Dünya həyatının acılıqları |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 24-05-2016, 07:29 | Şərh sayı: (0) | Baxılıb: 524
Dünya həyatının acılıqları

İstisnasız olaraq bütün insanlar çətinlik çəkir və bu, dünya həyatının səciyyəvi xüsusiyyətidir. Axirət həyatı isə belə deyil: «Onlara cənnətdə heç bir yorğunluq üz verməz» («Hicr» surəsi, ayə 48.).
Bəşər öz həyatını rahatlaşdırmaq üçün daim çalışır. Amma o ruhunu unudaraq tamamilə yanlış istiqamətdə hərəkət edir. O öz mənəviyyatını tərbiyələndirmək əvəzinə ruhi narahatçılığını müvəqqəti aradan qaldırmaq üçün əyləncələr axtarışındadır. Hal-hazırda bəşəriyyət imansızlıqdan yaranmış ruhi sarsıntılarını spirtli içkilər və narkotik maddələrlə sakitləşdirmək istəyir. O öz ağlını məst etməklə sanki səadətin dadına baxmaq istəyir. Amma məstlikdən oyanan kimi dünya əvvəlkindən də qaranlıq görünür. O bu qaranlığın qorxusundan yenidən içir, içir, içir... və nəhayət o, iyrənc bir əski parçası tək bütün cəmiyyətin gözündən düşür. Narkotikada xoşbəxtlik axtaranlar orqanizmin tələbini yubatdıqda ən böyük cinayətə getməklə ağ ölümə düçar olurlar. Çətinliklər qarşısında çırpınan bəşəriyyətə psixologiya tövsiyə edir ki, bu çətinliklərlə barışmaq lazımdır. Guya övladı narkotikaya qurşanmış ata bu vəziyyətlə barışıb öz rahatlığını qorumalıdır. Problemlərə belə baxış onları daha da dərinləşdirib bəşəriyyətin süqutuna aparır.
Dünya çətinliklərini yalnız dini baxış aradan qaldıra bilər
İnsan dini göstərişlərə əməl etməklə dünya çətinliklərindən qurtula bilər. İnsan öz var-dövlətini Allahın ona verdiyi əmanət kimi qəbul etsə bu var-dövləti itirməkdən qorxmaz. Dostunuz sizə müvəqqəti verdiyi kitabı geri alanda qəmlənirsinizmi? İnsan anlamalıdır ki, dünyada olanların hamısı müvəqqəti istifadə üçündür. Bu həqiqətləri anlayan insan heç nəyi itirməkdən qorxmur. Aydındır ki, imansız insan deyilənlərlə razılaşmayacaq. Qeyd etdiyimiz yanaşma üsulundan yalnız Allahı tanıyan imanlı insanlar istifadə edə bilər. İkinci tərəfdən, nemət insanlara əbəs yerə verilmir. Nemət verilən adam şükürlə, nemət əlindən çıxan isə səbrlə imtahan olunur. İslam dinində çətinlik zamanı səbr edən və ilahi nemətlərin şükrünü yerinə yetirən insana əbədi səadət vəd olunur. Şükr və səbr olmadan kamilləşmə qeyri-mümkündür. Mərifətli insan anlayır ki, bütün çətinliklər onun təkamülü üçündür. İmam Sadiq (ə) İbn Cündəbə buyurur: «Qarşına çətinlik çıxdığı zaman özünü səbrə vadar et». Məsələn övladı, var-dövləti itirmək olduqca ağrılıdır. Dinsiz adamlar da bu itkilərə dözə bilərlər. Amma möminlə kafirin səbri mahiyyətcə fərqlənir. Dinsiz adam onsuz da əlindən bir iş gəlmədiyini anlayıb dözür. Amma imanlı insan dərk edir ki, Allah öz verdiklərini geri alır və hər hansı bir narazılığa əsas yoxdur. İnsan imtahan üçün yaşayır və onun qarşısında həmişə iki yol vardır. O, bu iki yoldan birini seçməkdə azaddır. İmtahandan üzü ağ çıxan insanı əbədi səadət gözləyir. Dindən xəbərsiz insan bütün bu incəliklərin qarşısından gözü bağlı keçir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər