İmam Cəfər Sadiqin (ə) əxlaqi səciyyələrindən |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-10-2015, 15:35 | Şərh sayı: (0) | Baxılıb: 445
İmam Cəfər Sadiqin (ə) əxlaqi səciyyələrindən
Nemətə şükür
Müaviyə ibn Vəhəb deyir: Mədinədə imam Sadiqlə (ə) birlikdə idim. Həzrət qəfildən minikdən düşdü. Məqsədimiz bazar və ya bazar yaxınlığına getmək idi. Amma həzrət qəfildən səcdə qılıb səcdəni uzatdı. Mən onun səcdədən qalxmasını bir qədər gözlədim. Dedim: "Sənə fəda olum, nə üçün minikdən düşüb səcdə qıldın?” Buyurdu: "Allahın mənə verdiyi nemətlər yadıma düşdü.” Soruşdum ki, adamların get-gəl yerində, bazardamı? Buyurdu: "Kimsə məni görmədi!”
Şiə olmayana kömək
Müəlla ibn Xünəys deyir: Aram yağışlı bir gecədə imam Sadiq (ə) evdən çıxıb Bəni-Saidə çadırlarına üz tutdu. Mən həzrətin dalınca gedirdim. Qəfildən əlindən bir şey düşdü. "Bismillah” söyləyib dedi: "Pərvərdigara, onu bizə qaytar.” Qabağa gəldim. Həzrətə salam verdim. Buyurdu: "Ey Müəlla, əlinlə yeri gəz, bir şey tapsan mənə ver.” Əlim yerə səpələnmiş çörək parçalarına toxundu. Tapdıqlarımı həzrətə verdim. Həzrətin əlində çörək torbası vardı. İstədim ona kömək edəm. Buyurdu: "Yox, bu yükü daşımağa mən daha layiqəm. Amma mənimlə gəl.”
Bəni-Saidə çadırlarına çatdıq. Oradakılar yuxuya getmişdi. Həzrət hər birinin libası altına bir, ya iki çörək qoydu. Sonra geri döndük. Həzrətə dedim ki, sənə fəda olum, bu insanlar haqqı tanıyırmı?” Həzrət buyurdu: "Əgər tanısaydılar, onlara duzla da yardım edərdim.”
Qohumlara yardım
Əbu Cəfər Xəsəmi deyir: İmam Sadiq mənə bir torba qızıl verib buyurdu "Bunu Bəni-Haşimdən olan bir şəxsə çatdır, amma kimin göndərdiyini demə.” Əbu Cəfər deyir: Qızıl torbasını həmin şəxsə çatdırdım. Dedi: "Allah bu qızıl torbasını göndərənə əvəz versin. Hər il mənə pul göndərir. Növbəti ilədək həmin pulla yaşayıram. Amma Cəfər Sadiqin böyük var-dövləti olduğu halda mənə kömək etmir!”
Əxlaq nümunəsi
Mədinədə hacılardan biri yuxuya getdi. Yuxudan oyananda düşündü ki, pul torbasını oğurlayıblar. O torbasını axtarmağa başladı. İmam Sadiqin (ə) namaz qıldığını görüb onu oğurluqda ittiham etdi. Həzrət buyurdu: "Torbanda nə vardı?” Dedi: "Min dinar.” Həzrət onu evə aparıb min dinar verdi. Kişi öz dayanacağına qayıtdığı vaxt pul torbasını tapdı. İmamdan aldığı pul torbasını götürüb evinə getdi. İmam verdiyi pulu almaqdan imtina etdi. Buyurdu: "Əlimdən çıxan şey geri qayıtmaz.” Kişi imamdan ayrılıb ətrafdakılardan bu şəxsin kimliyini soruşdu. Dedilər ki, həmin şəxs imam Cəfər Sadiqdir (ə). Müsafir dedi: "Şübhəsiz, belə bir kəramət onun şənindədir!”
İstəyini söylə!
Əşcə Səlmi imam Sadiqin (ə) görüşünə gəldi. İmam xəstə yatırdı. O, həzrətin yanında əyləşib xəstəliyinin səbəbini soruşdu. İmam Sadiq (ə) buyurdu: "Xəstəliyimin səbəbini soruşma, öz istəyini de.” Əşcə imama sağlamlıq istəkli bir şer oxudu. İmam xidmətçiyə buyurdu: "Yanında bir şey varmı?” Xidmətçi dedi: "Dörd yüz dinar var.” İmam buyurdu: "Onu Əşcəyə ver!”
Misilsiz mehribanlıq
Süfyan Suri imam Sadiqin (ə) görüşünə gəldi. Həzrətin rəngi bəyazımışdı. Bunun səbəbini soruşdu. Həzrət buyurdu: "Ev əhlinə daim deyirəm ki, evin damına çıxmasınlar. Evə daxil oldum, övladımın tərbiyəsi ilə məşğul olan kənizi nərdivanla yuxarı çıxan gördüm. O məni görəndə uşağı əlindən saldı və uşaq dünyasını dəyişdi. Uşağın ölümünə görə pərişan deyiləm. Kənizin qəlbini bürümüş qorxuya görə narahatam.” Həzrət iki dəfə təkrarladı: "Sən (kəniz) Allah yolunda azadsan və günahkar deyilsən!”
Hər dərdi camaata demə!
Mufəzzəl ibn Qeys deyir: İmam Sadiqin (ə) görüşünə getdim. Həyatımla bağlı bəzi məsələlərə görə şikayətləndim. Ondan dua istədim. Həzrət kənizini çağırıb buyurdu: "Əbu Cəfərin bizə göndərdiyi pul kisəsini gətir.” Kisəni gətirdilər. İmam buyurdu: "Bu kisədə dörd yüz dinar pul var. Bu puldan istifadə edib çətinliklərini aradan qaldır.” Dedim: "Sənə fəda olum, and olsun Allaha, pul almaq məqsədim yox idi. Yalnız dua üçün gəlmişdim.” Buyurdu: "Dua edərəm, amma düşdüyün hər çətinliyi camaata danışma, yoxsa yüngül görünər, alçalarsan!”
Qonağa hörmət
Abdullah ibn Yəfur deyir: İmam Sadiqin (ə) hüzurunda bir qonaq gördüm. Bir gün qonaq müəyyən işlər görmək üçün ayağa qalxdı. Həzrət onu heç bir işə əl vurmağa qoymadı və lazım olan işləri özü yerinə yetirdi. Sonra buyurdu: "Peyğəmbər (s) qonağı işlətməyi qadağan etmişdir.”
Yoxsulla rəftar
Müsəmmə ibn Əbdül Məlik deyir: Minada bir dəstə şiə ilə imam Sadiqin (ə) xidmətində idik. Süfrədəki üzümdən yeyirdik. Bir yoxsul gəlib imamdan nə isə istədi. İmam ona bir salxım üzüm verdi. Yoxsul dedi: Mənim üzümə ehtiyacım yoxdur. Əgər pul versən alaram.” Həzrət buyurdu: "Allah sənin işini yoluna qoysun.”
Yoxsul getdi, geri qayıtdı və dedi: "Üzüm salxımını ver.” Həzrət öncəki sözləri təkrarlayıb ona bir şey vermədi! Sonra başqa bir yoxsul gəldi. İmam ona azca üzüm verdi. Yoxsul üzümü imamın əlindən alıb dedi: "Həmd olsun mənə ruzi əta edən aləmlərin Rəbbinə!” Sonra imam əllərini üzümlə doldurub ona əta etdi. Yoxsul şəxs üzümü alıb yenidən Allaha həmd-səna söylədi. Sonra həzrət xidmətçidə nə qədər pul olduğunu soruşdu. Həmin pulu yoxsula verdi. Yoxsul dedi: "
"Pərvərdigara bu lütf də sənin tərəfindən idi. Ey şəriki olmayan Allah!” İmam onu getməyə qoymayıb əynindəki köynəyi çıxardı və ona əta etdi. Yoxsul şəxs köynəyi alıb geyindi və dedi: "Həmd olsun Allaha ki, mənə libas geyindirdi. Ey Əba Əbdüllah! Allah sənə xeyir əvəz versin.” Yoxsul şəxs xudahafizləşib getdi. Bizə elə gəldi ki, həmin şəxs imamın yanında qalsaydı, imam daim ona əta edərdi. Çünki imamın ətaları müqabilində o Allaha həmd-səna söyləyirdi!
Dua və raz-niyaz
Abdullah ibn Yəfur deyir: İmam Sadiq (ə) ərş aləminə əl açıb deyirdi: "Pərvərdigara! Bizi bir an, andan nə az, nə də çox özbaşına buraxma.” Sonra gözündən axan yaş saqqalını islatdı. Mənə üz tutub buyurdu: "Ey Yəfur oğlu! Allah ibn Yunis ibn Mətanı bir andan da az özbaşına buraxdı. Bu bir anın nəticəsi çox ağır oldu.” Ərz etdim ki, onun işi naşükürlük idimi?” İmam buyurdu: "Yox, amma belə bir halda ölmək fəlakətdir!”
Müsibət zamanı səbr
Qətibə Əşa deyir: İmam Sadiqin (ə) övladını yoxlamaq üçün onun hüzuruna getdim. İmamı qapıda bir qədər eyni açılmış gördüm. Soruşdum ki, uşağın halı necədir? Buyurdu ki, dünyasını dəyişdi.” Dedim, sənə fəda olum, o sağ ikən qəm-qüssə içində idiniz, indi isə sizi başqa bir ruhiyyədə görürəm. Axı nə baş verib?” İmam buyurdu: "Biz müsibətdən öncə qəmlənən Əhli-beytik. Allahın təqdiri baş verdikdən sonra onunla razılaşır, əmrinə təslim oluruq!”
Azca ibadətlə behiştə!
Əbu Bəsir imam Sadiqdən (ə) rəvayət edir ki, həzrət buyurdu: "Təvafda ikən atam yanımdan ötürdü. Cavanlığa xatir çox ibadət edir, tər axıdırdım. Mənə buyurdu: "Cəfər, oğlum! Əgər Allah bir bəndəni dost tutsa, onu behiştə aparar, onun az əməlini də qəbul edər.”
Tabeçilİkdə olanlarla mehribanlıq
Həfs ibn Ayişə deyir: İmam Sadiq (ə) qulamını iş dalınca göndərmişdi. Onun yubandığını görüb ardınca getdi. Qulamı yatmış vəziyyətdə tapdı. Onu yuxudan oyananadək yelpiklədi. Həzrət buyurdu: "Yuxu hazırda sənin haqqın deyil. Yoxsa gecə də, gündüz də yatırsan? Gecə yuxusu sənin üçün, gündüz fəaliyyəti bizim üçün.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər