Möminin möminlə əlaqəsi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 25-05-2016, 11:22 | Şərh sayı: (0) | Baxılıb: 360
Möminin möminlə əlaqəsi
Əxlaqi məsələlərdən biri müxtəlif xüsusiyyətlərə malik insanlar arasındakı əlaqələrdir. İnsanlar bu münasibətlərdə bəzən ifrat, bəzən isə təfritə gedərək orta səviyyəni gözləməkdə çətinlik çəkirlər. Bəziləri çox soyuq olduqlarından heç kim onlarla ünsiyyət saxlamaq istəmir. Amma bəziləri o qədər tez təsir altına düşürlər ki, hamı onlara yaxınlaşmağa çalışır. Amma İslam orta həddi tövsiyə edir. İnsanlar bir-birlərindən faydalanmaq üçün qarşılıqlı münasibətdə olmalıdırlar. Əgər hamı soyuqqanlı olarsa ictimai birliklər yaranmaz. Əgər bir insan digər insan üçün nemətdirsə, nə üçün biri o birindən uzaq durmalıdır?
Amma asanlıqla təsir altına düşmək də bir xüsusiyyətdir. İnsan öz şəxsiyyətini qorumalı, hər deyiləni qəbul edib hər əmrə baş əyməməlidir. İfrat yumşaqlıq insanı başqalarının nəzərində alçaldır. Demək, insan nə həddindən artıq soyuq, nə də həddindən artıq mülayim olmalıdır. O, elə rəftar etməlidir ki, onunla ünsiyyət maraqlı və bu ünsiyyət hər iki tərəfin Allaha yaxınlaşmasına səbəb olsun. Hər bir insanın yaş, irs, fiziki və mə´nəvi istedad, ictimai mövqe kimi xüsusiyyətləri vardır. İnsanın qurduğu ictimai mövqedən həm yuxarı, həm də aşağıda digər ictimai təbəqələr mövcudur. İnsan özündən aşağıda və yuxarıda olanlarla hansı münasibətdə olmalıdır?
Hamını eyni bir səviyyədə bilmək yanlış fikirdir. Müəllimlə şagird, müdirlə fəhlə, ata ilə övlad arasında inkarolunmaz fərqlər vardır. İslamda hamının bərabər olduğunu əsas gətirərək əsgərin komandirə tabe olmaması tamamilə məntiqsizdir. Rəvayətdə buyurulur: «Bütün müsəlmanlar darağın dişləri tək bərabərdirlər»(«Biharul-ənvər», cild 78.). Lakin bu rəvayətdə müxtəlif ictimai vəzifəyə malik müsəlmanlar yox, Allah qarşısında ümumi bəndəlik nəzərdə tutulur. İctimai işdə rəhbərlik məsuliyyəti daşıyan müsəlmana itaətsizlik ümumi işi müvəffəqiyyətsizliyə aparır. Bu itaətsizlik adətən zəif iradəli insanlarda baş verir. Öz zəifliyini ört-basdır etmək istəyən insan bir pillə hündürdə dayanan müsəlmana qarşı çıxıb «mən səndən əskik deyiləm» demək istəyir. Amma tabeçilikdə olan şəxsin etirazı haqlı da ola bilər. Amma bütün bu zərurətlər müsəlman cəmiyyətinin xeyrinə olduğu üçün hər müsəlman öz vəzifəsinə əməl etməlidir. Mömin insan nəfsani istəklərə uyub tabeçiliyində olduğu şəxslə dava-dalaşa yol vermədən öz vəzifəsinə əməl etməlidir. İnsan özündən aşağıda dayananlara həqarət gözü ilə baxmamalıdır. Allah-təala Qurani-Kərimdə buyurur: «Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan daha yaxşı olsunlar»(«Hucərat» surəsi, ayə 11.).
Ey böyük vəzifələrdə işləyənlər! Sizə tabe olanlarla insani rəftar edin! Sizin otağınızı süpürən o qarayanız yeniyetmə Allahın lütfü və öz istedadı ilə daha uca mərtəbələrə qalxa bilər. Bu gün elə edin ki, sabah onun məhəbbətli baxışları qarşısında xəcalət çəkməyəsiniz.
Mərifətli rəislərə ehtiram
Çox az müsəlmanlar imam və rəhbər qarşısında ciddi məsuliyyət hiss edirlər. Söhbət sırf İmam Zaman (ə) canişinindən getmir. Mövzuda hər hansı bir qrupa və işə ədalətlə başçılıq edənlər nəzərdə tutulur. Cəmiyyətdə iki cür rəhbər və müdirlə rastlaşırıq: tutduğu vəzifəyə layiq olanlar və layiq olmayanlar. Cəmiyyət ləyaqətsiz insanların rəhbərliyinə yol verməməlidir. Amma ləyaqətli rəhbərlərə itaət etməklə cəmiyyətin problemlərini aradan qaldırmaq zəruridir. Bütün insanlar səhv etdiyi kimi, müdir də səhv edə bilər. Təsadüfi bir səhvə görə ləyaqətli bir insanı işdən uzaqlaşdırmaq olmaz. «Ənfal» surəsinin 46-cı ayəsində buyurulur: «Allah və onun peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər, gücdən düşərsiniz».
Bəziləri elə güman edirlər ki, təvazö hər əmrə tabe olub, hər deyilənlə razılaşmaqdır. Bu təvazö yox, ağılsızlıqdır. Belə bir hərəkət insanın istedadlarını öldürür, onu müqəvvaya çevirir. Bəli, insanı eqoizmdən, təkəbbürdən, yersiz müxalifətçilikdən çəkindirən təvazö kamil insanlara məxsus fəzilətdir. Şeytanı məhv edən özünü böyük bilməsi oldu. Çox böyük insanlar, hətta din alimləri təkəbbür ucbatından uçuruma yuvarlanıb. İnsanın ifrat təvazösü də təkəbbür kimi düşməndir. İfrat dərəcədə təvazökar olan insanlar cəmiyyətdə layiq olduqları mövqedən məhrum olurlar. Belə insanların bir küncə çəkilib oturması cəmiyyətə çox böyük zərbə vrur.
Həzrət (ə) buyurur: «İnsan öz tövhidi (dini) baxışında başqalarına ümid etməyib, yalnız Allaha bağlanıb, Ondan kömək istəməlidir. Diqqətini Allaha yönəldən şəxs insanlara möhtac olmaqdan qurtulur və onun istedadları çiçəklənir. Allahla bağlılıq gücləndikcə insanın ictimai şəxsiyyəti ucalır və o, başqalarına əl açmamaqla hörmətə çatır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər