İmam Zamanla (ə.f) görüşənlər «On səkkizinci görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-05-2016, 05:09 | Şərh sayı: (0) | Baxılıb: 339
İmam Zamanla (ə.f) görüşənlər «On səkkizinci görüş»
Mərhum Hacı Nuri "Nəcmus-Saqib”də daha çox "Ali-Talib” kimi tanınan böyük alim Şeyx Baqir Kaziminin dilindən belə bir əhvalat nəql edir:
"Ali-Rəhim” sülaləsindən olan Şeyx Hüseyn Rəhim adlı mö`min bir şəxs (eləcə də bu əhvalatı Hindlilər məscidinin imamı, son dərəcə təqvalı və hamının e`timadını qazanan Şeyx Taha da) nəql edir ki, Şeyx Hüsey Rəhim son dərəcə mö`min, təqvalı və gözəl təbiətli bir şəxs idi. Ağ ciyər xəstəliyinə tutulduğundan çox əziyyət çəkir, hətta bə`zi hallarda qanlı öskürürdü də.
Amma onun dərdi bununla bitmirdi. Yoxsulluqdan əziyyət çəkən Şeyx Rəhim hətta özünün gündəlik ehtiyaclarını belə ödəyə bilmirdi. Bu səbəbdən də bir çox hallarda Nəcəf-Əşrəfin ətrafında məskunlaşmış ərəblərin yanına gedib onlardan yemək-içmək alardı. Belə bir ağır şəraitdə qonşuluğunda yaşayan qıza aşiq olmuşdu.
Amma yoxsul və xəstə olduğundan qızı ona vermirdilər. Bu səbəbdən də son dərəcə mə`yus və kədərli idi. Yoxsulluq və xəstəlik ona o qədər güc gəlir ki, belə qərara gəlir Nəcəf-Əşrəfdə ehtiyacların aradan qaldırılması üçün tövsiyə edilmiş əməlləri o da yerinə yetirsin. Həmin əməl isə qırx çərşənbə axşamı Kufə məscidinə gedib, fədası olduğumuz İmam Zamanla (ə) görüşüb istəklərin ondan istənilməsindən ibarət idi.
Nəhayət, o qırx çərşənbə axşamı Kufə məscidinə gedib, İmam Zaman (ə)-dan kömək diləyir.
Mərhum Şeyx Baqir Kazimi deyir:
Şeyx Hüseynin özü deyir ki, mən qırx çərşənbə axşamı Kufə məscidinə getdim və çalışdım ki, bir dəfə də olsun fasilə verməyim. Sonuncu çərşənbə axşamı yenə Kufə məscidinə getdim. Qış fəsli olduğu üçün hava bir qədər soyuq və buludlu idi, az-az yağış da yağırdı.
Sinəmdən qan gəldiyindən və onun qarşısını almaq üçün heç bir vasitəm olmadığından məscidin həyətindəki oturacaqda oturmuşdum. Mənim geyinmək üçün isti paltarım da yox idi. Özümlə yalnız bir az qəhvə gətirib kiçik ocaq qalamışdım ki, bir-iki fincan içib özümə gəlim. Ətrafda kimsə yox idi, bunun üçün də çox darıxırdım. Dərdim-qəmim çoxalır, dünya gözlərim önündə zülmət bir yerə çevrilirdi: İlahi! Qırx çərşənbə axşamıdır ki, bura gəlirəm, bu vaxta qədər nə bir adam görmüşəm, nə birisi mənə özünü göstərib, nə də ki, istəyim yerinə yetmişdir. Axı bu qədər əzab-əziyyət çəkmişəm... Neçə-neçə axşamlar ümid bağlayaraq qorxu-hürkü ilə buraya gəlmişəm, amma bir xəbər yoxdur.
Bu fikirdə bir fincan qəhvə süzüb içmək istəyirdim ki, bir də gördüm bir nəfər ərəb birinci qapıdan məni görüb yanıma gəlməyə başladı. Uzaqdan onu görcək, narahat oldum və öz-özümə dedim ki, yəqin o da məscidin ətrafında yaşayan çöl ərəblərindəndir. Gəlib az olan qəhvəmi də içəcək və məni bu soyuq havada qəhvəsiz qoyacaqdır. Bu səbəbdən daha çox narahat olmağa başladım. Nəhayət, həmin şəxs mənə yaxınlaşıb adımı çəkərək salam verdi və qarşımda əyləşdi. Adımı haradan bildiyindən təəcübləndim. Çünki o vaxta qədər məni hələ bir dəfə də olsun görməmişdi. Sonra öz-özümə belə fikirləşdim ki, bəlkə də o Nəcəf-Əşrəfin kənarında yaşayır və mən bir gün onların yanına gedib qonaqları olmuşam. Bunun üçün də ondan hansı tayfadan olduğunu soruşdum. Dedi: Mən onların bə`zilərindənəm. Bundan sonra mən ondan həmin məntəqədə yaşayan hər bir tayfa barədə sual verib soruşdum: Siz o qəbilədənsiniz? Dedi: Xeyr, onlardan deyiləm.
Dəqiq cavab vermədiyindən əsəbiləşib məsqara edərək dedim: Sən "Tər-təri” qəbiləsindən deyilsən ki? Amma o əsla narahat olmayıb gülümsəyərək dedi: Eybi yoxdur, ürəyin necə istəyir, məni oralı hesab et. Amma sən de görüm, nə üçün bura gəlmisən? Dedim: Sənin buraya nə üçün gəldiyimi bilməyinin heç bir faydası yoxdur. Dedi: Axı bura nə üçün gəldiyini mənə deməyinin nə zərəri var? Onun gözəl əxlaq və danışıq tərzindən xoşum gəldi və onunla söhbət etdikcə, ona qarşı yaranan məhəbbətim daha da artmağa başladı. Cibimdən tütün çıxarıb çubuğumu doldurub ona təklif etdim. O isə istəməyib dedi: Özün çək, mən istəmirəm.
Sonra bir fincan qəhvə süzüb ona verdim. Fincanı əlimdən alıb dodaqlarına vurub sonra mənə verib dedi: İç bunu.
Qəhvəni alıb içməyə başladım. Nədənsə ona məhəbbətim daha da artırdı. Qəhvəmi içib qurtardıqdan sonra dedim: Ey qardaş! Allah-təala bu gecə səni göndərib ki, mənimlə həmsöhbət olasan. Mənimlə birgə həzrət Müslimin qəbri üstə getmək istəyirsənmi? Dedi: Bəli, gedərəm, amma gərək sən öz şərhi-halını mənə danışasan. Dedim: Yaxşı, danışaram. Mən yoxsul bir adamam, özümü tanıdığım gündən də elə bu vəziyyətdə olmuşam. Neçə ildir ki, sinəmdən qan gəlir və necə müalicə olunacağımı da bilmirəm. Özüm də cavan oğlan və subayam. Qonşuluğumuzda bir qız var ki, onu sevirəm, amma onu mənə vermirlər. Ruhanilər mənə dedilər ki, əgər istəyinə nail olmaq istəyirsənsə, həzrət Sahibəzzaman (ə)-dan kömək dilə və qırx çərşənbə axşamı Kufə məscidinə gedib orada gecələ. Orada Həzrəti görüb ondan öz hacətini dilə. Bu gecə isə qırxıncı gecədir. Bu qədər zəhmət çəksəm də hələ bu günə qədər onu görməmişəm. Bu da mənim istəyim. Dedi: Sinən bu gündən yaxşılaşacaq və o qızı da sənə verəcəklər. Amma necə yoxsulsansa, ömrünün sonunadək eləcə yoxsul qalacaqsan.
Mən onun nə üçün belə danışdığını başa düşə bilmədim və bir daha ondan soruşdum: Həzrət Müslimin qəbri üstə getmirik? Dedi: Qalx gedək.
Özü qabağa düşüb məscidə tərəf getdi və məscidə çatdıqda mənə dedi: İki rükət məscid namazı (təhiyyət namazı) qılaqmı? Dedim: Niyə ki, qılaq.
O qarşıda durdu, mən də bir qədər arxada durub namaz qılmağa başladım. Həmd surəsini oxuduğu zaman onun qeyri-adi halda qiraət etdiyini və namaz qıldığını hiss etdim. Belə fikirləşdim ki, bəlkə də o, İmam Zaman (ə)-ın özüdür. Namaz qıldığı vaxt onu böyük bir nur əhatə etmişdi və mən heç cür onu görə bilmirdim. Amma namazın sözlərini qiraət etdiyini eşidirdim. Namazı kəsmək istədim, amma həzrətin qorxusundan kəsmədim və bir təhər namazımı qılıb qurtardım. Amma namazdan sonra gördüm ki, onu hər tərəfdən əhatə edən nur yuxarı qalxdı. Mən ağlaya-ağlaya çöldə ona qarşı hörmətsizlik etdiyim üçün üzrxahlıq istəyib dedim: Ağa! Mənə həzrət Müslimin qəbri üstə getməyi və`d vermişdiniz. Elə sözümü başa vurmamış gördüm ki, nur qəbirə tərəf hərəkət etdi. Mən də onun dalınca düşdüm. Gördüm ki, həmin nur həzrət Müslimin günbəzi altında dayandı. Gördüm o da oradadır. Mən isə elə hey göz yaşları axıdırdım. Səhər açıldıqda, nur göylərə ucaldı.
Bu əhvalatdan sonra sinəm tamamilə sağaldı və bir neçə gündən sonra o qızı mənə verdilər. Amma yoxsulluq isə eləcə davam etdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər