Düşünənlər üçün nəsihətlər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 27-05-2016, 19:53 | Şərh sayı: (0) | Baxılıb: 729
Düşünənlər üçün nəsihətlər
Tələskənliyin pis təsirləri
İnsan adətən, nəfsinin vəziyyətindən, niyyətlərindən, ətrafındakı hiylələrdən xəbərsiz olur. O, təbii, psixoloji, ictimai şəraitdən doğan bəzi səciyyəvi hərəkətlərə yol verir. Onun yeməyi, danışmağı, rəftarı çox vaxt bu şəraitdən asılı olur. Ətraf mühitin diktəsi ilə hərəkət edən insan çox vaxt bu hərəkətləri ölçüb-biçmədiyindən səhvlərə yol verir və sonradan peşman olur. Oturuşu, duruşu, danışığı, rəftarı ona əzab verməyə başlayır. Bu ağrılardan qaçmaq üçün insan iş görməzdən əvvəl öz ağlını işə salıb, əvvəlcə düşünüb, sonra hərəkət etməlidir. İmam Sadiq (ə) öz səhabələrinə buyurur ki, heç zaman tələsik iş görməyin. Səbr edib bu işin faydasının zərərindən çox olduğuna əmin olun! Bu göstərişlər təkcə dini yox, dünya həyatına da aiddir. Mömin isə həm dünya, həm də axirət işlərinin faydalılığını düşünür. O anlayır ki, bir saat dünya ləzzətinə görə insan əbədi olaraq cəhənnəmə gedə bilər. Xeyir və zərəri götür-qoy edən insan heç zaman günaha yol verməz. Məsələn, şərab içən şəxsə «içmək olmaz» deməklə zahirən dini vəzifə bitir. Amma şərabxora bir insan kimi ürək yandıran müsəlman ağlını işə salıb elə bir iş görə bilər ki, qarşısındakı günahkar qəflət yuxusundan oyanıb normal həyata qayıdar. Mömin müsəlman ağıllı və uzaqgörən olub tədbirlə iş görməli və öz ilahi məqsədinə nail olmalıdır.
Ağıl insan üçün çıraqdır
Qurani-Kərimdə qəlb, əql və nəfsin insana aid xüsusiyyətlər olması bəyan olunur. «Yusif» surəsinin 53-cü ayəsində buyurulur: «Rəbbinin rəhm etdiyi kimsə istisna olmaqla nəfs pis işlər görməyi əmr edər». Bu ayədə nəfs mənfi tanıtdırılır. Amma bəzən o sevgi ilə yad edilir: «Ey arxayın nəfs, dön rəbbinə, sən Ondan, O da səndən razı halda»(«Fəcr» surəsi, ayə 27-28.).
Əvvəla, nəfs İslamda mühüm mövzulardandır və müxtəlif mənalarda işlənir. İmam Sadiq (ə) buyurur: «Qəlbini özünə elə yaxın et ki, sanki onunla şəriksən. Ağlını ata yerində bilib əlindən tut və ardınca get. Nəfsinə isə vuruşacağın düşmən kimi bax».
Çoxları sanki bilərəkdən bütün bu deyilənlərin ziddinə gedir. Ağlın yerinə nəfsi rəhbər seçir. Hansı ki, İslam nəfsə yox, əqlə itaət etməyi tapşırır. Biz insanlar adətən daxilimizi qoyub zahirimizlə maraqlanırıq. Bəzən işin əsl məqsədi yaddan çıxır və insan nəfsin komandanlığı altında tər tökür. Məsələn, yaxın bir adamı nəsihət etmək istəyən şəxs əvvəlcə öz istəyini qiymətləndirməlidir. Görən, məqsəd insanlıq vəzifəsini yerinə yetirmək, yoxsa ağıllı görünməkdir?
Əxlaq alimləri özünü düzəltmək istəyənlərə çox ciddi şəkildə tapşırırlar ki, iş görməzdən əvvəl niyyətə fikir vermək lazımdır. İlahi məqsədlə işə başlayanlar üçün bir çox çətinliklər artıq geridə qalmışdır. Şəriki tərəfindən aldanmaq istəməyən insan ilk əvvəl öz qəlbini şeytan vəsvəsələrindən pak etməlidir. Əks təqdirdə daha böyük problemlərlə qarşılaşmaq olar. Bunu da qey edək ki, İslamın bəzi bölmələrində əql və nəfs müxtəlif mənalarda işlədilir. Əxlaq mövzusunda əql insanı doğruya, nəfs isə süquta çəkir. Əlbəttə ki, xoşbəxt olmaq istəyən insan yaxşıların ardınca gedəcək. Uşaq atanın əlindən tutduğu kimi, əqlin əlindən tutub çətinliklərdən keçməliyik. Səadət yolunda bizə maneə olmuş nəfs isə daim hədəfdə olmalıdır. Unutmaq olmaz ki, nəfs insanı ləzzətlərlə aldadır. Ağıllı insan anlayır ki, nəfsin ötəri ləzzətləri arxasında cəhənnəm öz qapılarını açmışdır. Nəfsin insana təqdim etdiyi bütün ləzzətlər ani, amma axirət ləzzətləri misilsiz və əbədidir. Allahla ünsiyyət, Onun mərifətini dadmaq, övliyaları ilə görüşmək əbədi bir ləzzətdir. Bu gün duyduğumuz nəfsani ləzzətlər axirət aləmi ilə müqayisədə yuxudan artıq bir şey deyil. «Fəcr» surəsinin 24-cü ayəsində buyurulur: «İnsan deyəcək: «Ey kaş, əvvəlcədən axirət həyatım üçün bir iş görəydim». «Ənkəbut» surəsinin 64-cü ayəsində isə belə buyurulur: «Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət aləmi isə şübhəsiz ki, əbədi həyatdır». Gözlərini dünyaya qapayan insan əbədi həyata düşdüyünü anlayır. İnsan bilməlidir ki, nəfsin şirin vədləri yalnız ölümə qədərdir.
İmam Sadiq (ə) buyurur: «Sən özün-özünə həkim olmalısan. Həm dərdin, həm də dərmanın sənə tanıtdırılıb. Aqil insan heç zaman sağlamlığı qoyub dərdi götürməz…».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər