Ata-anaya yaxşılıq etməyin özəl səmərələri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 17-01-2016, 23:11 | Şərh sayı: (0) | Baxılıb: 1171
Ata-anaya yaxşılıq etməyin özəl səmərələri
Dini göstərişlər öz ardıcıllarının mənafeyini təmin etmək əsasında möhkəmlənmişdir və onlara riayət edilməsi insanın dünya və axirət səadətinə zəmanət verir. Dini proqramlar ürəyi yanan bir həkimin yazdığı nüsxə (resept) kimidir ki, xəstəliklərin qarşısını almaq və ya onları aradan qaldırmaq üçün istifadə edilir; onlara əməl edilməsi də, hətta əgər dərmanlar acı, insanın təbiətinə uyğun gəlməsə də belə, xəstənin öz xeyrinədir. Valideynlərə yaxşılıq etmək, insanı onlarla qarşı xoş rəftar və münasibəti, ata-ananın fədakarlıqları müqabilində qədirdanlıq etmək, tovhidin və müqəddəs İslam dininin başlıca məsələlərindəndir. Qurani kərim və sünnətdə Allah, Onun Peyğəmbəri və Məsum İmamlar (əleyhissalam) təkidlə tövsiyə etmişlər. Ona əməl edənlərə dünya və axirətdə iki qat artıq savab vədəsi verilmişdir. Əvvəldəki hədislərdə qeyd etdiyimiz kimi Allahın razılığı valideynin razılığına və qəzəbi valideynin qəzəbinə bağlıdır. Sözü gedən məsələ barəsində ən mühüm təkidlərdən biridir. Məsumların hədislərindən məlum olur ki, valideynlərə ehsan və yaxşılıq etmək axirət savabı və ilahi razılığı qazanmaqdan əlavə, sair nəticələri də vardır ki, çox əhəmiyyətli və dəyərli nəticələri öz ardınca gətirir ki, biz bu fəsildə onların bir qisminə işarə edirik.
1. Cəhənnəm odundan uzaqlıq və Allaha yaxınlıq
Peyğəmbəri Əkrəm valideynlərə qarşı yaxşılıq etmək, pis rəftardan uzaq olmaq barəsində buyurur:
"Əgər başında behişt sevdası varsa, ata-anaya yaxşılıq et; əgər cəhənnəm oduna nifrət edir və oraya girmək istəmirsənsə, valideynə əzab-əziyyət verməkdən uzaq ol.”
Başqa sözlə desək, ata-anaya qarşı yaxşı əməl sahibi ol ki, cənnətə daxil olasan. Əgər onlara nifrət etsən, bil ki, cəhənnəm əhlisən. Bütün övladlar öz yolunu seçməkdə azaddırlar: valideynə yaxşılıq edənlər cənnətdə, onlara pislik edib əzab-əziyyət verənlər isə cəhənnəm uçurumundadırlar. İbrahim ibni Şüeyb adlı bir səhabə deyir: Mən İmam Sadiq (əleyhissalam)-a ərz etdim: "Mənim atam o qədər qocalıb ki, ayaqyoluna gedəndə və başqa işlərdə biz əlimizlə onu bir yerdən başqa yerə aparırıq.” İmam buyurdu: "Ey İbrahim, əgər (sair ailə üzvləriniz deyil) sən özün şəxsən bu işləri öhdənə alsan və ona öz əlinlə yemək yedizdirsən, daha yaxşı olar. Çünki bu kimi işlər cəhənnəm odundan uzaq olmağa səbəb olar.”
Bu hədisdən məlum olur ki, İbrahimin atası o qədər qocalıb əldən düşmüşdü ki, İbrahim ona sair ailə üzvləri ilə birlikdə kömək edirdi. İmam da ona buyurur ki, mümkün qədər sən özün atanın xidmətində olsan, sənin xeyrinədir. Çünki ata-anaya yaxşılıq etmək cəhənnəm odundan uzaq olmağa səbəb olar. İmam Sadiq (əleyhissalam) buyurur:
"Həzrət Musa (əleyhissalam) Allah taala ilə münacat edəndə, nübüvvət nəzərləri ilə Allahın ərşində qərar tutan bir kişini gördü. Allahdan istədi ki, o kişinin bu yüksək məqama çatmasının səbəbini buyursun. Səs gəldi ki: "Musa, bu bir kəsdir ki, ata-anasına yaxşılıq etmiş, camaat arasında söz gəzdirməkdən uzaq olmuşdur.”
Bu hədislərdə azacıq təfəkkür etməklə mə.lum olur ki, Allah taala ata-ananın itaətində olan əməlisaleh övladlara xüsusi diqqət yetirir və Öz lütfünü onlara şamil edərək dərgahına yaxınlaşdırır, ata-anaya edilən xidmət təşəkkürü cəhənnəm odundan qoruyan bir qalxan, onun dərdli bəlalarından qurtuluş vasitəsi hesab edir, bu layiqli övladlara o qədər böyük və əbədi məqam bağışlayır ki, hətta Həzrət Musa kimi böyük bir peyğəmbərin təəccübünə səbəb olur. Bəli, valideynlərə ehtiram və xidmət etmək o qədər mühüm bir məsələdir ki, Allah ona əməl edənlərə behişt vədəsi verir; və əksinə, bu barədə səhlənkarlıq, süstlük, nankorluq etməyi peşmançılıq, cəhənnəm oduna mübtəla olmaq səbəbi bilir. Elə bu səbəbdən İmam Sadiq (əleyhissalam) ürək yanğısı ilə İbrahim ibni Şüeybə tövsiyə edir ki, bacardığı qədər atasına kömək etməkdə evin o biri övladlarından qabağa keçsin və bu xidməti şəxsən öz öhdəsinə alsın, çünki bu əməl insanı cəhənnəm odundan uzaq olmasına səbəb olur.
2. Valideynə yaxşılıq ölüm anlarını, canverməni asanlaşdırar.
Valideynə yaxşılıq etməyin müsbət nəticələrindən biri də canvermənin asan olmasıdır. Hamının vəhşət etdiyi, göz yaşları axıtdığı qorxunc ölüm anları təkcə insanın özü üçün deyil həm də o mənzərəni müşahidə edən bir şəxs üçün vahiməli, qorxuludur. Hər vaxt belə bir mənzərəni təsəvvür etdikdə qəm-qüssə izləri insanın üzündə aşkar olur. Müqəddəs İslam dinində bu anlar çox həssas və şiddətli tərzdə vəsf olunmuşdur. Tövsiyə olunmuşdur ki, yaxşı əməl sahiblərini, təqvalıları can verən şəxsin başı üstünə gətirin ki, onun üçün dua etsin. Habelə cənabətli, napak adamların onun yanına gəlməsinin qarşısını alın və bacardığınız qədər Qurani kərim ayələri, xüsusilə "Yasin”, "Saffat” surələrini oxuyun. Mövla Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-dən, o Həzrət də Cəbraildən ölüm anlarının necəliyi haqda belə nəql edir: "Evdə, yataqda təbii ölüm min qılınc zərbəsindən çətindir.”
Hansı ağıllı və imanlı insanı tapmaq olar ki, belə bir günün fikrində olmasın? Hansı bir mömini tapmaq olar ki, öz gözəl əməlləri ilə bu çətin anları asanlaşdırmağa çalışmasın? Hansı imanlı bir şəxsi tapmaq olar ki, bu anlardakı fikri xoşbəxtlik və səadət olmasın. Mövla Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın mübarək qədəmlərinin, onun Əzrailə dostcasına etdiyi tövsiyələrinin intizarında olmasın? Əgər belə məqul və ağlasığan arzu siz əziz oxucular üçün bəyənilirsə və ömrünüzün axır anlarında Həzrət Əzrail (əleyhissalam)-ın sizi ilə dostcasına və tam təvazökarlıqla qəbzi-ruh etməsini (canınızı almasını) istəyirsinizsə, ata-ananın xidmətində olub onlara hər növ əzab-əziyyət yetirməkdən çəkinin. Çünki islami rəvayətlər göstərir ki, ata-anaya xidmət edənlər ölüm anlarında tam rahatlıqla rastlaşacaqlar.
İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kəs Allahın onun ölüm anlarını (canverməsini) asan etməsini istəyirsə, sileyi-rəhim etsin (qohumlarla əlaqə saxlasın) və ata-anasına yaxşılıq etsin.”
Burada daha yaxşı olar ki, şiə alimləri və mərcəyi-təqlidlərindən birinin öz anası ilə etdiyi xoş rəftarı əziz oxucular üçün bəyan edək. Mərhum Şeyx Mürtəza Ənsari çoxlu elmiyyə hövzəsi və tələbəsi olmasına, müsəlmanların mərcəyi-təqlidi kimi ağır və məsuliyyətli bir işi öhdəsinə almasına baxmayaraq bir gün onun tələbələri görür ki, öz qoca anasını çiyninə alıb hamama aparır. Onun tələbələri bu mənzərəni gördükdə çox təsirlənirlər və bu işi onlara həvalə etməsini istəyirlər. Amma o ilahi şəxsiyyət bu təklifi qəbul etməyib buyurur: "Bu mənim anamdır və ona xidmət etmək mənim borcumdur. Siz də gedib öz analarınız ilə bu cür rəftar edin, onların razılığını əldə edin.”
Böyük bir din aliminin öz anası ilə bu cür gözəl rəftar etdiyini, qul kimi öz anasının qarşısında təvazökarlıq etdiyini, onu dalına alıb hamama apardığını, gecələr gecə namazı qılmaq üçün anasını oyatdığını, isti su hazır etdiyini və bütün dərs problemlərini, camaatın bütün işlərini yerinə yetirdiyini, ata-anasının bir ömür namazını qıldığını gördükdə, aydındır ki, biz də belə böyük şəxsiyyətlərdən valideynlərə xidmət etməkdə insaniyyət dərsi almalı, ata-anamızı özümüzdən razı salmalıyıq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər