvvələri aradan götürə bilər.
Sual: Ümumdünya ədalət hökumətinin zəruriliyini əqli dəlillərlə sübuta yetirmək olarmı?
Cavab: Ayə və rəvayətlərə əsasən, insan əbəs yaradılmamışdır. Onun yaranışında xüsusi bir məqsəd izlənilmişdir. Bu məqsəd insanın kamilliyə çatması, yəni ilahi görüşə nail olmasıdır. Belə bir məqam isə hərtərəfli yəqinlik və bəndəliklə əldə olunur.
Kəlam elmində sübuta yetirilmişdir ki, Allahın lütfü bir zərurətdir. Lütf prinsipinə əsasən, Allah-taala yaranış məqsədindən yayındıran işləri aradan götürməli, ali məqsədə doğru yol açmalıdır. Keçmiş tarixə müraciət etməklə öyrənirik ki, belə bir məqsəd bütün bəşər cəmiyyətləri üçün külli şəkildə gerçəkləşməmişdir. Nəticə alırıq ki, yaranış məqsədini gerçəkləşdirmək üçün Allah zəmin yaratmalıdır. Bu zəmin isə bütün yer üzünü bürüyəcək ədalət hökumətinin təşkilidir. Həmin hökumət ali məqsədə çatmaqda bəşəriyyətə yardım göstərməlidir.
Sual: Ümumdünya ədalət hökumətinin zəruriliyini tarixi hadisələrə istinad etməklə sübuta yetirmək olarmı?
Cavab: Keçmiş və müasir tarixə müraciət etdikdə məlum olur ki, bəşəriyyət tarix boyu müxtəlif zülm-sitəmlərə, qətl-qarətlərə düçar olmuşdur. Xüsusilə də müvəhhid (təkallahçı) insanlar həqiqətin müdafiəsində suçlanaraq müxtəlif şəkillərdə incidilmişlər.
Qurani-Kərim «Uxdud əshabı» haqqında söz açır. Bildirilir ki, müxaliflər böyük bir xəndək qazıb onda yetərincə əzəmətli bir tonqal qaladılar. Onların məqsədi möminləri və müvəhhidləri diri-diri bu odda yandırmaq idi.[2]
Tarixdə oxuyuruq ki, Misir fironu yalnız yuxusuna əsaslanaraq neçə böyük cinayətlərə əl atdı. Yuxusundan əndişələnən bu kəs öz vücudunu qorumaq üçün misilsiz cinayətlər törətdi.
Tarixin digər bir səhifəsində Həccac ibn Yusif Səqəfi haqqında danışılır. O, İraqda 20 illik hakimiyyəti dövründə dəhşətli cinayətlər törətdi.[3]
Birinci dünya müharibəsində günahsız insanlar amansızlığa düçar oldu. Rəsmi statistikaya görə isə bu müharibədə öldürülənlərin sayı 22 milyona çatmışdır. Çox keçməmiş ikinci dünya müharibəsi başladı. Bu müharibə 70 milyon insanın həyatına son qoydu.
Əlcəzairin işğalı zamanı fransalılar 2 milyondan artıq müsəlmanı qətlə yetirdilər. Vyetnam müharibəsində yüz minlərlə günahsız insan amerikalılar tərəfindən öldürüldü.
Ötən 50 ildə İsrail qəsbkarlarının çəkişmələri altında yüz minlərlə fələstinli öldürüldü, yaralandı və ev-eşiyindən didərgin düşdü.
Bəşəriyyətin gələcəyini, müxtəlif millətlər arasındakı düşmənçilikləri bir qədər araşdırsaq, bəşəriyyəti necə böyük bir təhlükə gözlədiyinə şahid olarıq. Bu gün bir çox ölkələr bir-birlərini məhv etmək üçün kütləvi qırğın silahları hazırlayır. Bu silahlar yer kürəsini bir neçə dəfə məhv etmək üçün bəsdir. Samuyel Hantiqton kimi Amerika ideoloqlarının hazırladığı mədəniyyətlərin savaşı proqramı Amerika siyasətçiləri üçün başlıca plan olmuşdur. Bütün bunları nəzərə aldıqda bəşəriyyət hansı gələcəyə ümid edə bilər? Uyğun problemlərin həll yolu nədir?
Görəsәn, bəşəriyyət öz gücü ilə bütün dünyanı səadətə çatdıracaq proqram hazırlayıb onu həyata keçirə bilərmi? Şübhəsiz, bu mümkünsüzdür. Çünki bu vaxtadək həmin iş görülməmişdir. Bundan sonra da insan Allah-taalanın göstərişləri və qeybi məlumatlar olmadan bir şey bacarmayacaq. Nəzərdə tutulan xoşbəxtliyə çatmaq üçün Allah tərəfindən qeybi bir xilaskarın gəlişi, bəşəriyyəti mövcud bəlalardan xilas etməsi zəruridir. Bu şəxs zühuru vəd olunmuş İmam Mehdidir (ə.f).
Sual: Bəşəriyyәtin qeybi yardımlara ehtiyacı varmı?
Cavab: Bəziləri elə düşünürlər ki, bu gün elmi-texniki tərəqqiyə nail olmuş bəşəriyyətin qeybi yardımlara ehtiyacı yoxdur.
Amma bilməliyik ki, bəşəriyyətin büdrəmələrinin mənşəyi təkcə nadanlıq deyil. Əgər problemləri doğuran təkcə nadanlıq olsaydı, elm və texnika köməyə gəlib bəşəriyyəti xilas edə bilərdi. Amma mövcud çətinliklərin məlumatsızlıqdan əlavə də amilləri var. Zaman ötdükcə problemlərin artımı uyğun yardımlara ehtiyacdan danışır. Bəşəriyyətə problem yaradan digər amilləri nəzərdən keçirək: cilovlanmamış nəfs istəkləri, şəhvət və qəzəb, tamahkarlıq, vəzifəpərəstlik, komfort istəyi, bir sözlə, bugünkü bəşəriyyəti yolundan azdıran mənafepərəstlik! Bu gün elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Elm öz-özlüyündə işıq olsa da, bu işıqdan hansı yolda istifadə olunması mühümdür. Elm hədəfi müəyyənləşdirmir. O, məqsədə çatmaq üçün sadəcə bir vasitədir.
Vil Dorant deyir: “Biz texnika baxımından güclənmiş, məqsəd baxımından yoxsullaşmışıq”.[4] Elm və texnologiya dövrünün insanı şəhvət və qəzəb baxımından qədim insanlardan fərqlənmir. Elm nəfs azğınlıqlarının qarşısını ala bilməmişdir. Elmi inkişaf faşizmin mahiyyətini dəyişə bilməmiş, əksinə, primitiv qılıncdan atom bombasına çevrilərək çirkin məqsədlərin həyata keçməsi üçün vasitə olmuşdur.
Rassel deyir: “Hazırkı dövr elə bir dövrdür ki, heyrət hissi zəifliklə birlikdə hamını bürümüşdür. Elə bir savaşa doğru hərəkətdəyik ki, təqribən, kimsə onu istəmir. Elə bir savaş ki, bəşər növünün böyük bir hissəsini yoxluq aləminə göndərəcək...”[5]
İnsan maddi və zahiri amillər əsasında mühakimə aparsa, bu bədbinliklərə haqq qazandırar. Bu bədbinlikləri aradan qaldırmaq üçün isə qeybi yardımlara iman zəruridir. Belə bir inam bədbinliyi nikbinliklə əvəz edir və insan inanır ki, bəşəriyyətin səadət, rifah və kamilliyi, əmin-amanlığı gələcəkdədir və bəşəriyyətin yolunu gözləyir.
Bəli, ilahi məktəbdə tərbiyə almış şəxs belə deyir: Ola bilməz ki, dünya bir neçə dəlinin əli ilə viran qoyulsun. Dünya təhlükə qarşısındadırsa da, Allah keçmişdə möcüzə göstərib bəşəriyyətə yardım etdiyi kimi indiki şəraitdə də ağılları heyran qoyacaq iş görməklə öz xilaskarını göndərəcək...
Şəhid Mütəhhəri buyurur: “Bu düşüncə hər şeydən öncə təbiət aləmindəki gedişata, tarixi təkamülə, gələcəyə inamdan, bəşəriyyətin xoş gələcəyinə nikbinlikdən doğur...”[6]
Sual: Nə üçün peyğəmbərlərin dövründə ümumdünya ədalət hökuməti qurulmayıb?
Cavab: Bu sual başqa şəkildə də verilə bilər: nə üçün ümumdünya ədalət hökuməti bəşər tarixinin sonunda gerçəkləşəcək? Görəsən, bu iş təsadüfidir, yoxsa nəyəsə əsaslanır? Deyə bilərik ki, fərdin təkamülü və nəticədə ədalətli hökumətin qurulması üçün iki əsas amil gerçəkləşməlidir:
1. Xarici amil: Cəmiyyətin hər bir üzvü yaranış məqsədi olan ədalət və kamalın mənasını anlamalıdır. Eləcə də, bu məqsədə aparan yol tapılmalıdır. Nə qədər ki, bəşər düşüncəsi bu həqiqətləri anlamır, düzgün məqsədə çatmaq üçün peyğəmbərlərə möhtacdır.
2. Daxili amil: Bu böyük məsuliyyət və hədəfi dərk edəcək düşüncə. Belə bir məqsədə çatmaq üçün insan vücudunda şüur yetkinləşməlidir. Şüurun yetkinləşməsi üçün isə növbəti şərtlər ödənməlidir:
a) Ağıl, Allaha itaətin, Allaha münasibətdə xüzu və xüşunun (mütiliyin) əhəmiyyətini dərk etməlidir;
b) Allaha itaət fərdin, cəmiyyətin ədalətə çatması, cəmiyyətdə mütləq ədalətin yaranması üçün zamindir;
v) İnsan ədalət və onun təsirlərini bilməlidir.
Bu daxili amil bir neçə yolla ödənə bilər:
1) Uyğun iman və ixlas cəmiyyətdəki fərdlərdə möcüzə şəklində yaranmalıdır.
Belə bir ehtimal möcüzə qanunu ilə uyğun gəlmir. Çünki möcüzənin əhatəsi məhduddur. Hansı ki məqsədə çatmaq üçün möcüzədən başqa digər yollar var. Uyğun tələb insan tərəfindən azad, ixtiyari şəkildə ödənməlidir. İnsanın kamilliyi onun ixtiyari şəkildə gördüyü işdən asılıdır. Möcüzə isə deyilənlərə ziddir.
2) Bəşəriyyət heç bir məcburiyyət olmadan ali düşüncəyə çatmalıdır ki, Allahın rəhbərliyi altında uyğun ali məqsədi həyata keçirə bilsin.
Bəşəriyyətin mövcud xüsusiyyətlərini araşdırdıqdan sonra belə bir nəticəyə gəlirik ki, hələ ki insan nəzərdə tutulan kamil məqsədi dərk edəcək düşüncəyə çatmamışdır. Çünki o yarandığı gündən kamil ədalətin tətbiqi üçün zəruri olan iki şərtə malik deyil: Kamil formada ədaləti tanımaq; həqiqəti tanıdıqdan sonra onun həyata keçirilməsi üçün fədakarlıq hazırlığı.
Hətta bəşəriyyət kamil ədaləti tanısa da, hələ ki bu məqsədə çatmaq üçün praktiki hazırlığa malik deyil. Çünki ən üstün dövrlərdən olan Peyğəmbər (s) dövründə də İslam yolunda fədakarlıq məsələsində səhabələrlə problemlər olmuşdur.
Allah-taala səhabələrdən bəzilərinə etirazla buyurmuşdur: “Ey iman gətirənlər! Nə üçün sizə “Allah yolunda cihada doğru hərəkət edin” deyildikdə ağırlaşırsınız?!
Yoxsa axirət əvəzinə dünya həyatı ilə razılaşmısınız?! Hansı ki dünya həyatı matahı axirətlə müqayisədə cüzidir”.[7]
Belə bir nəticəyə gəlirik ki, hələ ki bəşəriyyət ümumdünyəvi bir hökumətin təşkilinə hazır deyil və xilaskarın zühuru üçün şərait yaranmamışdır.
Seyid Rza Sədr deyir: “Bir gün gələcək ki, bəşəriyyət güclü və agah rəhbərliyin hakimiyyəti altında yaşamaq qabiliyyəti əldə edəcək. Belə bir qabiliyyət onun təkamülündən ibarətdir. Kamilləşməmiş bəşəriyyətin ədalətli hakimiyyət altında yaşamaq ləyaqəti yoxdur. Əslində belə bir toplum ədalətli hakimiyyəti qəbul etmir. Uyğun hakimiyyətin zorla qəbul etdirilməsi yetərsizdir. Zülm-sitəm ədalət üçün nərdivan ola bilməz. Zülmlə qurulan hakimiyyət ədalətli deyil. Onun yalnız adı ədalətli ola bilər. Naqis bəşəriyyət ədalətli hakimiyyəti qəbul etmir. O, belə bir hakimiyyətdən uzaq olmaq istəyir. İmam Əli (ə) buyurmuşdur: “Bu xalq məndən yorulub, mən isə bu xalqdan”. Sonra İmam (ə) ədalətdən qaçan xalqa nifrin edərək buyurmuşdur: “Pərvərdigara, məni onlardan al”. Ədalətli hakimiyyət xalqın razılığı ilə qurulmalıdır. Xalq belə bir hakimiyyətin sorağınca gəzməlidir. Ədalətli hakimiyyət istəyən insanlarda heyvani sifətlər insani sifətlərin kölgəsində qalır”.[8] Rəvayətlərdə isə digər bir nöqtəyə işarə olunmuşdur. İmam Baqir (ə) buyurur: “Bizim dövlət və hakimiyyətimiz sonuncu dövlət və hakimiyyətdir. Hakimiyyət heç bir ailə üçün əbədi deyil. Yalnız bizdən öncə hakimiyyətə çatıb onu başa çatdıranlar istisnadır. Əgər hakimiyyətdə bizim yolumuzu müşahidə etsələr, deməsinlər ki, əgər biz də hakimiyyətə çatsaydıq, bu sayaq rəhbərlik edərdik. Allah-taalanın “Аqibət pəhrizkarlar üçündür” buyuruğuna işarə olunur”.[9]
Sual: Bu dünyada ədalətli hökumətin qurulmasına hansı zərurət var?
Cavab: Bəziləri ümumdünya ədalət hökumətinin zəruriliyinə inandıqdan sonra deyirlər: “Əgər axirət aləmində ədalət əhatəli şəkildə bərpa olunacaqsa, bu dünyada belə bir hökumətin təşkilinə nə ehtiyac var?”
Bu irada cavab olaraq belə deyə bilərik:
1. İbadət və Allahla görüşə yetişmək yaranış hədəfi sayılmışsa, demək, belə bir hökumət dünya həyatı başa çatmamış yer üzündə gerçəkləşməlidir.
2. Bəşəriyyətin belə bir hökumətə fitri meyli var. Buna görə də uyğun hakimiyyət dünya həyatında qurulmalıdır.
3. “Qəsre-daim” və “qəsre-əksəri” (daimi və əhatəli zülm) mümkünsüz olduğundan insan təbiət aləmində özü üçün zülm-sitəmin olmadığı, əhatəli və ədalətli bir hakimiyyət görməlidir.
4. Təkamül insan üçün axirət aləmində yox, bu dünyada qiymətlidir. İnsan fitrətən kamillik sorağında olduğundan kamilliyə hərəkət üçün şərait olmalıdır. İmam Mehdinin (ə.f) zühuru dövründə belə bir şərait yaranacaqdır.
Sual: Elm, ağıl və təcrübə olan yerdə imama nə ehtiyac var?
Cavab: Bəziləri düşünürlər ki, elm və texnika əsrində rəhbərə ehtiyac yoxdur. Onların nəzərincə, bəşəriyyət günbəgün müstəqilləşir və kamilləşir, onun qeybi yardımlara ehtiyacı azalır, ağıl və elm tədricən boşluqları doldurur...
Əslində isə elm və texnika əsrində bəşəriyyət üçün daha böyük təhlükələr yaradır. Əsas təhlükə tamahkarlıq, məqampərəstlik, bir sözlə, nəfsə itaətdən doğur. Məgər elm və texnikanın inkişafı insanlardakı təqva, haqpərəstlik, iffət meyllərini təmin edə bilirmi? Əslində iş tamam başqa cürdür.
Bugünkü elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Nə üçün belə olub? Belə cavab vermək olar ki, elm həqiqətən də, çıraq, işıqdır. Əsas məsələ odur ki, bəşəriyyət bu çıraqdan hansı yolda istifadə edir. Öz məqsədinə çatmaq üçün elm və texnikadan yararlanan bəşəriyyətin məqsədi nədir? Əgər bəşəriyyət yanlış bir yol tutarsa, bu çıraq ona nə dərəcədə faydalı ola bilər? Elm insana doğru yol göstərməkdə acizdir. Bu dinin işidir. Elm insan və onun meyllərindən savay hər şeyə hakim ola bilir.
Vil Dorant texnika əsrinin insanı haqqında deyir: “Biz texnika baxımından güclənmiş, məqsəd baxımından yoxsullaşmışıq”.[10] Elm və texnika əsrinin insanı öz qəzəb və şəhvət baxımından qədim insanlardan fərqlənmir. Elm insanı azğın nəfs istəklərindən xilas edə bilməmişdir![11]
[1] “Bəhsun-həvlәl-Mehdi (ə.f)”, səh.7-8.
[2] bax: “Buruc”, 1-8.
[3] “Mürucuz-Zəhəb”, c.3, səh.166-167.
[4] “Fəlsəfənin ləzzətləri”.
[5] “Yeni ümidlər”, səh.2.
[6] “Mehdi (ə.f) inqilabı”, səh.5-7.
[7] “Tövbə”, 38.
[8] “Rahe-Mehdi (ə.f)”, səh.54.
[9] “Əl-ğeybət”, səh.472; “Bihar”, c.52, səh.332.
[10] “Fəlsəfənin ləzzətləri”.
[11] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər