Unudulmuş bəndələr
"Muminun” surəsinin 115-ci ayəsində qiyamət gününü unudanlara işarə ilə buyurulur: "Elə güman edirsiniz ki, sizi əbəs yerə yaratmışıq və hüzurumuza qayıtmayacaqsınız?!” "Casiyə” surəsinin 34-cü ayəsində oxuyuruq: "Bu günlə rastlaşacağınızı unutduğunuz kimi biz də bu gün sizi unuduruq.” Bu o demək deyil ki, bəzi bəndələr Allahın yadından çıxacaq. Söhbət ləyaqətsiz insanların ilahi nemətlərdən məhrum ediləcəyindən gedir. Bəli, Allah Onunla görüşə inanmayanları Öz lütfündən məhrum edər. "Taha” surəsinin 124-126-cı ayələrində oxuyuruq: "Hər kəs Məni yad etməkdən üz döndərsə həqiqətən yaşayışı çətin olar və qiyamət günü onu kor məhşur edərik. O, deyir: Pərvərdigara, məni nə üçün kor məhşur etdin, axı mən görürdüm. Ona buyurular: «Sənə ayələrimiz gəldikdə onları unutduğun kimi sən də unudulursan.» Ayədə həqiqəti anladıqları halda üz döndərənlər nəzərdə tutulur. Quran belə insanlara sıxıntılı həyat vəd edir. "Rəd” surəsinin 28-ci ayəsində buyurulur: "Agah ol ki, qəlblər yalnız Allahı zikr etməklə aram olar.” Allahı yaddan çıxaranlar ruhi sakitlikdən məhrum olur, daim iztirab çəkir. Bu sıxıntı dünya həyatını zəhərə döndərir. Axirətdə isə çətinliklər lap dözülməz olur. Dünya həyatında ilahi həqiqətləri görməməzliyə vuranlar axirət həyatına kor vəziyyətdə gətirilir.
Bəli, insan üçün ən böyük bədbəxtlik Allahın nəzərindən kənarda qalmasıdır. Səadət və kamala çatmaq istəyən insan öz yaradanına qarşı e’tinasız olmur. Allahı unudan isə özünü unudur. O, nə üçün yaradıldığını və səadətə aparacaq doğru yolu unutmaqla cəhənnəmə üz tutur.
Mövzu üzrə başqa xəbərlər:
- Qəflətdən ayılmaq və məsuliyyət daşımaq
- Namazın mahiyyəti Allahı yad etməkdir
- Səhv nəticə çıxarmaqdan qorunun!
- Zikr və Allahı yad etmək
- Namaz qılmamaq insanın dünya və axirət həyatını çətinləşdirir
- Verdiyin sözü yerinə yetir!
- Nə üçün zalım və günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur?