Muxtar özündən məzhəb yaradıbmı? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-11-2016, 17:01 | Şərh sayı: (0) | Baxılıb: 539
Muxtar özündən məzhəb yaradıbmı?
Muxtarın şəxsiyyəti və həyatı barədə məlumat verdik və qeyd etdik ki, onun ruhuna atılan böhtanlardan biri də guya şiə məzhəbi daxilində ilk parçalanmanı – keysaniyyə məzhəbini yaratması iddiasıdır. Bu məqalədə keysaniyyə məzhəbi barədə həqiqətləri diqqətinizə çatdırırıq.
Keysaniyyə şiə məzhəbi daxilində ilk ciddi parçalanma nəticəsində yarandığı iddia edilən, əslində isə şiəliyə aidliyi şübhə altında olan məzhəbin adıdır. Bu məzhəbin adını İmam Əli ibn Əbu Talibin (ə) nökəri Keysanla bağlayırlar. Başqa bir məlumata görə, “keysan” Muxtar Səqəfinin ləqəbi idi. “Zirək, fərasətli” mənasını bildirən bu ləqəbi guya İmam Əli ibn Əbu Talib (ə) körpə Muxtara veribmiş. Bəziləri “keysan” ləqəbinin Həzrət Əlinin (ə) oğlu Mühəmməd ibn Hənəfiyyə tərəfindən Muxtara verildiyini, bəziləri isə Muxtarın silahdaşlarından birinin bu adı daşıdığını söyləyirlər.
Göründüyü kimi, keysaniyyə cərəyanının mənşəyi barədə məlumatlar çox ziddiyyətlidir. Dini mənbələrdə keysaniləri bu cür xarakterizə edirlər: Onlar guya İmam Hüseyndən (ə) sonra Mühəmməd ibn Hənəfiyyənin imamlığını qəbul edirdilər. Keysaniyyə əqidəsində İmam Hüseynin (ə) intiqamını almaq uğrunda mübarizə aparmaq mühüm amil sayılırmış. Onların əqidəsincə, Əli (ə) övladlarından hər kim zülmə qarşı mübarizə aparırsa və ya belə bir mübarizəni dəstəkləyirsə, həqiqi imam odur. İmam Zeynül-abidin (ə) Əməvi rejiminə qarşı silahlı qiyamdan imtina etdiyi üçün, keysanilər Mühəmməd Hənəfiyyəni imam kimi tanıyırmışlar; çünki o, Muxtarın hərəkatını dəstəkləmiş və ona xeyir-dua vermişdi. Hətta bəzi müəlliflərin fikrincə, keysanilər mehdinin Həzrət Mühəmməd Peyğəmbərin (s) nəslindən çıxacağı və Onunla eyni ada, eyni künyəyə malik olacağı barədə hədisi əsas tutaraq, Əbül-Qasim Mühəmməd ibn Hənəfiyyəni mehdi sayırmışlar. Onlar inanırmışlar ki, Mühəmməd ibn Hənəfiyyə ölməyib, Mədinə yaxınlığındakı Rəzva dağında gizlənib və öz zühur vaxtını gözləyir.
Son tədqiqatlar bunu göstərir ki, keysaniyyə cərəyanının Mühəmməd ibn Hənəfiyyəyə və Muxtara aidliyi heç bir ciddi sübuta dayaqlanmır. Belə ki, bu cərəyan haqqında ilk məlumatlar həmin iki nəfərin vəfatından xeyli sonrakı dövrə aiddir. Böyük ehtimala görə, Mühəmməd ibn Hənəfiyyə nə özü imamlıq və mehdilik iddiası etmiş, nə də Muxtar onu bu cür tanımışdır. Bu iddia sonralar şiə məzhəbini nüfuzdan salmaq, onun köklərini qeyri-ciddi mənbələrə bağlamaq və bu məzhəbin hörmətli şəxslərini ləkələmək məqsədilə uydurulmuşdur.
Mühəmməd ibn Hənəfiyyənin vəfatından (miladi 700-cü il) sonra özünü keysaniyyə kimi təqdim edən qrup onun oğlu Əbu Haşim Abdullahın imamlığını təbliğ etməyə başladı. Əbu Haşim elmi səviyyəsinə və ictimai mövqeyinə görə öz müasirləri arasında fərqlənirdi. Məhz buna görə də Əməvi xəlifələri onu daim nəzarət altında saxlayır, hər bir addımını izləyirdilər. Əbu Haşimin oğlu olmadığına görə, ondan sonra keysaniyyə imamının kim olacağı sual altında idi. Belə bir şəraitdə Peyğəmbərin əmisi Abbasın nəvəsi Əli ibn Abdullah onunla sıx rabitə yaratmağa başladı. Əli çox da aktiv siyasi fəaliyyətdə deyildi, əsasən, zöhd və ibadət əhli kimi tanınmışdı. Əməvilərlə aşkar müxalifət etmədiyi üçün hakimiyyət də ona dəyib-dolaşmırdı. Əlini yaxınları ilə birlikdə Şam bölgəsindəki Hümeymə məntəqəsində məskun etmişdilər.
Hicri 98-ci ildə (miladi 716-717-ci illər) Əməvi xəlifəsi Süleyman ibn Əbdülməlik Əbu Haşimi hiylə ilə aradan götürmək qərarına gəldi. Ona icazə verildi ki, nəzarət altında saxlandığı Suriyadan çıxıb Hicaza qayıtsın. Lakin elə yoldaca xəlifənin cəsusları Əbu Haşimə zəhərli süd içirtdilər. Əbu Haşim son nəfəsində yolunun üstündə olan Hümeymədə Əli ibn Abdullahla və onun oğlu Mühəmmədlə (ilk Abbasi xəlifəsi Əbül-Abbas Səffahın atası ilə) görüşdü. Bu görüş sonralar belə bir fikrin yaranmasına səbəb oldu ki, guya Əbu Haşim keysaniyyə imamlığını Mühəmmədə ötürmüş və ona xeyir-dua vermişdir.
Böyük ehtimala görə, keysaniyyə cərəyanının mənşəyi barədə əfsanənin arxasında Abbasilər dururlar. Abbasilər keysaniyyə məzhəbini uydurub şiəliyə bağlamaqla öz hakimiyyətlərinə dini don geyindirdilər. Bununla onlar həm şiə ideologiyasındakı imamət konsepsiyasına alternativ bir imamət modeli hazırlamış oldular, həm də xəyali keysaniyyə imamlığı bəhanəsi altında daha artıq arxayınlıqla öz hakimiyyət iddialarını irəli sürdülər.
Keysaniyyə cərəyanı cəmi bir neçə əsr mövcud olmuş, sonra isə fikir və siyasət səhnəsindən tamamilə silinmişdir. Artıq Şeyx Müfidin (vəfatı hicri 413 - miladi 1022-ci il) zamanında bu cərəyan yox olmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər