Pərəstiş və ibadət |
Müəllif: Admin | Bölmə: --- | Vaxt: 17-04-2013, 03:09 | Şərh sayı: (0) | Baxılıb: 3522
Pərəstiş və ibadət
Hələ qədim zamanlardan bəri insan ruhunun təcəllisi olan pərəstiş və ibadət onu dəyərləndirən mənəvi xüsusiyyətlərdən biri olmuşdur. Bəşəriyyətin tarixinə nəzər saldıqda belə məlum olur ki, insan harada yaşamışsa, daim ibadətə qapılmış və bütün ümidini ibadət etdiyi ilahi qüvvəyə dikmişdir. Fərqlənən yalnız məbudlar (ibadət olunan cism və ya varlıqlar) olmuşdur. Məbudlar zaman və məkanda fərqli olaraq müxtəlif formalardan ibarət olmuşlar. Kimisi öz əli ilə yonduğu daş, dəmir, taxta bütlərə ibadət etmiş, kimisi dəstə halında dini rəqs mərasimləri keçirmiş, digəri isə Allahını zikr edərək Ona sidq ürəklə ibadət etmişdir.
Peyğəmbərlər bəşəriyyətə düzgün ibadət gətirmişlər. Onlar bəşəriyyətə ibadəti necə həyata keçirməyi, daha dəqiq desək, necə əməl olunmasını öyrətmiş və tək olan Allahdan başqa digər varlıqlara ibadət etməyi qadağan etmişlər.
Dini qanunlar baxımından və bəzi dinşünas alimlərin fikrincə, bəşər əvvəldə tək olan Allaha ibadət etmiş və müvəhhid [təkallahçı] olmuşdur. Onun aya, günəşə, ulduzlara, bütlərə, insanlara pərəstiş etməsi isə sonralar müxtəlif hadisə və cərəyanlar nəticəsində meydana gəlmişdir. Yəni insan öz ibadi həyatını bütlərə və nəticədə təkamülə doğru hərəkət edərək yeganə Allaha ibadət etməklə başlamamışdır. İbadət hissi bəzən dini hiss də adlandırılmışdır. Qeyd etmək lazımdır ki, bu hiss bütün insanlarda mövcud olmuş və olmaqdadır.
Erik From deyir:
«İnsanın canlılara, qızıl, daş bütlərə, gözə görünməyən Allaha, müqəddəs və ya şeytansifət bir şəxsə pərəstiş və ibadət etməsi mümkündür. O, öz millətinə, qohum-əqrəbasına, qəbiləsinə və ya hər hansı bir partiya və ya cəmiyyətə də pərəstiş edə bilər... O, ya öz etiqadlarına agah olduqdan sonra digər etiqadlardan fərqli olaraq, onu din kimi qəbul edir və ya əksinə olaraq dinin mövcud olmadığını güman edir. Məsələ dinin olub-olmamasında deyil, hansı dinin olmasındadır.»
Vilyam Ceyms, İqbalın söylədiklərinə əsasən deyir:
İnsanların əksəriyyəti istər daimi, istərsə də təsadüf üzündən ona üz tuturlar. Yer üzünün ən nadan insanı da, belə bir yüksək diqqəti nəzərə alaraq özünü dəyərli həqiqət hesab edir.
Vilyam Ceyms bu hissiyyatın hamı üçün eyni olduğunu vurğulayaraq deyir:
«İnsanların bir-birindən fərqli olaraq təsir altına düşmələrini bir növ daimi hissiyyat ehtimalı adlandırmaq olar. Bəziləri üçün bu məsələyə diqqət yetirmək başqalarından daha çox əhəmiyyət kəsb edir. Bu xüsusiyyətə malik olanlar adətən dinpərəst olurlar. Amma mən yəqin bilirəm ki, bunu qətiyyətlə rədd edənlər özlərini aldatmış olurlar və həqiqətən onlar müəyyən qədər də olsun dindardırlar.»
Əfsanəvi qəhrəmanların, alim və tanınmış şəxsiyyətlərin məqamlarını həddindən artıq şişirdərək onlara pərəstiş etmək, məhz insanın müqəddəsləşdirmə hissiyyatından irəli gəlir. İnsanların yaşadıqları məntəqəni, üzv olduqları partiya və ya təşkilatları, yolunda canlarını fəda etməyə razı olduqları məslək və əqidəni, bayraq, gerb və digər atributları müqəddəsləşdirməsi bir daha onun bu daxili hissiyyatına qayıdır. İnsan müqəddəs hesab etdiyi hər bir şeyi gözəl və bütün eyb və nöqsanlardan uzaq bilir. Onun məxluqata pərəstiş etməsinin əsas səbəbi əqidəvi pozğunluq və şəkk-şübhəyə düçar olmasıdır.
İnsan öz məhdud vücudu ilə ibadət zamanı eyb və nöqsandan uzaq olan və heç bir məhdudiyyəti olmayan varlığa qovuşmaq istəyir.
Əsrin dahi alimi Eynşteyn bu haqda deyir:
«İbadət zamanı insan özünün kiçik bəşəri hədəf və arzularından agah olur, təbiət, kainat və ona hakim olan nizamın əzəmətini dərk edir.»
İqbal deyir:
«İbadət həyati və adi bir əməldir. Onun vasitəsi ilə biz şəxsiyyətimizin (vücudumuzun] kiçik adasını böyük aləmdə kəşf edirik.»
İbadət insanda mövcud olan meyl, imkan və bacarıqları biruzə verir, maddiyyat sərhədlərindən xaricolma bacarığı və daha geniş, daha uca üfüqlərə qovuşmaq meyli sayılır. Belə bir meyl və eşq insanın xüsusiyyətlərindəndir. Bu səbəbdən də ibadət insanın mənəvi xüsusiyyətlərindən biri hesab olunur.
İnsanın cazibə və təsir altına düşməsi, onlardan birini seçməsi haqda isə gələcək bəhslərdə söhbət açacağıq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər