Varlılıq, kasıblıq imtahan vasitəsidir |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 10-07-2016, 10:05 | Şərh sayı: (0) | Baxılıb: 627
Varlılıq, kasıblıq imtahan vasitəsidir
Mö’min dünyaya e’tinasız olmalıdır. Çünki insana nəsib olan var-dövlət Allahın ne’məti, həm də imtahan vasitəsidir. İmtahan məqsədi ilə bu ne’mət ondan alına da bilər. İnsan bu sayaq bəlalara səbr etməlidir. Əlbəttə ki, kasıblığa dözmək o demək deyil ki, insan çalışmamalı, ruzi qazanmaq üçün sə’y göstərməməlidir.
Me’rac hədisinin ilk cümlələrində deyilmişdir ki, Allah bütün işlərini hikmət və bəndələrinin məsləhəti əsasında görür. İnsanlar heç vaxt məcbur deyillər, sadəcə yaranmış şəraitə uyğun olaraq, hərə öz ne’mət payını alır. Allah hər kəsə ona xeyrli olacaq qədər verir. Bununla belə, var-dövlət və fəqirlik imtahan vasitəsidir.
Mö’min şəxs Allahın onun üçün müəyyənləşdirdiyi ruzidən razıdır və öz xeyrini Allahın məsləhətində görür. Mö’min üçün fərqi yoxdur ki, ona var-dövlət verilsin, ya kasıblıq içində yaşasın. İnsan Allaha münasibətdə o qədər xoş gümanlıdır ki, çətinliyi günahlarının yuyulması üçün vasitə sayır. Bəndənin fəqirliyə düçar edilməsi onunla düşmənçilik sayılmamalıdır. Əgər bir şəxsə var-dövlət verilirsə, bu o demək deyil ki, Allah bu bəndəni sevir. Dini maarif və peyğəmbər tə’limlərindən xəbərsiz olan cahil insanlar fəqirliyi Allah tərəfindən diqqətsizlik kimi qiymətləndirir, var-dövlətli insanları Allaha yaxın sayırlar. Qur’ani-kərimdə oxuyuruq: "Sınaqdan çıxarmaq üçün Allah onu fəqirliyə saldığı vaxt deyər ki, Allah məni xar etdi.” Qur’an fəqirlik və var-dövləti imtahan vasitəsi kimi tanıtdırmaqla yanaşı, onların səbəbsiz olmadığını bəyan edir. Bə’ziləri üçün fəqirlik onların pis əməllərinin cəzası da ola bilər. Onlar məsələn, fəqirlərə rəhm etmədiklərindən sərvətlərini əldən verə bilərlər. Hər halda bütün baş verənlər hikmət və məsləhət əsasındadır. Allah heç bir hadisədən xəbərsiz deyil və heç bir hadisə Onun iradə dairəsindən xaricdə baş vermir. Əgər dağda vulkan püskürüb, bütöv bir şəhəri oda çəkirsə, leysan yağışdan sonra sel evləri yuyub aparırsa, Allah bütün bu işlərdən xəbərsiz deyil. Mö’min insan bilir ki, Allah hər işə qadirdir və Onun izni olmadan heç bir hadisə baş verə bilməz. Qur’ani-məciddə buyurulur: "O, göydən yerədək aləmin işlərini yoluna qoyur.”
Demək, bütün xoşbəxt və bədbəxt hadisələrin hesabı var, sadəcə, biz həmin hesabdan xəbərsizik. Biz imtahana çəkildiyimizdən bə’zi işlərin tədbirini bilməməyimiz zəruridir. İnsan hər şeyin səbəbini bilsəydi, imtahan nəticəsiz qalardı. Zəif insanlar bir növ gizli şəkildə imtahana çəkilməlidirlər. İmtahan gedişindən xəbərdarlıq güclü insanlar üçün fərqsiz də ola bilər. Onlar hər şeyə hazır olduqlarından qarşıdakı bəlalardan xəbər tutmadıqları onların halını dəyişmir.
Allah-təala peyğəmbərlərə və övliyalara elə bir elm əta etmişdir ki, həmin elm əsasında gələcəkdə baş verəcək hadisələri əvvəlcədən bilmişlər. Belə bir agahlıq onlar üçün zərərsizdir. Əlbəttə ki, onlar öz bildiklərini başqalarına açıqlamırlar. Peyğəmbərlər bu mə’lumatların mində birini öz səhabələrinə danışa bilərdilər. Səhabələrə deyilənlər də, şübhəsiz ki, ilahi məsləhət əsasında bildirilmişdir. Məsələn, şagirdlərindən imtahan götürən müəllim il boyu ə’la qiymətlər almış şagirdləri imtahanda sıxışdırmır. Əlaçı şagirdin imtahanda cavab verib-verməməsi onu narahat etmir. Peyğəmbərlər və övliyalar imtahanın nə olduğunu əvvəlcədən bilirlər və bu agahlıq onların əməllərinə tə’sir göstərmir. Çünki onlar vəzifələrinə, Allahın razılığı olan işlərə əməl edirlər. Başqaları isə belə deyillər. Onlar imtahandan xəbər tutduqda yalnız vəziyyətdən çıxmaq üçün çalışır, bir çox işlərini yarımçıq tərk edirlər. Ona görə də xalqın imtahanının gizli qalması məsləhət bilinmişdir.
Allahın bə’zisini fəqir, bə’zisini varlı, bə’zisini xəstə, bə’zisini sağlam, bə’zisini bəlalar, bə’zisini asayiş içində qərar verməsinin səbəbəni bilməsək də, ümumi şəkildə bilirik ki, ne’mət əzizlik, məhrumiyyət mərhəmətdən uzaqlıq nişanəsi deyil. Əksinə, Allah sevdiyi bəndələri daha çox bəlaya düçar edir. Həzrət Əlidən (ə) nəql olunmuş bir rəvayətdə deyilir: "Bəla və çətinlik zalımlar üçün cəza, mö’minlər üçün imtahan, peyğəmbərlər üçün məqam, övliyalar üçün kəramətdir.”
Bu məclisdə yaxın sayılan kəsə
Heyrət etmə bəla şərbəti gəlsə.
Demək, Allah yanında əziz və ya zəlil olmağın ölçüsü var-dövlət deyil. Əzizlik ölçüsü insanın öz vəzifəsinə əməl etməsidir. Vəzifəsinə əməl edən varlı da, kasıb da Allah dərgahının sevimli bəndələridir. Allah-təala buyurur: "Yer üzündə baş verən, sizin başınıza gələn elə bir müsibət yoxdur ki, dünyada baş verməmişdən qabaq kitabda yazılmamış olsun. Bu Allah üçün çox asandır.” Ayədə Allahın "Lövhe-məhfuz” adlanan kitabından söhbət gedir. Hadisələr bu kitabda qeyd olunmuşdur və Allahın təqdiri əsasında baş verir. Hər hansı hadisədən min illər qabaq xəbər tutmaq Allah üçün çətin deyil. Bunu da bilməliyik ki, Allah üçün zaman və məkan məhdudiyyətləri yoxdur. Zaman və məkan maddi varlıqlara aid olan anlayışlardır. Allah üçün dünən, bu gün və sabah eynidir. Hadisənin qabaqcadan və ya baş verdiyi an müəyyən edilməsinin fərqi yoxdur. Gələcəklə bağlı dəqiq proqram hazırlamaq biz insanlar üçün çətindir. Bəşər övladı sabah nə baş verəcəyindən əmin deyil. Sabaha çıxacağını bilməyən bir varlıq gələcək haqqında nə deyə bilər?! Sabah görəcəyimiz iş üçün şərait yaranıb yaranmayacağı bizim üçün qaranlıqdır. Allah üçün isə heç bir iş çətin deyil. Bütün varlıq aləmi Onun hüzurundadır. Bütün mövcudlar və hadisələr istər milyon il qabağa, istər milyon il sonraya aid olsun, Allah üçün aşkardır. Ona görə də ne’mət əta olunmuş insan qürrələnməməlidir. Çünki bütün ne’mətlər dəqiq tənzimlənmişdir və insanların imtahanı üçündür. Bütün çətinliklər də Allahın məsləhətinə əsaslandığından dözümsüzlük göstərməməliyik.
Allah-təala insanın mə’nəvi, ruhi kamilliyə çatmasını istəyir. Kamilliyin və kamil insanın əlamətlərindən biri budur ki, insan ne’mətlərin olub-olmamasından narahat olmasın. Əlbəttə ki, bu iş asan deyil. Hər halda uyğun sahədə ifrata varmamağa çalışmalıyıq. Adi insanlar üçün ne’mətin verilməsi ilə əldən alınması çətin ki, fərqsiz olsun. Əksərimiz ne’mət əlimizdən çıxan kimi pərişan olur, bədbinləşirik. Əgər bu sayaq narahatlığı kökündən qopara bilmiriksə, heç olmaya narahatçılıqda ifrata varmayaq. Bilməliyik ki, sabitlik ruhiyyəsi gücləndikcə bəndə Allaha yaxınlaşır, daha çox kamillik əldə edir. Bizim dünyaya bağlılığımız, dünya malına əsir olmağımız zəifliyimizin dəlilidir. Allah isə öz bəndəsini alçaq əsarətdən qurtarmaq istəyir. Mühüm qurtuluş yollarından biri Allahın qəzavü-qədərinə diqqətli olmaqdır. Bilməliyik ki, yer üzündə heç bir hadisə təsadüfi olaraq baş vermir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər