ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏR (yaxşılığa dəvət və pislikdən çəkindirmək) ictimai bir nəzarətdir |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 18-12-2015, 08:59 | Şərh sayı: (0) | Baxılıb: 414
ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏR (yaxşılığa dəvət və pislikdən çəkindirmək) ictimai bir nəzarətdir
Lüğətdə “məruf” sözü “tanınmış”, “munkər” sözü tanınmamış mənasını bildirir. Beləcə, ağılın hökmü ilə yaxşı sayılan və şəriətdə əmr olunan vacib və müstəhəb işlər “məruf”, ağıl baxımından çirkin sayılan, şəriətin qadağan etdiyi haram və məkruh işlər “munkər” adlandırılmışdır.
Müsəlmanın mühüm vəzifələrindən biri başqalarını yaxşılığa təşviq etmək və pislikdən çəkindirməkdir. Bu baxımdan bütün insanlar öz əməlləri və başqalarının əməllərinə görə məsuliyyət hiss etməlidirlər. Bu sayağı ictimai nəzarətlə insanlar yaxşılığa dəvət olunmalı, pis işlərdən çəkindirməlidir. İslam məntiqində fərdlərin cəmiyyətdə baş verən hadisələrə nəzarəti onların təbii haqqıdır. Çünki insanların taleyi bir-birindən asılıdır. Heç bir pis iş məhdud çevrədə qalmır. İstənilən bir çirkin əməl və günah hansısa dərəcədə ictimai bəlaya çevrilir.
Həzrət Peyğəmbər (s) buyurur ki, günahkar insan cəmiyyət arasında gəmidə oturduğu yeri deşən kəs kimidir. Ona etiraz edildikdə deyir ki, mən öz oturduğum yeri deşirəm. Hansı ki, bu adamın qarşısı alınmasa bir müddət sonra gəmi suya qərq olasıdır.
Qurani-kərimdə bu mövzu ilə bağlı buyurulur: “İmanlı kişilərin və qadınların bir-birləri üzərində vilayəti var, onlar bir-birlərinin yardımçısıdırlar, bir-birlərini yaxşılığa çağırır, pislikdən çəkindirirlər.” (Surə 9, “Tövbə”, ayə 71)
Quran baxımından imanlı insanlar bir-birləri qarşısında məsuliyyət daşıyırlar. Onlar bir-birlərini yaxşılığa çağırmağa və pislikdən çəkindirməyə borcludurlar.
Allah-taala Qurani-kərimdə əmr be məruf və nəhy əz munkəri müsəlmanların imtiyazı sayır. Bu imtiyaz səbəbindən müsəlmanlar ən üstün ümmət adlandırılırlar: “Siz bəşəriyyətin xeyrinə varlıq mərhələsinə qədəm qoymuş ən üstün ümmətsiniz. Çünki yaxşılığa dəvət edir, pislikdən çəkindirirsiniz.”
Bu vacib əmrin yerinə yetirilməsi Allaha iman, fərdi və ictimai qanunların icrası üçün zəmanətdir. Bu vəzifəyə münasibətdə səhlənkarlıq iman ruhunu zəiflədir, onun sütunlarını laxladır. Nəticədə, cəmiyyətə rəhbərlik ləyaqətli insanların əlindən çıxır, şər insanların əlinə düşür. Bəli, əmr be məruf və nəhy əz munkər yoxsa, müsəlmanlar izzət zirvəsindən zillət uçurumuna yuvarlanırlar.
Bu ilahi göstərişin əhəmiyyətini lazımınca dərk etmək üçün dini rəhbərlərin bir sıra buyuruqlarını nəzərdən keçirək.
1. Nə qədər ki, mənim ardıcıllarım əmr be məruf və nəhy əz munkər edir, yaxşılıq və təqva üçün səfərbərdir, xeyir və səadətdədirlər. Elə ki bu işdən əl çəkdilər, xeyir və bərəkət aradan qalxar, bəziləri bəzilərinə hakim olar, yerdə və göydə onlara yardımçı tapılmaz.”
2. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin ən uca şəhidi sitəmkar hakim qarşısında dayanıb, onu yaxşılığa çağıran, pislikdən çəkindirən və bu yolda öldürülən şəxsdir. Belə bir şəhidin yeri behiştdə Həmzə ilə Cəfər arasındadır.”
3. Həzrət Əli (ə) buyurur: “Bütün yaxşı işlər, hətta Allah yolunda cihad əmr be məruf və nəhy əz munkərlə müqayisədə dənizlə müqayisədə damla kimidir.”
4. İmam Baqir (ə) buyurur: “Əmr be məruf və nəhy əz munkər Allahın vacib buyurduğu iki vəzifədir. Bu iki əmr vasitəsi ilə digər vacib əmrlər bərpa olar, yollarda əmin-amanlıq yaranar, qazanclar halal olar, insanların haqları təmin edilər, yer üzü abadlığa doğru gedər, Allah düşmənlərindən intiqam alınar, bütün işlər yoluna düşər.”
5. İmam Riza (ə) buyurur: “Əmr be məruf edib pisliklərin qarşısını alın. Yoxsa pis adamlar sizə hakim olar, yaxşılarınızın da duası qəbul olmaz.”
Bir şübhəyə cavab: Bəzən irad tuturlar ki, belə bir göstərişə əməl olunması şəxsi səliqəsi ilə hərəkət edənlər üçün özbaşınalıq yaradır, cəmiyyətdə asayiş pozulur. Cavab olaraq deməliyik ki, əmr be məruf və nəhy əz munkərin dərəcələri var. Əgər əmr be məruf və nəhy əz munkərə əməl edərkən bir şəxsi öldürmək, yaralamaq, vurmaq zəruri olarsa şəri hakimdən icazə alınmalıdır. Demək, bu əmrə itaət nəinki hərc-mərclik yaratmır, hətta ölü və hərəkətsiz cəmiyyəti hərəkətə gətirir, fəallaşdırır. Belə bir cəmiyyətdə insanlar bir-birlərinin əməllərinə nəzarətçidirlər.
Əmr be məruf və nəhy əz munkərin şərtləri
Aşağıda göstərilən şəraitdə əmr be məruf və nəhy əz munkər vacibdir və onu tərk etmək günah sayılır:
1. Bu vəzifəni yerinə yetirmək istəyən insan “məruf” və “munkəri” bir-birindən seçə bilməlidir. Nəyin yaxşı, nəyin pis olduğunu bilməyən şəxs uyğun vəzifəni yerinə yetirə bilməz.
2. Ehtimal olunmalıdır ki, əmr və qadağanın təsiri olacaq. Əgər deyilən sözlərin təsirsiz qalacağı məlumdursa, bu vəzifə vacib deyil.
Şoranlıq torpaqda sünbül cücərməz,
Toxumu zay etmə, başqa bir yer gəz.
3. İnsan bilməli və əmin olmalıdır ki, günahkar şəxs günahını davam etdirmək fikrindədir. Əgər günahın davam etdiriləcəyi məlum deyilsə və belə bir ehtimal yoxsa, əmr və qadağa vacib deyil.
4. Bu vəzifənin yerinə yetirilməsi daha böyük fəsad yaratmamalıdır. Əgər insan bilərsə və ya ehtimal edərsə ki, bu vəzifəni yerinə yetirməsi onun və başqalarının canı, şəxsiyyəti və malı üçün ciddi zərərə səbəb olacaq, belə bir halda əmr və qadağa haramdır.
5. Əgər əmr be məruf və nəhy əz munkər etmək istəyən insandan öncə kimsə bu işi görmüşsə və nəticə alınmışsa, əmr və qadağa vacib olmur. Çünki bu vəzifə “kifayi vacib” vəzifələrdəndir. Başqaları onu yerinə yetirdiyi vaxt insanın öhdəsinədən götürülür.
Məndən qabaq demişlərsə bir sözü,
Qarışmağım yersiz olardı düzü.
Korun qarşısına çıxarsa quyu,
Mən görürkən kim çəkməli harayı.
Sual: İnsanları müstəhəb işlərə dəvət etməyin, onların məkruh işlərdən işlərdən çəkindirməyin hökmü nədir?
Cavab: Bu qəbil əmr və qadağa müstəhəb əmr və qadağadır.
Sual: İnsanın canı və malı üçün istənilən bir təhlükə olduqda bu vəzifə hdədən götürülürmü?
Cavab: Xeyir. Elə hallar var ki, bu vəzifə insanın öhdəsindən götürülmür. Quran, müsəlmanların inancı və müstəqilliyi üçün təhlükə yarandıqda hətta can və maldan keçib onları qorumaq lazımdır. Əlbəttə ki, bu halda şəri hakimin icazəsinə ehtiyac var.
Əmr be məruf və nəhy əz munkərin mərhələləri
Bu mühüm vəzifəni yerinə yetirmək üçün dərəcə və mərtəbələr mövcuddur. Əgər aşağı mərtəbə ilə məqsədə çatmaq mümkün deyilsə, növbəti mərhələyə geçmək olar. Uyğun mərtəbələrlə tanış olaq:
1. Rəftarla hərəkət: ilk addımda günahkarla elə rəftar edilməlidir ki, o günaha görə bu rəftara məruz qaldığını hiss etsin. Məsələn, ondan üz çevirmək, xoş davranmamaq, get-gəli kəsmək nümunə göstərilə bilər.
2. Dil ilə hərəkət: Bu mərhələdə günahkara nəsihət verilir, o doğru yola çağırılır. Əgər moizə-nəsihət təsir etmirsə, sərt danışmaq lazımdır.
3. Əməli hərəkət: Əgər günahkarı zor göstərmədən pis işdən çəkindirmək və ya yaxşı işə sövq etmək mümkün deyilsə, ona güc göstərilməlidir. Amma bu addım qarşı tərəfin yaralanması və ya ölümü ilə nəticələnə bilərsə, özbaşına hərəkət etmək olmaz. Bu şəraitdə zəruri şərtlərə malik müctəhiddən icazə alınmalıdır.
Bir neçə tövsiyə
1. Əmr be məruf və nəhy əz munkərdə məqsəd fərd və cəmiyyətin islahı olmalıdır. İnsan canıyananlıq, xoş niyyətlə bu işi görməlidir. Əmr və qadağada intiqam hisslərinə, kin-küdurətə yol verilməməlidir.
2. Əmr və qadağada imkan həddində lütf və məhəbbət göstərilməlidir. Bu üsul ən təsirli üsuldur. Sərt rəftarların gözlənilməz nəticələri də olur. Peyğəmbərlərin və məsumların rəftarlarından aydın olur ki, məhəbbət göstərməklə ən yola gəlməz adamları da islah etmək olur.
3. Bəzilərinin əmr və qadağası təsirsiz qaldığı halda başqaları özlərini təsirli görərsə, bu yönümdə addım atmalıdır.
4. Bəzən bu ilahi vəzifəni yerinə yetirmək bir nəfərin əlindən gəlmir və bu işdə ümumi şəkildə hərəkət edilməlidir.
5. Əmr və qadağa vəzifəsinin öz çətinlikləri var. Çünki bəzi mənafepərəst insanlar həqiqəti asanlıqla qəbul etmir. Onlar bəzən insanları yaxşılığa çağırıb, pislikdən çəkindirənləri hədəfə alırlar. Demək, bu işdə səbirli və dözümlü olmaq, kiçik bir çətinlik gördükdə meydanı boş buraxmamaq lazımdır. Həzrət Loğman oğluna nəsihətlərində deyir: “Oğlum! Namaz qıl, insanları yaxşılığa çağır, pislikdən çəkindir. Bu işdə nə əziyyət çəksən səbirli ol, belə etməyin işlərdə sabitqədəmlik göstəricisidir.” (Surə 31, “Loğman”, ayə 17)
6. Hazırkı dövrdə mədəniyyət mərkəzlərinin yaradılması, kitab nəşri, radio və televiziya proqramları insanların əqidə, əxlaq və əməlinə əhəmiyyətli təsir göstərir. Bu istiqamətdə çalışmaq çox mühümdür. Hər kəs öz gücündə bu yönümdə addım atmalıdır. Kütləvi informasiya vasitələrində gözəl əxlaq, insani keyfiyyətlər, İslam mədəniyyəti təbliğ olunmalıdır. Bu istiqamətdə çeşidli proqramlar həyata keçirmək, qeyri-İslami, açıq-saçıq layihələrdən çəkinmək lazımdır.
Ayətullah-üzma Musəvi Ərdəbili
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər