İmam Zamanla (ə.f) görüşənlər «Birinci görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-05-2016, 18:36 | Şərh sayı: (0) | Baxılıb: 466
İmam Zamanla (ə.f) görüşənlər «Birinci görüş»
Cəmkəran məscidi... Bura İmam Zaman (ə)-ın aşiqlərinin onunla ruhən görüşdükləri bir məkandır. Bilirsinizmi bu əzəmətli və mə`nəviyyatla dolu olan məscid necə tikilmişdir? Bilirsinizmi bu müqəddəs məkan nə üçün İmam Zamanla (ə) görüş yerinə çevrilmişdir?
Bu məscid min il bundan qabaq Qum şəhərində elmi hövzə tə`sis olunması məqsədilə dəftərxana olaraq İmam Zaman (ə)-ın aşiqlərinin onun müqəddəs vücudu ilə görüşə bilmələri üçün tikilmişdir. Hal-hazırda bura camaatın İmam Zamanla (ə) görüş diyarı və öz hacətlərini ondan aldıqları dilək yeridir. Əgər bu məsciddə yalnız İmam Zaman (ə)-ın hüzuru və onunla əlaqədar nəql olunan görüşləri bir yerə yığmaq istəsək, bəlkə də yüzlərlə əhvalat nəql edə bilərik. Amma nə etmək olar ki, bu görüşlərə nail olan bə`zi şəxslər görüşlərin onların şəxsi həyatı ilə birbaşa əlaqəsi olduğu üçün onları nəql etməyə icazə verməmişlər. Bu görüşlərdən bə`ziləri Ali-Məhəmmədin sirlərilə əlaqəli olduğu üçün biz onlar barədə söhbət açmayacağıq. Hər halda, Cəmkəran məscidi bu günlər bəlkə də, Qumdakı həzrət Mə`sumənin ziyarətgahından daha çox ziyarət edilir. Bir neçə il bundan əvvəl, hətta cümə axşamlarında belə orada çox az sayda insan göründüyü halda, lakin indinin özündə bu məscidin minlərlə İmam Zaman (ə) aşiqinin ziyarətgahına çevrildiyi şübhəsizdir.
Qeyd etmək lazımdır ki, bu məscidin əhəmiyyət və əzəmətini gözdən salmaq və ya şübhə altına almaq istəyən "zirək” düşmənlər və bə`zən də nadan dostlar demişlər ki, onun tə`sisi əhvalatını Həsən ibn Müslə yuxuda görmüşdür. Lakin, bu əhvalatın qeyd olunduğu bütün mənbələrdə onun oyaq vaxtı baş verdiyi və heç bir halda yuxuya aid olmadığı vurğulanıb. "Nəcmus-Saqib”, "Qum tarixi” və "Munisul-həzin” kitablarında bu əhvalat belə nəql olunur:
"Şeyx Həsən Müslə Cəmkərani buyurur: 393-cü hicri qəməri ilinin Ramazan ayının 17-si, çərşənbə axşamı evimdə (Cəmkəran kəndində) yatmışdım. Gecənin yarısı neçə nəfər evimin qapısı arxasından məni səsləyib yuxudan oyadaraq dedilər: Qalx! İmam Zaman (ə) səni çağırır. Tez ayağa qalxıb qaranlıqda köynəyimi geymək istədim. Amma, deyəsən, səhvən başqa bir köynək götürmüşdüm. Göynəyi geyinmək istəyirdim ki, eşikdən səs eşitdim: O köynək sənin deyil, onu geyinmə! Öz köynəyimi tapıb geyindikdən sonra şalvarımı geyinmək istədim. Yenə də eşikdən səs gəldi: O şalvar səninki deyil, onu geyinmə! Mən yenə şalvarı kənara qoyub öz şalvarımı tapıb geyindim. Bundan sonra həyətin qapısını açmaq üçün qıfılın açarını axtarmağa başladım ki, yenidən həmin səs eşidildi: Qapı açıqdır və açara ehtiyac yoxdur. Qapıya yaxınlaşdıqda, baxıb gördüm ki, bir qrup böyük şəxs məni gözləyir. Onlara salam verdim, onlar da salamımın cavabını verib "mərhəba!” – dedilər. Sonra onlarla birlikdə (indiki Cəmkəran məscidinin olduğu yerə) yola düşdüm. Görüş yerinə çatdıqda, gördüm ki, açıq bir yerə taxt qoyulmuş, taxtın üzərinə xalı döşənmiş, onun üzərinə də balışlar qoyulmuşdu. Taxtda, təxminən otuz yaşlı bir cavan oturub balışlara söykənmişdi. Cavanın yanında qoca bir kişi də oturub əlindəki kitabdan onun üçün nə isə oxuyurdu. Taxtın kənarında isə altmış nəfərə yaxın adam namaz qılırdı. Onların bə`zilərinin əynində ağ, bə`zilərinin əynində isə sarı paltar var idi.
Həzrət Xızr (ə) olan həmin qoca mənə İmam Zaman (ə) olan o cavanın yanında yer verdi və o Həzrət məni adımla çağırıb buyurdu: Həsən Müslə! Get, Həsən Müslimə de ki, neçə ildir bu yeri abadlaşdırır və əkinçiliklə məşğul olursan. De ki, bundan belə bu yerdən istifadə etməyə ixtiyarın yoxdur. Bu vaxta qədər götürdüyün məhsulların gəlirini gərək geri qaytarasan ki, biz də burada məscid tikə bilək! Həsən Müslimə bunu da de ki, bu yer çox şərəfli bir yerdir və Allah-təala oranı seçib bəyənmişdir. Sən isə bu yeri öz ixtiyarına keçirəndən sonra Allah-təala səni cəzalandırmaq məqsədilə iki oğlunu əlindən alsa da, amma bir nəticə çıxarmadın. Əgər bu işdən yenə də əl çəkməsən, Allah-təala səni ağlına gətirmədiyin əzaba düçar edəcəkdir. Dedim: Ey mənim ağam, ey mənim sərvərim! Camaat mənim dediklərimi qəbul etməz və əlimdə bir dəlil olmazsa, onlar mənim dediklərimi təkzib edərlər. Buyurdu: Biz sənə bir əlamət deyəcəyik, sən isə get bizim dediklərimizi ona çatdır. Sonra Seyyid Əbül-Həsənə de ki, səninlə birgə gedib onun bu vaxta qədər əldə etdiyi gəlirini geri alıb, həmin pulu burada məscidin tikilişinə sərf etsin. Məscidin qalan məxaricini isə bizim Ərdəhaldakı mülkümüzün gəlirindən gətirib, məscidin tikintisini sona çatdırsın. Biz o mülkün mənfəətinin yarısını məscidə vəqf etmişik ki, hər il əldə olunan gəlirdən onun təmirinə sərf olunsun. Camaata da deyin ki, bu yerə böyük diqqət və rəğbət göstərsinlər. Məscidin ehtiramını əziz tutub, orada dörd rükət namaz qılsınlar. Birinci namazın qılınma qaydası isə belədir:
("Təhiyyət” namazında) hər rükətdə "Həmd” surəsini oxuduqdan sonra yeddi dəfə "İxlas” surəsi, həmçinin yeddi dəfə də rüku və səcdələrin zikrləri təkrar olunsun.
İkinci namaz isə İmam Zaman (ə) üçün niyyət olunmalıdır. Qayda belədir ki, hər rükətdə "Həmd” surəsindəki «İyyakə nə`budu və iyyakə nəstəin» ("Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”) – ayəsi yüz dəfə, rüku və səcdələrin zikrləri isə yeddi dəfə təkrar olunsun və namaz salamlarla sona çatdırılsın. Namazdan sonra Həzrət Zəhra (ə.h)-ın zikrini (34 dəfə "Allahu əkbər”, 33 dəfə "Əlhəmdu lilah”, 33 dəfə də "Subhanəllah”) deyib səcdə edilsin və yüz dəfə Peyğəmbər və onun xanədanına salavat göndərilsin. Sonra buyurdu: "Kim bu iki rükətlik namazı burada qılarsa, sanki Kə`bədə iki rükət namaz qılmışdır.”
Bu sözləri eşitdikdə, öz-özümə dedim ki, məscidin yeri o cavanın (İmam Zaman (ə)) əyləşdiyi yer olacaq. Bundan sonra İmam Zaman (ə) mənə işarə etdi ki, gedə bilərsən.
Aralanıb Cəmkərandakı evimə getmək istəyirdim ki, yenə də məni səsləyib buyurdu: Çoban Cə`fər Kaşaninin sürüsündə bir keçi var ki, onu almalısan. Əgər Cəmkəran kəndinin camaatı o keçinin pulunu versələr ki, heç, yox əgər verməsələr, öz pulunla onu al. Sabah axşam mübarək Ramazan ayının on səkkizinci günü onu burada kəsərsən. Ətindən hər hansı ağır xəstə və ya əlil yesə, Allah ona şəfa verər. O keçinin yunu çox və üzərində xalları vardır ki, onların üçü onun sağ, dördü isə sol tərəfindədir.
Mən aralanıb getmək istəyirdim ki, yenə də məni səsləyib buyurdu: Biz yetmiş, ya yeddi gün (sənədlərdə müxtəlif nəql olub) hələ burada olacağıq (Əgər yeddi gün hesablasaq, mübarək Ramazan ayının iyirmi üçüncü günü, yə`ni qədr gecəsi və əgər yetmiş gün hesablasaq, Zilqədə ayının iyirmi beşinci gecəsi olacaqdır ki, bu da olduqca əhəmiyyətli günlərdəndir).
Beləliklə, son dəfə Həzrətin hüzurundan ayrılıb evə getdim və səhərə qədər bu haqda fikirləşdim. Səhər açıldıqda, sübh namazını qılıb Əli Münzərin yanına getdim və hər şeyi ona danışdım. Məscidin yerində İmam Zaman (ə)-dan qalan nişanə və əlamətlər yerə çalınmış mıx və zəncirlər idi.
Sonra birlikdə Seyyid Əbül-Həsən Rzanın yanına getdik. Evinə yaxınlaşdıqda gördük ki, xidmətçiləri bizi gözləyirlər. Bizi görcək, əvvəl məndən soruşdular: "Sən Cəmkərandansanmı? Dedim: Bəli. Dedilər: Seyyid Əbül-Həsən səhər açılandan sizi gözləyir.
Bundan sonra Seyyidin yanına gəlib salam verdim. O da çox gözəl tərzdə cavab verib mənə böyük ehtiram göstərdi. Mən ona bir şey deməzdən əvvəl buyurdu: Ey Həsən Müslə! Dünən gecə yuxuda bir şəxs mənə bunları dedi: Cəmkərandan Həsən Müslə adlı bir şəxs sənin yanına gələcəkdir ki, o nə desə, qəbul elə və ona e`timad et. Çünki, onun dedikləri bizim sözümüzdür. Dediyi hər bir sözə qulaq as və heç nəyi rədd etmə. Həmin andan yuxudan ayılıb sizi gözləyirəm! Mən də əhvalatı ətraflı ona danışdım.
Sonra o, xidmətçilərə atları yəhərləməyi əmr etdi. Biz də atlara minib yola düşdük və birlikdə Cəmkəran kəndinə çatdıq. Yolun kənarında çoban Cə`fəri sürüsü ilə birgə gördük. Sürünün arasına girib həmin keçini axtarmağa başladım. Birdən sürünün arxasından həmin keçinin gəldiyini gördüm. Keçini götürüb pulunu vermək qərarına gəldim. Çoban Cə`fər and-aman etdi ki, hələ bu vaxta qədər bu keçini sürüdə görməmiş və nə qədər onu tutmağa çalışsa da, bunu edə bilməmişdir. Dedi: İndi ki, o özü sizin yanınıza gəlir, götürün onu aparın, o bizim deyildir.
Mən də keçini məscidin indiki yerinə aparıb, orada deyildiyi kimi kəsib xəstələrə payladım. Mən həmin keçinin ətindən hər xəstəyə verdimsə, şəfa tapdı. Seyyid Əbül-Həsən Rza, Həsən Müslimi yanına çağırıb əhvalatı ona danışdı. O da ötən illərdə əldə etdiyi gəlirləri ödəyib, məscidin yerini geri qaytardı.
Nəhayət, məscid tikildi və üstü taxta ilə örtüldü. Seyyid Əbül-Həsən Rza yerdə qalan mıx və zəncirləri isə evinə apardı.
Sonralar xəstələr onların vasitəsi ilə şəfa alardılar. Seyyid Əbül-Həsən Rza mıx və zəncirləri evində sandıqda saxlayırmış. Deyilənlərə görə onun vəfatından sonra övladları xəstələrə əlac etmək istəyərkən, onların yoxa çıxdığını görürlər.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər