Dindarlıqda möhkəmliyin, düzlüyün səmərələri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-05-2016, 04:56 | Şərh sayı: (0) | Baxılıb: 272
Dindarlıqda möhkəmliyin, düzlüyün səmərələri
Xoşbəxtlik insanın fitri istəyidir
İmam Sadiq (ə) buyurur: «Ey Cündəb oğlu, əgər bizim şiələrimiz möhkəm olsalar mələklər onlarla görüşər, buludlar onlara kölgə salar, başları üstündən və ayaqları altından onlara ruzi göndərilər, bütün istədikləri onlara əta olunar».
Bütün insanlar səadət sorağındadırlar. Onlar çətinlikdən sıxılır, xilas olmaq üçün yol axtarırlar. Amma hər zaman səadətə can atan insan həqiqi xoşbəxtliyi tanımaqda çətinlik çəkir. Çoxları belə təsəvvür edir ki, onların fitri istəyi olan xoşbəxtlik ötəri dünya ləzzətlərindədir. Ona görə də həqiqi səadəti tanımamış öz təsəvvürlərinin əmri ilə dünya ləzzətləri dalınca qaçırlar. İkinci bir qism insan isə anlayır ki, ötəri dünya ləzzətləri səadət ola bilməz. Onlar açıq-aşkar görür ki, hər hansı dünya ləzzətini xoşbəxtlik bilən insan bu ləzzətə çatdıqdan bir müddət sonra nəinki özünü xoşbəxt hiss etmir, hətta bədbinliyə qapılır. Bu insanlar səadəti nədə görürlər? Bu sualın cavabında onlar da iki qrupa bölünür: Birinci qrupa mənsub olanlar öz ağılları və ilahi peyğəmbərlərin köməyi ilə həqiqi səadəti Allaha yaxınlıqda tapırlar. Onlar əmin olurlar ki, əbədi xoşbəxtlik yalnız Allaha yaxınlıqdır. İkinci qrupa mənsub insanlar isə gecə-gündüz baş sındırır, mübahisə edir, şəkk-şübhəyə düşür və ömürlərinin son nəfəsinədək əzab çəkirlər. Həqiqi səadəti tanımaq istəyənlər və onu Allahla yaxınlıqda görənlər əvvəlcə bu məqama aparan yolu tanımalıdırlar. Amma səadəti Allahla yaxınlıqda görənlərin əksəriyyəti bu səadət yolunu tanımaq üçün lazımınca səy göstərmirlər. Onlar cəmiyyətin təsiri altına düşərək həqiqi təkamül yolundan uzaqlaşırlar. Əlbəttə ki, bu sahədə müvəffəqiyyətlər də fərqlidir. Kimi fərdi, kimi ictimai, kimi də siyasi məsələlərdə zəruri agahlığı əldə edə bilmir. Amma doğru yolu tanımaq da azdır. Bu yolu tanıdıqdan sonra hərəkətə başlamaq lazımdır. Doğru yola düşmüş insanın səadətə çatması onun iradəsindən, ifratla təfrit arasında orta həddi tuta bilməsindən çox asılıdır.
Mömin və İlahi nemətlər
Araşdırma aparıb doğru hədəfi tanıyan və düzgün əməl edən insan hansısa dünya və axirət nemətindən məhrum ola bilərmi? Allah-təala kainatı insanın təkamülə çatması və əbədi səadətə nail olması üçün yaratdığından doğru yol yolçusunun ilahi nemətlərindən məhrum edilməsi məntiqsiz olardı. Hətta azğın insanlar bu nemətlərdən faydalandığı halda, mömin şəxs nə üçün məhrum olmalıdır?! Allah-təala mömin üçün faydalı olan bütün nemətləri ona əta edir. «Hədid» surəsinin 21-ci ayəsində buyurulur: «Göylər və yer qədər geniş olan behiştə nail olmaq üçün çalışın!». Bitib-tükənməz behişt nemətləri dünya nemətlərindən tamamilə fərqlənir. Bu nemətlərdən istifadə edən doyub çəkinməz. Orada nə yorğunluq, nə zəiflik, nə də ağrı-acı olar. Doğru yolu tanıyıb onunla son məqsədə çatanlar üçün axirətdə heç bir çətinlik yoxdur. «Zuxruf» surəsinin 71-ci ayəsində buyurulur: «Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır». Əlbəttə ki, bu nemətləri təsəvvür etmək çətindir. Amma dünya nemətləri, hətta halal olduqda belə məhdudiyyətlərə məhkumdur. İnsan bu nemətlərdən istifadə edərkən həddi gözləməsə fəsadlarla üzləşər. Allah istədiyi bəndələrə dünya nemətlərini məhdud verir ki, insan bu nemətlərin əsarətinə düşüb axirət səadətinin təminatçısı olan imandan məhrum olmasın. Elə bu səbəbdən də bəzi layiqli bəndələr dünya çətinlikləri ilə üzləşirlər. Əslində dünya həyatında çətinliklər labüddür. Əgər dünya nemətlərinin çoxluğu insanı kamilləşməsi üçün faydalı olsaydı Allah öz layiqli bəndələrini bu nemətlərə qərq edərdi. Layiqli bəndələr Allaha təvəkkül edərək adətən belə dua edirlər: «Ey Rəbbimiz, bizə faydalı bildiklərini nəsib et». Beləcə, Allah öz istəkli bəndələrinə yalnız faydalı nemətlər əta edir. Əgər bir mömin üçün dünya çətinlikləri yaranırsa bu işdə məqsəd onun axirət məqamını yüksəltməkdir. Bəs bu insanlar kimdir? Yaranış məqsədini anlayanlar, yoxsa həqiqi məqsədə doğru hərəkət edənlər? Bu insanlar yəhudi, məsihi, yoxsa buddistdirlər? Bizim əqidəmizə görə yeganə doğru yol İslamdır. Axirət səadətini yalnız müsəlman anlaya bilər. İnsanın həqiqi itkisi Allaha yaxınlıqda axtarılmalıdır. Müsəlmanın həqiqi istəyi Allahdır. Allaha çatmaq üçün yeganə yol İslam göstərişlərinə əməl etməkdir. Bir müsəlmanın İslam göstərişlərindən xəbərsiz qalması qeyri-mümkündür. Demək, məqsədi tanıyan az-çox doğru yolu da tanıyır. Dünya və axirət nemətlərinə çatmaq belə bir şəxsin haqqıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər