Məzhəblərarasi dostluq və anlaşmaya necə nail olmalı? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 14-12-2016, 16:16 | Şərh sayı: (0) | Baxılıb: 378
Məzhəblərarasi dostluq və anlaşmaya necə nail olmalı?
vəhdət həftəsi münasibəti ilə)
Əlbəttə, müsəlman ümmətinin vəhdətinin zərurətini vurğulamaqla məsələni bitmiş hesab etmək olmaz. Tarixi təcrübədən çıxış edərək, vəhdətə mane olan amillər araşdırılmalı, onlardan nəticə çıxarılmalıdır. Lakin bundan məqsəd insanlarda ümidsizük və mənfi əhval-ruhiyyə yaratmaq deyil, tarixin dərslərindən ibrət götürməyə çağırmaqdır. Biz öz məqsədimizə çatmaq yolunda qarşılaşdığımız və ya qarşılaşa biləcəyimiz çətinlikləri mükəmməl şəkildə öyrənməliyik ki, onlarla mübarizəni də uğurla həyata keçirə bilək.
1400 illik tarixi təcrübəni nəzərə alaraq, vəhdət hərəkatında daha ciddi uğurlar əldə etmək üçün bunları təklif etmək istərdik:
1. Əvvəla, vəhdət prosesində cəmiyyətin bütün təbəqələri fəal iştirak etməlidirlər. Bu məsələni yalnız alimlərin öhdəsinə buraxmaq və yalnız onları məsuliyyətli bilmək düzgün deyil. Əlbəttə, alimlər vəhdət və yaxınlaşma prosesinin əsas iştirakçısı və hərəkətverici qüvvəsi olmalıdırlar. Lakin cəmiyyət də onların cəhdlərini duzgün qiymətləndirməli, tövsiyələrini eşitməli, fəaliyyətlərini boş-boşuna tənqid hədəfinə tutmamalıdır. Həmçinin, müsəlman dövlət adamları və siyasi xadimləri də problemin ciddiliyini dərk etməli, vəhdət hərəkatına öz köməkliklərini əsirgəməməlidirlər. Dövlət başçılarının siyasi nüfuzu bu istiqamətdə xeyli müsbət rol oynaya bilər.
2. Sadə insanlar, sıravi müsəlmanlar məzhəblərarası münasibətlərdə bacardıqları qədər soyuqqanlı və məntiqli davranmalı, qarşı məzhəbin ideya əsaslarına və ardıcıllarına hörmətlə yanaşmağı bacarmalıdırlar. Bu məsələdə lazımsız yerə təəssüb göstərmək heç kimin – nə şiələrin, nə də sünnilərin xeyrinə deyil. Dini elmlərdə dərin savadı olmayan şəxslər, ümumiyyətlə, məzhəb mübahisələrindən uzaq olmalıdırlar. Çünki bir qayda olaraq elm və savad olmadığı məclislərdə nadanlıq və cəhalət hökm sürür. Elmi sübut tapılmayan hallarda təhqir və iftira meydana çıxır.
3. Dini liderler, ruhani xadimlər məzhəb təəssübünü birdəfəlik kənara atmalıdırlar. Dərk etməlidirlər ki, müsəlman ümmətinin gələcək taleyi xeyli dərəcədə onların şifahi və yazılı bəyanatlarından asılıdır. Hər bir müctəhid və müfti öz ardınca milyonlarla insanın getdiyini anlamalıdır. Hər bir tədqiqatçı alim məzhəb münasibətləri mövzusunda qələmə aldığı hər sətrə və söylədiyi hər kəlməyə məsuliyyətlə yanaşmalıdır. Tarixdən oxuduğumuz kimi bəzən bircə fətva on minlərlə günahsız insanın taleyini həll etmişdir. “Mənim məzhəbimə etiqad etmir deyə, kafırdir” düşüncəsi beyinlərdən silinməlidir. Təkfir fətvaları, emosional çıxışlar unudulmalıdır. Hər bir alim vəhdət hərəkatına öz şəxsi nümunəsi ilə yardım göstərməlidir. “Hörmət hörmət gətirər” prinsipi əsas tutulmalıdır.
4. Hər kəs qarşı məzhəb barədə fikir yürüdərkən son dərəcə məsuliyyətlə davranmalı, yalnız ən etibarlı mənbələrə əsaslanmalı, şübhəli və etimadsız informasiyalara müraciət etməməlidir. Bir çox hallarda keçmiş alimlərin yazdığı kitablar həqiqətə uyğun gəlmir. Çünki bugünkü səviyyədə rabitə və kommunikasiyanın olmadığı əsrlərdə bir ölkə və ya məzhəb barədə iftiralar yaymaq qat-qat asan idi. Kitablardakı bəzi məlumatlar isə həmin dövrlərin reallığını əks etdirir. Onların yazıldığı dövrdən yüzilliklər keçmiş, çox şeylər dəyişmişdir. Hər bir məzhəbin etiqadi və fiqhi görüşləri durmadan təkamül edir, yeni nəzəriyyələr meydana çıxır.
5. Bir məzhəb haqqında fikir yürüdərkən başqa məzhəblərlə onu qarışdırmaq olmaz. Məsələn, məlumdur ki, Türkiyədə xeyli ələvi yaşayır. Təəssüf ki, bəzən Türkiyə mətbuatında və dini ədəbiyyatlarda cəfəriliyi ələviliklə qarışdırırlar. Bəzən sıravi türkiyəlinin təsəvvüründə cəfəri obrazı elə ələvi simasında canlanır. Ona görə də bəzən şiələrin ünvanına yaraşmayan, əslində isə ələvi əqidəsinə uyğun gələn ittihamlar səsləndirilir.
(ardı var)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər