Çox yatmağın və çox danışmağın pis təsirləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-05-2016, 19:50 | Şərh sayı: (0) | Baxılıb: 688
Çox yatmağın və çox danışmağın pis təsirləri
Əxlaq alimləri çox yatmaqla çox danışmağı insanın təkamül yolunda ciddi maneələr hesab edirlər. Məsələn, çox yemək kimi digər manelər də vardır. Bu sadalananlar ləzzətli olduğu üçün insanın diqqətini cəlb edir. Əslində isə zəruri ehtiyacdan artıq yatmaq, danışmaq, yeməyin, hətta dünya həyatı üçün də heç bir faydası yoxdur. Bu işlər insanın qiymətli vaxtını əlindən alıb onun dünyəvi işlərinə ciddi zərbə vurur. İnsan çox yeməklə və yatmaqla vaxt itirir, çox danışmaqla enerji itkisinə məruz qalır. Vəzifəsinin tərkib hissəsi danışmaqdan ibarət olan müəllimlərin, natiqlərin fiziki cəhətdən zəifliyi deyilənlərə sübutdur. Bu insanlar danışıb qurtardıqdan sonra möhkəm yorğunluq hiss edirlər. Sözsüz ki, çox danışmaq məzəmmət olunarkən insanlara elm öyrədib doğru yolu təbliğ edənlər nəzərdə tutulmur. Söhbət boş yerə çox danışmaqdan gedir. Vacib olmayan yerdə danışmaq bəzən insanı cəhənnəmə də apara bilər. İnsan üçün böyük günah hesab olunan qeybət, böhtan söz gəzdirmə çox danışmağın nəticəsidir. Çox danışmağa adət etmiş insan üçün bu iş ləzzət verir.
İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyurur ki, gecələr az yat, gündüzlər az danış. Həzrət sözünün davamında həzrət Süleymanın anasının ona dediklərini xatırladır: «Çox yatmaq səni kasıb edər». Əgər yatmaqda məqsəd yorğunluğu aradan qaldırıb yeni qüvvə əldə etmək deyilsə, belə yuxu faydasızdır. Ömür o qədər də uzun deyil ki, insan onu faydasız yuxularla puça çıxarsın. Ömürün qədrini bilən çox yatarmı?
Çox danışmağa vərdiş edən insanlar özünə nəzarət etməkdə çətinlik çəkir. Belə adamlar üçün susmaq zindanda oturmaq kimidir. İmam Sadiq (ə) buyurur: «Bədən üzvləri arasında göz və dil qədər naşükrü yoxdur». Hər bir üzv insanın ona göstərdiyi xidmət müqabilində xidmət göstərir. Amma göz və dil belə deyil. Çox vaxt yuxuda olan göz, boş yerə enerji sərf edən dilin faydası nədir?! Amma nurunu təhsilə sərf edən gözün, ibadətə məşğul olan dilin xidmətini inkar etmək olmaz.
İfrat və təfrit yuxudan pəhriz
Ümumiyyətlə, insan ifrat və təfritdən çəkinməli, bütün işlərdə orta həddi gözləməlidir. Bəzən insan az yatmağın faydaları haqqında eşidib yuxu müddətini o qədər azaldır ki, öz sağlamlığını təhlükəyə atır. İnsan orqanizmi istirahətə möhtacdır. Qurani-Kərimdə ilahi nemət olan yuxu haqqında buyurulur: «Biz yuxunu sizin istirahətiniz üçün müəyyən etdik»(«Nəbə» surəsi, ayə 9.).
Bəzi insanlar yuxusuzluqdan əziyyət çəkir. Onlar bunun qarşısını almaq üçün müxtəlif dərman perepartlarına aludə olurlar. Bu aludəçiliyin mənfi nəticələri gizli deyil. Ona görə də insan təbii yuxunun qədrini bilməlidir. Qədərindən artıq yatmaq normal həyat fəaliyyətini korlayır. Ayrı-ayrı insanların yuxuya olan ehtiyacı müxtəlifdir. Zəruri yuxu müddətinin təyinində insanın yaşı, peşəsi, sağlamlıq vəziyyəti mühüm şərtlərdəndir. Hər bir insan ya şəxsi təcrübəsi, ya da həkim göstərişi əsasında nə qədər yatmalı olduğunu daha yaxşı bilir. Normal yuxu rejimi qurmayanlar sonralar bunun əziyyətini çəkir. İslam dinində gecə yarı ibadət etmək tövsiyyə olunur. Amma gecəni bir müddət oyaq qalmaq əsas vermir ki, insan gündüz çox yatsın. Çünki gecə yatıb gündüz işləmək təbiidir. Yer kürəsinin bəzi nöqtələrindən bir neçə ay gecə, bir neçə ay gündüz olur. Uyğun məntəqələrdə yaşayanlar yuxu və iş rejiminə ciddi əməl edirlər. Əksər məntəqələrdə isə gecə və gündüz bu işdə insanlara köməkçidir. «Muzzəmmil» surəsinin 6-7-ci ayələrində buyurulur: «Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və söz demək (dua) daha münasibdir. Çünki gündüz sənin uzun-uzadı davam edən işlərin vardır».
Bəli, gecə yuxu üçündür. Bununla belə, insan yuxuya olan ehtiyacını müəyyənləşdirməlidir. Gün batandan gün doğana dək yatmaq zəruri hesab olunur. Allah-təala öz peyğəmbərinə buyurur: «Gecənin az bir hissəsi istisna olmaqla qalxıb namaz qıl»(«Muzzəmmil» surəsi, ayə 2.). Ayədən göründüyü kimi insan, orqanizm üçün az miqdar yuxu kifayət edir. «Zariyat» surəsinin 17-ci ayəsində oxuyuruq: «Onlar (müttəqilər) gecələr az yatırdılar». Əgər insan günün yarısını yatmalı olsaydı, Quran uyğun ayəni buyurmazdı.
Yuxu rejimi
Əgər rəvayətlərdəki göstərişlərə əməl etsək, az yatmaqla yuxuya olan ehtiyacımızı təmin edə bilərik. Yuxunun əsas hissəsini gecə yarıdan əvvələ salmaq çox faydalıdır. Təəssüf ki, bu günki həyat şəraiti yuxunun əsas hissəsini gecə yarıdan sonraya saxlamağa vadar edir. Peyğəmbər (s) və məsum imamlar dövründə əksəriyyət dini göstərişlərə əməl etdiyindən, gecənin proqramı belə idi: məğrib namazını cəmiyyətlə qılıb evə gedərdilər. Şam yeməyini yeyib işa namazını qılmaq üçün məscidə qayıdardılar. Məsciddən qayıdıb yatardılar. O dövrün həyat şəraiti belə bir proqramın gerçəkləşməsi üçün yardımçı idi. Məsələn, elektrik olmadığından gecənin qaranlığı tez yatmağa səbəb olurdu. Gecənin əvvəl vaxtında yatmaqla yuxuya olan ehtiyac ödənir, insan rahatcasına yuxudan oyanıb sübh namazını qılır. Təbii ki, gecə yarıyadək televizora baxan insan üçün sübh namazına durmaq problemə dönür. Bir zaman müsəlmanlar gecə yuxusuz qaldıqda gündüz günortadan qabaq yarım saat yatardılar. Bu yuxu «qəylulə» adlanardı. Bu yorğunluğu aparar, günorta namazı üçün xoş əhval-ruhiyyə yaradardı. Belə bir rejim az yatmaqla yuxuya olan ehtiyacı təmin etməyə imkan yaradır. Bu günki həyat şəraiti fərqli olsa da insan proqram tutmaqla vaxtdan səmərəli istifadə edə bilər. İnsan öz vaxtını çox vaxt səmərəsiz, bəzən isə günaha səbəb olan filmlərin tamaşasına sərf etməməlidir. Xüsusi ilə tələbələr nəzərə almalıdılar ki, gecənin əvvəl vaxtı mütaliədən gecənin sonundakı mütaliə daha faydalıdır. Gecə yarıdan gündoğanadək olan müddətdə insanın zehni aydın olduğundan həmin vaxtda mütaliə, eləcə də, gecə namazı və Quran qiraəti üçün münasib fürsət yaranır. Əsas məsələ az yatmaq yox, səmərəli işlər üçün daha çox vaxt əldə etməkdir. Əgər insan gecəni oyaq qalıb faydasız və günah işlərlə məşğul olacaqsa, şəksiz ki, oyaq qalmağa dəyməz. «Gecənin bir qismində Ona səcdə et, Ona həmd oxu»(«İnsan» surəsi, ayə 26.). «Gecənin bir vaxtı durub sənin üçün faydalı olan gecə namazı qıl»(«İsra» surəsi, 79.).
Rəvayətə görə İslam Peyğəmbəri (s) gecələr bir neçə dəfə oyanarmış. Möminlər üçün müstəhəbdir ki, gecə yarıdan keçmiş oyanıb dörd rəkət nafilə namazı qılıb yatsınlar. Sonra yenidən durub daha dörd rəkət nafilə qılsınlar… Sözsüz ki, belə bir proqram hər möminin qüvvəsi daxilində deyil. Bəziləri gecə namazına durduğu üçün sübh namazını qəzaya verir. Belə olmaz. Ömrünü hədərə vermək istəməyənlər oyaq qaldıqları vaxtda hansı işi görəcəklərini dəqiqləşdirməlidirlər. Amma vaxtın necə keçməsindən xəbərsiz qalmağı xoşlayanlar şeytan tələsindən qorunmalıdırlar. Şeytan şadlanar ki, insan gecəni oyaq qalıb əxlaqsız filmlərdən, boş-boş söhbətlərdən feyziyab olsun. Fərdi ibadət üçün əlverişli olan gecədən fərqli olaraq gündüz ictimai işlər, təhsil, tədris və s. işlər üçün daha uyğundur. Cəmiyyətin ehtiyaclı olduğu hər hansı bir iş böyük ibadətdir. Həzrət Peyğəmbər (s) imam Əli (ə) və sair imamların gündəlik işlərindən biri insanlara yardım idi. Əgər gecə ibadətləri kimin üçün çətindirsə də heç olmasa gündüz ehtiyaclılara kömək əli uzadaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər