Namazın əhəmiyyəti və dəyəri |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 20-06-2016, 18:27 | Şərh sayı: (0) | Baxılıb: 576
Namazın əhəmiyyəti və dəyəri
Namaz böyük əhəmiyyətə malik olduğundan və insanın əbədi səadətində tə’sirli rol oynadığından şeytan var qüvvəsi ilə çalışır ki, bizi həqiqi namazın feyzindən məhrum etsin. Buna görə də insanların düşüncəsinə daxil olub, onların diqqətini Allahdan yayındırır. Əlbəttə ki, şeytanın kimsənin üzərində hakimiyyəti yoxdur. Qəlbimizdə şeytana yer verən əslində biz özümüzük. Daim ona qoyun açdığımızdan namaz zamanı da bizdən əl götürmür.
İnsanın təkamülü və Allaha yaxınlaşması üçün ən üstün yol namazdır. Allah insana diqqət göstərərək onun təkamülü üçün bu əməli vacib etmişdir. Aydın məsələdir ki, Allahın bizim namazımıza ehtiyacı yoxdur. İstənilən bir şəraitdə beş vaxt namaz qılmaq vacib buyurulmuşdur. Bə’zi fəqihlər bildirirlər ki, hətta dənizdə batmaqda olan insan da həmin vəziyyətdəcə diqqətini Allaha yönəldib, üzü qibləyə olmasa da, namazını qılmalıdır. Namaz insanın təkamülündə və səadətində bir bu qədər rol oynadığından Həzrət Peyğəmbər (s) buyurur: "Namaz ən xeyirli işdir...” Şeytan insanla qədim düşmənçiliyi səbəbindən onu dəyərli şeylərdən məhrum etməyə çalışır. Qur’ani-kərimdə oxuyuruq: "Şeytan dedi: And olsun izzət və cəlalına, bütün xalqı yolundan azdıracağam.”[37]
Bə’zən yetərincə diqqətlə qılınmış iki rəkət müstəhəb namaz insanın günahlarının bağışlanmasına səbəb olur. Çünki Allahın hüzurunu dərk edən insan öz çirkin işlərindən peşiman olmaya bilməz. Bəli, həqiqi namaz halında insan bir daha günaha qayıtmamaq barədə qəti qərara gəlir.
Bir rəvayətdə həzrət Peyğəmbər (s) buyurur: "Əgər bir şəxsin evinin yanından çay axsa və o şəxs hər gün həmin çayda beş dəfə yuyunsa, bədənində çirk qalarmı? Namaz da həmin çayın suyu kimidir. İnsan namaz qıldığı vaxt bütün günahları bağışlanmış olur.”[38]
Əgər namazın mahiyyətini dərk edib ondan düzgün bəhrələnsək, bütün çirkinliklərdən təmizlənmiş olarıq. Təəssüf ki, namazın qədrini bilmir, ona ciddi yanaşmırıq. Ona görə də qıldığımız namazların heç bir faydası olmur. Demək, ikinci mühüm nöqtə odur ki, namazın əhəmiyyətini və dəyərli tə’sirlərini anlayaq. Yalnız namazın həqiqi əhəmiyyətini anladığımız vaxt hiss edərik ki, namazdakı diqqətsizliyimiz səbəbindən nə qədər faydalardan məhrum oluruq. Əgər iki rəkət namaz insanın bütün günahlarının bağışlanmasına səbəb olursa, Allahın qəbul edəcəyi şəkildə yerinə yetirilən ardıcıl ibadətlər insanı çox uca bir məqama, Allahla yaxınlığa çatdırır. Amma ibadətlərdəki diqqətsizlikdən yeganə qazancımız peşimançılıq və təəssüfdür.
İnsan nəinki qiymətli bir cəvahir, hətta kiçik məbləğ pul itirdikdə belə pərişan olur. Bəli itirdiyi qara qəpiyə görə təəssüf edən insan bütün dünya ləzzətlərinin fövqündə dayanan həqiqi namaz feyzini əldən verir, heç narahat da olmur! Ey kaş övliyaların namazdan hansı bəhrələri götürdüyünü biləydik. Övliyaların tə’birincə, əgər padşahlar namazda hansı ləzzətin olduğunu bilsəydilər, öz hakimiyyətlərindən əl çəkər, namaza məşğul olardılar. Əlbəttə ki, bu sözləri deyənlər ali mə’rifət dərəcəsinə çatmış insanlardır.
Gün uzunu ləzzət ardınca qaçırıq. Əslində dünyanın ötəri ləzzətləri min bir zəhmət bahasına əldə olunur. Hansı ki, padşahlar üçün mövcud olan bütün ləzzətlər mö’minin iki rəkət namazının ləzzəti bərabərində heç bir şeydir. Bununla belə, insanlar maddi ləzzətlər ardınca qaçır və Allahla minacat ləzzəti haqqında düşünmürlər.
Ötən nöqsanları aradan qaldırmaq və namazdan daha yaxşı istifadə etmək üçün rəvayətlərdə və övliyaların kəlamında bəyan olunan bə’zi nöqtələrə və göstərişlərə əməl etmək lazımdır. Dünya ləzzətləri ilə müqayisədə heç bir zəhmətsiz başa gələn bu dəyərləri əldən vermək ağılsızlıqdır. Hədis kitablarında nəql olunmuş rəvayətlərin hər biri dünya dolu ləzzətlərdən qat-qat üstündür.
Həqiqi namaz və onun mahiyyəti
Namaz Allah qarşısında bəndəliyin izharıdır. İnsan namaz məqamında əlini Allah dərgahına qaldıraraq, öz kiçikliyini e’tiraf etməlidir. Namaza duran insan kimin qarşısında dayandığını anlamalı və Allahın əzəmətini hiss edərək diqqətli və təvazökar olmalıdır.
Çoxlarımız namaz qılarkən on illər qabaq baş vermiş hadisələri xatırlayır, yalnız namazın salamını verərkən namazda olduğumuzu yada salırıq. Allahın qarşısında dayanıb, ona diqqətsizlik göstərərək, başqa şeylər haqqında düşünmək necə də çirkindir! Allah-təala Qur’ani-məciddə bu xüsusiyyətin münafiqlərə aid olduğunu bildirir.[36]Rəvayətdə bildirilir ki, namaz qıldığı halda fikiri başqa yerdə olan insan ulağa çevriləcəyindən qorxmurmu?! Bəli, namazda Allaha diqqətsizlik nə qədər çirkin işdir ki, bu sayaq namaz qılan insan hətta ulağa çevrilməyə layiq görülmüşdür. Necə ola bilər ki, insan böyük bir varlığın qarşısında dayandığı halda, tamamilə başqa şeylər haqqında düşünə?! Allah tərəfindən xəlq olunmuş, padşahlıq taxtına oturmuş bəndənin qarşısında diqqətlə dayanan insanın Allah qarşısındakı diqqətsizliyinə nə ad vermək olar?! Demək, insan öz Allahına hətta bir bəndə qədər də diqqət yetirmir!
Əgər biri ilə danışdığınız vaxt həmin şəxs üzünü yana döndərsə, sizə necə təsir edər? Bəli, Allah cisim deyil və Ondan üz çevirmək mümkünsüzdür. Amma Allaha diqqətsizlik qəlbə aid olan bir haldır. Namaza dayanıb başqa şeylər haqqında düşünən insan əslində Allahdan üz çevirmişdir. Allahın hüzurunda öz dərdini deyə bilməsini qənimət saymaq əvəzinə, dilində Allah deyib, tamamilə başqa şeylər haqqında düşünən insan zülmə yol verir. Həmnövümüz olan böyük şəxsiyyətlərin qəbuluna düşmək çox çətindir. Amma Allah-təala öz geniş mərhəməti səbəbindən bəndələri ilə onların evindəcə görüşə hazır olur. Allahın lütfü sayəsində hər bir insanın onunla danışmaq imkanı var. Bəli, fürsəti qənimət sayıb, bütün vücudumuzla çalışmalıyıq ki, diqqətimizi öz Rəbbimizə yönəldək.
Allaha inanmayan, onun hüzurunda olduğunu qəbul etməyən bir kəs təbii ki, ona e’tinasızlıq göstərəsidir. Amma Allaha inanan və onun hüzurunda olduğunu bilən insanın diqqətsizliyi olduqca çirkin bir münasibətdir. Ona görə də rəvayətdə bu sayaq bəndələrin təəccüb doğurduğu bildirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər