Xeyrə vəsilə olan qətl |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-12-2015, 02:08 | Şərh sayı: (0) | Baxılıb: 391
Xeyrə vəsilə olan qətl
Müsəlman əxlaqının ən mühüm cəhətlərindən biri də əfv etmək və bağışlamaq bacarığıdır. Əfv və güzəşt Allahın mühüm sifətlərindən biridir, onun mərhəməti ilə sıx bağlıdır. Allah-təalanın gözəl adlarına (əsmül-hüsna) “əfüvv” (əfv edən), “ğəfur” (bağışlayan) adları da daxildir. Bəndənin günahı nə qədər ağır olsa da, əgər tövbə etsə, Allah onu bağışlayar.
Allah-təala əfv və güzəşti öz bəndələrinə də tövsiyə edir. Günah və zərər müqabilində bunu törədən adamı cəzalandırmaq təbii və icazəli davranışdır. Şəriətimizdə bununla bağlı qisas hökmləri vardır. Amma günahkarı bağışlamaq, onun pisliyinə yaxşılıqla cavab vermək qisasdan daha üstündür. Allah-təala öz Müqəddəs Kitabında buyurur: “Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!” (Şura, 40). Allah-təala öz bağışlayan və rəhmli bəndələrinə müjdə verir: “O təqvalılar ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər” (Ali-İmran, 134).
İslam müqəddəsləri yalnız dini dəyərlərə xəyanət edildiyi və insanların haqqına təcavüz olunduğu hallarda qəzəblənərdilər. Özlərinə qarşı yönəlmiş hücum və təzyiqlərə, təhqir və işgəncələrə səbr edər, günahkarlara bəd-dua etməz, əksinə, onların bağışlanmasını Allahdan istəyərdilər.
Əfv və bağışlamağın zirvəsi budur ki, insan gücü-qüdrəti çatan zaman əfv etsin. Öz qəzəbini cilovlamaq, cəza anında fikrindən dönmək, əlində intiqam imkanı var ikən bu imkandan imtina etmək insandan güclü iradə tələb edir. Buna öz nəfsi üzərində qələbə çalmağı bacaran şəxslər nail ola bilərlər. Peyğəmbərimiz (s) buyurmuşdur: “Kimsə (intiqam almaq üçün) qüdrətli olarkən güzəşt etsə, Allah çətin günündə ona güzəşt edər”. Əsl qalib də elə odur. O, öz əfvi ilə həm nəfsi üzərində qələbə qazanmış, həm də günahkar şəxsin qəlbini fəth etmişdir. Buna görə İmam Əli (ə) buyururdu: “Güzəşt qələbənin zəkatıdır”.
Böyük İslam alimləri də Allahın əfv sifətindən və məsumların əxlaqından ibrət alaraq, onlara pislik edən şəxsləri hər zaman bağışlamağa çalışmışlar. Belə alimlərdən biri də ötən əsrdə yaşamış cəfəri dünyasının böyük mərceyi-təqlidi mərhum Ayətullahül-üzma Seyid Əbülhəsən ağa İsfahanidir.
Seyid Əbülhəsən ağanın 4 oğlu, 5 qızı vardı. (Yeri gəlmişkən, qızlarından birini həmyerlimiz, əslən Bakının Maştağa kəndindən olan Seyid Mir Hüseyni Badkubeyiyə ərə vermişdi). Alimin böyük oğlu Seyid Həsən idarəçilik işlərində ona yaxından köməklik göstərirdi. Deyilənlərə görə, Seyid Həsən elmi baxımdan yüksək məqama çatmışdı və hətta gələcəkdə mərceyi-təqlid olacaq qədər elm və biliyə sahib idi.
Cəfəri fiqhinə görə xümsün yarısı olan İmam malını dini maarifin yayılmasına və ruhani tələbələrin dolanışığına xərcləmək olar. Müctəhidlər adətən İmam malını təqaüd şəklində mədrəsə tələbələrinə verirlər. Bu gün də bu ənənə davam etməkdərir. Seyid Əbülhəsən İsfahani də ona təqdim edilən xümsün İmam malı hissəsini dünyanın hər nöqtəsindən Nəcəfə təhsil dalınca gəlmiş ehtiyaclı tələbələr arasında bölürdü. Seyid Həsən tələbələrlə atasının arasında vasitəçi rolunu ifa edirdi. O, ehtiyaclı tələbələr barədə atasına məlumat verir və maddi yardımı həmin tələbələrə çatdırırdı.
İranın Qum şəhərindən Nəcəfə təhsil üçün gəlmiş Əli adlı bir tələbə də yardım üçün müraciət edir. Amma o, Seyid Əbülhəsən ağanın göndərdiyi məbləğdən narazı qalır və elə düşünür ki, Seyid Həsən atasının ona lazımınca yardım etməsinə mane olub. Əlinin ürəyində Seyid Həsənə qarşı kin-küdurət yaranır. Nəhayət, qərara gəlir ki, Seyid Həsəndən öz “intiqamını” alsın.
Bir axşam ənənə üzrə Həzrət Əlinin (ə) mübarək hərəmində Seyid Əbülhəsən İsfahaninin imamlığı ilə camaat namazı qılınırdı. Seyid Həsən də arxa cərgələrin birində iqtida edirdi. Namaz əsnasında Əli Seyid Həsənə hücum edib xəncərlə onu vurur. Seyid Həsən aldığı yaralardan dərhal keçinir. Qatili isə polisə təhvil verirlər.
Seyid Əbülhəsən ağa arxa cərgədə yaranan qarışıqlıq barədə soruşanda ona deyirlər ki, Seyid Həsən yüngül yaralanıb, onu xəstəxanaya aparıblar. Əslində isə gənc artıq dünyadan köçmüşdü. Camaat bu qara xəbəri ataya necə çatdırmaq haqqında fikirləşirdi. Nəhayət, bu məsuliyyətli işi Seyidin yaxın dostu, “Sahibi-Cəvahir” ləqəbli Şeyx Mühəmmədhəsən Nəcəfinin nəvəsi Şeyx Cavada həvalə edirlər.
Şeyx Cavad namazdan sonra Seyid Əbülhəsən ağanın evinə yollanır. Qapıya çatıb Seyidi çağırır. Heç nədən xəbərsiz alim qapıya gəlir. Camaat hüzn içində bu mənzərəni izləyirdi. Şeyx Cavad əsasına söykənmiş halda söyləyir: “Seyid Əbülhəsən! Allah sənə bir müsibət göndərib ki, səni imtahan etsin!” Şeyx Cavad bu sözləri deyib gedir. Seyid Əbülhəsən işin nə yerdə olduğunu başa düşüb ağlamağa başlayır. Ətrafdakı camaat da riqqətə gəlib ağlayır. Səs-küy ucalanda ata deyir: “Seyid Həsənin anası və başqa qadınlar yatıblar. Səs salmayın ki, narahat olmasınlar. Səhər onlara xəbər verərik”.
Ertəsi gün Seyid Həsənin cənazəsini böyük təntənə ilə İmam Əlinin (ə) hərəmindəki hücrələrdən birində torpağa tapşırırlar. Seyid Əbülhəsən İsfahani dəfn mərasimində də səbr və vüqarını pozmur.
Qatil bir müddət həbsdə yatır. Seyid Əbülhəsən nəinki ondan intiqam almaq fikirnə düşmür, hətta dövlət qurumlarına müraciət göndərib qatilin bağışlanmasını xahiş edir. Bir müddətdən sonra qatil amnistiya ilə həbsdən azad olur. O, Seyid Əbülhəsən İsfahaniyə xəbər göndərib xahiş edir ki, Nəcəfə qayıdıb təhsilini davam etdirməsinə icazə versin. Alim ona cavab göndərir: “Mənim etirazım yoxdur. Amma sən bu şəhərdə əmin-amanlıq işində olmayacaqsan, çünki camaat sənə nifrət edir. Ona görə məsləhət görürəm ki, Nəcəfi tərk edib İrana qayıdasan, xalqın gözündən gizli halda həyatını davam etdirəsən”. Seyid Əbülhəsən ağa hətta qatil üçün yol xərci də göndərib, İraqdan təhlükəsiz çıxışını təmin edir.
Seyid Həsənin qətlindən sonra Nəcəf əhalisinin dini tələbələrə münasibəti pisləşir. Çünki qatil tələbələrdən biri idi. Seyid Əbülhəsən ağaya xəbər çatanda elə oğlunun hüzür məclisində camaata müraciət edir: “Tələbələr də mənim övladlarımdır. Sanki oğullarımdan biri o birini vurub öldürüb. Mən qatili bağışladım. Sizə nə düşüb ki, bunun ədavətini aparırsınız?” Seyidin bu məzəmmətindən sonra tələbələrə qarşı təzyiqlər kəsilir.
Allahın lütfü sayəsində Seyid Həsənin şəhadəti də bir növ xeyrə vəsilə olur. Belə ki, hadisədən bir il qabaq ərbəin günündə Nəcəfdən Kərbəlaya gedən əzadar dəstəsi ilə kərbəlalılar arasında qarşıdurma yaranmış və hətta ortada tələfat da olmuşdu. Belə gözlənilirdi ki, növbəti il də bu çaxnaşma davam edəcək. Seyid Həsənin qətli ərbəin ərəfəsinə təsadüf edirdi. Bu böyük faciəyə görə həmin il nəcəflilər Kərbəlaya əzadarlığa getmirlər, əksinə, Kərbəladan camaat Nəcəfə gəlib Seyidə başsağlığı verir. Beləliklə, daha bir mümkün fitnənin qarşısı alınır və aradakı ədavət də unudulur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər