İnsanın mükəmməlliyə çatması azad şəkildə etdiyi işlərə bağlıdır |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 16-12-2015, 20:59 | Şərh sayı: (0) | Baxılıb: 354
İnsanın mükəmməlliyə çatması azad şəkildə etdiyi işlərə bağlıdır
Məsum imamlarımızdan gələn hədislərdə bildirilir ki, insan hər işini Allahın öhdəsinə qoyaraq, Ona təvəkkül etməlidir. Məsələn, İmam Sadiq (ə) İslam Peyğəmbərindən (s) belə bir rəvayət nəql edir: "Uca Allah peyğəmbərlərindən birinə vəhy edir ki, izzət və cəlalıma and olsun, kim məndən başqasına ümid bağlar, güvənərsə, ümidini boşa çıxaracağam, xalqın içində ona zillət paltarını geydirəcəyəm, onu öz inayətimdən məhrum edəcəyəm. Bütün çətinliklər mənim sayəmdə aradan qaldırıldığı halda, qulum məndən başqasınamı güvənir? Necə ola bilər ki, heç bir şeyə ehtiyacı olmayan, bağışlayan və bütün bağlı qapıların açarı əlində olan Məndən başqasına əl uzadaraq, ona güvənib, ümid bağlaya bilər?!"
Amma haqqında danışılan bu təvəkkül insanın işləməməsi və səy göstərməməsi mənasında deyil. Bir məscid küncünə çəkilib, özünü cəmiyyətdən soyudaraq, gecə-gündüz yalnız ibadət, zikr və münacatla məşğul olub, heç bir iş görmədən sonra da, "Allaha təvəkkül etdim, O mənim ruzimi verəcək", - demək, çox səhv bir düşüncədir. Belə düşünənlər doğru yoldan çıxmış, təvəkkülün həqiqətini, mənasını düzgün qəbul edə bilməmiş və əsl İslami təlimlərdən uzaqlaşmış şəxslərdir. Bu şəkildə edilən təvəkkülün nə cür səhv olduğunu ən gözəl şəkildə bu rəvayət göstərməkdədir:
"Həzrət Peyğəmbər (s) bir qrupun heç bir işdə işləməyib, ticarət və əkinçiliyi tərk etdiyini gördü, onlara nə etdiklərini soruşdu. Onlar da Peyğəmbərə bu cavabı verdilər: "Bizlər Allaha təvəkkül etdik." Peyğəmbər buyurdu: "Xeyr, sizlər təvəkkül edənlər deyilsiniz, sizlər cəmiyyətin yüklərisiniz."
Allaha əsl mənada inanmış şəxs dünyada hər şeyin meydana gəlməsi üçün müəyyən bir səbəb və təbii faktorların lazım olduğu düşüncəsindədir. Bu faktorlar istər maddi olsun, istərsə də mənəvi, fərq etməz, nəhayət hər şey üçün bir faktor olmalıdır, bir şey meydana gəlmək istəyirsə onu meydana gətirəcək səbəb əvvəlcə olmalıdır. Hər şeyin bu cür səbəb və nəticə əlaqəsində olması onsuz da insanın təkamülü üçün ən əhəmiyyətli şərtlərdən biridir. Əgər dünya bu şəkildə olmasaydı insanın imtahanının da bir mənası olmazdı, çünki insanın mükəmməlliyə çatması azad şəkildə etdiyi işlərə bağlıdır və bu işlər ancaq başqa insanlarla əlaqədə olduğumuz təqdirdə yaranacaq. Belə olduğu halda isə, əgər insan təkliyə çəkilib, cəmiyyətdən uzaqlaşıb və yalnız təkbaşına bir sıra ibadətlərlə məşğul olsa, əslində bu, ilahi hikmətin qarşısında dayanması deməkdir. Belə bir insanın Allah tərəfindən ruzi gözləməsi, çox yersizdir. Yəni təvəkkül edirsənsə, səy də göstər, əvvəl toxumu ək, sonra Rəbbinə təvəkkül göstər.
Demək, Allah insanın bir şeyə çatması üçün təbii yollara müraciət etməsini istəyir. Əgər yalnız Allahdan istəməklə və yalnız bir "Ya Allah!" deməklə insanlara ruzi verilsəydi, o zaman heç kim ruzisinin arxasına düşməyəcəkdi, beləliklə də kimsə sınanmayacaqdı.
Problemlər və çətinliklər həmişə imtahan üçündür, əgər müvəffəqiyyətli olsa kamala doğru yüksələcək, əks halda, alçaldıqca alçalacaq. İnsan həyatının hər anı üçün müəyyən bir hökm təyin olunubsa, bu, səy göstərib, faktorların arxasınca düşməsi lazım olduğunu göstərir. Qısası yemək üçün işləməsi lazımdır, bir işə girib çalışması nəticəsində isə işə götürən və işçi haqları yaranacaq. Beləliklə, zülm, başqasının haqqına təcavüz, zalım-məzlum, əzən və əzilən kimi vəziyyətlər ortaya çıxacaq.
Dünyada insanların yalnız iki rükət namaz qılıb sonra da cənnətdən gələn yeməklərlə bəslənsəydilər, o zaman imtahanın mənası qalmazdı, hər kəs yaxşı, hər kəs günahsız olardı, nəticədə günahkarla günahsızlar, itaətkarla üsyankar müəyyən olmazdı və kimin Allah üçün çətinliklərə dözdüyü ortaya çıxmazdı.
Bəli, bəzi istisna vəziyyətlərdə uca Allah səbəb-nəticə əlaqəsini ortadan qaldıra bilər. Həzrəti Məryəmin hekayəsində olduğu kimi:
"Zəkəriyyə hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyyə:) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!" ("Ali-İmran" surəsi, ayə 37)
Bu kimi istisna vəziyyətlər Allahın hikməti nəticəsində və ya insanlara, yaxşı qullarına necə lütflər etdiyini göstərmək üçündür. Eyni zamanda, səbəbsiz yerə nemət verdiyi qulun Allaha qarşı şükürünü necə yerinə yetirdiyini görmək üçün bir imtahan da ola bilər.
Lakin insanın Allahın bu nizamını qəbul etməyərək, ruzisini heç bir şey etməmiş ilahi dərgahdan gözləməsi bir növ üsyandır. Əgər həqiqətən Allahın saleh quludursa, bütün işləri və ibadəti Allahın məmnuniyyəti istiqamətində olmalıdır. Allah bu sistemi qoyub bəyənibsə, necə ola bilər ki, bu nizama qarşı gələsən? Görəsən belə insanlar öz məlumatının Allahdan daha çox olduğunumu zənn edir? Allah ruziyə hansı yolla çatacağını göstərmişdir, amma insan, "xeyr, mən yalnız sənin mənə ruzi verməyini istəyirəm" desə, bu təvəkkül yox, heç itaət də deyil, bu yalnız tənbəllik və ilahi hikmətə qarşı çıxmaqdır.
"Ruzinin arxasınca düşməlisən" deyilirsə, bunda məqsəd ruzinin yalnız torpaq, çörək, iş və sair nəticəsində sənə çatacağı mənasından deyil. Bütün səbəblərin kökündə olan əsl səbəb Allahdır. Sənin vəzifən ruzinə çatmaq üçün ilahi nizamın tələb etdiyi və kamala çatmağın şərti olan faktorların arxasınca düşməkdir, amma bilməlisən ki, bütün faktorlardan üstün Allah var.
Allaha təvəkkül etməyənlər də işləyir, amma təvəkkül edənlər əvvəl təvəkkül edib sonra işləməlidir. Bu iki qrupun fərqi ürəklərindədir. Allaha təvəkkül edən Onun əmrinə itaət edib, Ona güvənərək işləməlidir. Allaha təvəkkül etməyən isə ruzisinin başqalarının əlində olduğunu zənn edərək işləməkdədir. Təvəkkül edən Allahdan başqasına ümid bağlamır, hətta əgər bütün qapılar üzünə bağlansa belə, onun ümidində zərrə qədər azalma olmaz. Rəvayətlərdən aydın olan, möminin yalnız Allahın dərgahına güvənməsidir, çünki öz əlində olan oğurlana da bilər, yox da ola bilər, amma Allahın xəzinəsində olan əsla itməz.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər