Böyük fəth - İspaniya |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 3-12-2015, 02:10 | Şərh sayı: (0) | Baxılıb: 477
Böyük fəth - İspaniya
Miladi VII əsrin sonunda ərəblər uzun müharibələrdən sonra bizanslıları Şimali Afrikadan sıxışdırıb çıxardılar. Vaxtilə Roma ilə Karfagen arasındakı qızğın döyüşlərin meydanı olmuş, dünyaya Yuqurta və Masinissa kimi məşhur sərkərdələr bəxş etmiş Afrika torpağı çətinliklə də olsa, müsəlmanların əlinə keçdi. Bundan sonra ərəblər İspaniyanı fəth etmək fikrinə düşdülər.
Onları buna həvəsləndirən yalnız fatehlik eşqi və İslam məmləkətini genişləndirmək arzusu deyildi. Şimali Afrikanın yerli əhalisi olan bərbər tayfaları çox cəsur, qızğın, döyüşkən və temperamentli idilər. Ərəblər bundan ehtiyat edirdilər ki, bərbərlər bir müddət sakit qalsalar, məğlubiyyətin heyfini çıxmaq fikrinə düşüb üsyan qaldırarlar və qələbə müsəlmanların əlindən çıxar. Ona görə də, ərəblər bərbərləri İspaniyanın fəthinə təşviq etməklə, onların başını qatmaq və qan tökməyə, baş kəsməyə olan hərisliklərini müharibə odu ilə söndürmək istəyirdilər. İbn Xəldunun qeyd etdiyi kimi, Cəbəlu't-tariq boğazını keçib İspaniyaya qədəm basan ilk müsəlman qoşununun, demək olar ki, tamamilə bərbərlərdən ibarət olması faktı da, məsələyə bu aspektdən baxıldığı təqdirdə təəccüblü deyildir.
Qədim dünya tarixindən məlumdur ki, İspaniyanın əsas sakinləri kelt, iber və liqor xalqları idi. Yarımadada Finikiya, Roma və Karfagenə məxsus ərazilər bölünüb müəyyən edilmişdi. Karfagenlilər İspaniyanı fəth etdikdən sonra orada möhtəşəm Karfagen şəhərini saldılar. Eramızdan təqribən 200 il əvvəl Pun müharibələrində Karfagenə qalib gəlmiş Roma bu bərəkətli torpağa sahib oldu və eramızın V əsrinə kimi orada hakimiyyət sürdürdü. Həmin dövrdə imperiyanın ən əhəmiyyətli və abad vilayətlərindən sayılan İspaniyadan Seneka, Lukan, Marsial kimi dahi mütəfəkkirlər, Trayan, Adrian, Mark Avreli və Feodosiy kimi imperatorlar çıxdı.
Romanın tərəqqisi İspaniyanın tərəqqisinə şərait yaratdığı kimi, onun süqutu da İspaniyanın tənəzzülünə səbəb oldu. Yarımada yenidən döyüş meydanına çevrildi. Miladi V əsrin əvvəllərində Romanı və Fransanı dağıdaraq gələn vandal, alan və svev tayfaları İspaniyanı da viran qoydular. Lakin tezliklə qot tayfaları onları sıxışdırıb yarımadadan çıxardılar və İspaniyaya sahib oldular. VI əsrdən ərəblərin hücumuna kimi keçən dövrdə İspaniyada hakim qüvvə qotlar idi.
Qotlar tezliklə yerli latın xalqları ilə qaynayıb-qarışdılar, latın dilini və xristian dinini qəbul etdilər. Məlumdur ki, XIII əsrə kimi İspaniyanın xristian əhalisi içində qotlar üstünlük təşkil edirdilər. Ərəblər onları şimaldakı Asturiya dağlarına tərəf qovduqda qotlar yerli əhali ilə qarışmaları sayəsində yenə öz üstünlüklərini qoruya bildilər. Belə ki, İspaniyanın xristian əhalisi arasında qotların övladı olmaq və "qotların oğlu" ləqəbini daşımaq iftixar sayılırdı.
Ərəblərin fəthindən azacıq əvvəl qot və latın əyanları birləşib aristokratik hökumət yaratdılar. Məzlum xalq kütlələrini əzməklə məşğul olan bu qurum xalqın nifrətini qazanmışdı. Təbiidir ki, pul və sərvət üzərində qurulmuş bu dövlət möhkəm deyildi və layiqincə düşməndən müdafiə oluna bilməzdi.
Həmçinin, hökmdarın seçki ilə təyin edilməsi əyanlar arasında hakimiyyət uğrunda daimi çəkişmələrə və ədavətə səbəb olurdu. Bu ədavət və müharibələr son nəticədə qot dövlətinin zəifləməsini sürətləndirirdi.
Ümumi çəkişmələr, daxili müharibələr, xalqın yerli hakimlərdən narazılığı və bu üzdən ərəblərə zəif müqavimət göstərməsi, qoşunda sədaqət və fədakarlıq ruhunun olmaması və s. səbəblər müsəlmanların asan qələbəsini təmin etdi. Hətta iş o yerə çatmışdı ki, yuxarıda göstərilən səbəblər üzündən Əndəlus hakimi Yulian və Sevilya yepiskopu belə, ərəblərə kömək etməkdən çəkinmirdilər.
Miladi 711-ci ildə, Əməvi xəlifəsi Vəlid ibn Əbdülməlikin hakimiyyəti dövründə Şimali Afrikada canişinlik edən Musa ibn Nəsir bərbərlərdən təşkil edilmiş 12 min nəfərlik qoşunu İspaniyanın fəthinə göndərdi. Qoşuna Afrikanın müsəlman bərbərlərindən Tariq ibn Ziyad başçılıq edirdi. Müsəlmanlar indi sərkərdə Tariqin adı ilə məşhurlaşmış Cəbəlu't-Tariq boğazını keçib Pireney yarımadasına qədəm basdılar. Bu torpağın nemətləri, saf havası, gözəl təbiəti və əsrarəngiz şəhərləri fatehlər ordusunu elə valeh etmişdi ki, Tariq xəlifəyə məktubunda yazırdı: "Bu yerlər havasının saflığına görə Şama, təbiətinin mülayimliyinə görə Yəmənə, gül-çiçək və ətriyyatda Hindistana, əkinin bolluğunda və münbitlikdə Əhvaza, ləl-cəvahiratın bolluğuna görə Çinə, əlverişli limanlarına görə Ədənə bənzəyir".
Şimali Afrikanın sahil zolağını fəth etməyə yarım əsr vaxt itirmiş və bərbərlərin vəhşi müqaviməti ilə üzləşmiş ərəblər İspaniyanı da tutarkən, eyni vəziyyət ilə qarşılaşacaqlarını güman edirdilər. Lakin gözlədiklərinin tam əksinə olaraq, İspaniya çox qısa müddətdə, cəmi bir neçə ay ərzində fəth olundu. Müsəlmanlar elə ilk döyüşdəcə qotları darmadağın etdilər. Həmin döyüşdə Sevilya yepiskopu da onlara kömək edirdi. Nəticədə, qot tayfalarının müqaviməti sındırılaraq, sahil zonası müsəlmanların əlinə keçdi.
Tariq ibn Ziyadın müvəffəqiyyətini görən Musa ibn Nəsir bu uğurda ona şərik olmaq arzusu ilə 12 min ərəb və 8 min bərbər əsgərindən ibarət qoşun toplayıb İspaniyaya adladı.
İslam qoşunu öz yolu boyunca demək olar ki, heç bir ciddi müqavimətlə rastlaşmırdı. Hökumətdən narazı olan xalq və bir-biri ilə didişən əyanlar könüllü surətdə fatehlərə tabe olur, hətta bəzən onlara qoşulurdular. İspaniyanın Kordova, Malaqa, Qranada, Toledo kimi iri şəhərləri müqavimətsiz təslim oldu. Paytaxt Toledo şəhərində qot hökmdarlarına məxsus daş-qaşla zinətlənmiş 25 ədəd qiymətli tac müsəlmanların əlinə keçdi. Qot kralı Rodrikin dul arvadı əsir alındı və Musa ibn Nəsirin oğlu onunla evləndi.
Ərəblər ispanlara, Şam və Misir əhalisi ilə bir gözdə baxırdılar. Fəth olunan ölkələrdə gözlənilən qanunlar burada da icra olunurdu. Fatehlər yerli xristian əhalinin əmlakına, məbədlərinə toxunmurdular, yerli adət-ənənələr, qanunlar olduğu kimi qalırdı. İspaniyalılara icazə verilirdi ki, mübahisəli məsələlərdə əz hakimlərinə müraciət edib, öz məhkəmələrinin hökmünə əməl etsinlər. Bütün bunların müqabilində əhali o zaman üçün çox cüzi sayılan miqdarda cizyə (vergi) verməli idi. Verginin məbləği əyanlar və dövlətlilər üçün bir dinar {15 frank), kasıblar üçün yarım dinar həddində müəyyən edilmişdi. Buna görə də, yerli hakimlərin zülmündən və saysız-hesabsız töycülərdən cana doymuş yoxsullar könüllü surətdə müsəlmanlara təslim olur, hətta İslam dinini qəbul edərək, vergidən azad edilirdilər. Tək-tək yerlərdə ara-sıra müqavimət cəhdləri göstərilsə də, bunların qarşısı tezliklə alındı.
Tarixçilərin yazdığına görə, Musa ibn Nəsir İspaniyanı aldıqdan sonra Fransa və Almaniya istiqamətində hərəkət edib Konstantinopola (indiki İstanbul) çatmaq fikrində idi (o zaman Konstantinopol əzəmətli Bizans imperiyasının paytaxtı idi). Lakin xəlifə onu Dəməşqə - öz hüzuruna çağırdı və bu plan yarımçıq qaldı. Əgər Musa öz niyyətini yerinə yetirib, Avropanı fəth edə bilsəydi, bu gün parçalanmış millətlər vahid din bayrağı altında birləşmiş olardılar. Bununla yanaşı, Avropa orta əsrlərin qaranlıq və qorxunc faciələrindən amanda qalardı.
Aydındır ki, bütün Avropa cəhalət, qardaş qırğını, epidemiyalar, mənasız səlib müharibələri, inkvizisiya caynağında inləyərkən, İspaniya ərəblərin hökranlığı altında firavan, abad və parlaq inkişaf dövrünü yaşayırdı. Vaxtilə zülmət içində nur kimi parlamış İspaniya elmin, mədəniyyətin inkişafı üçün yaradılmış gözəl şəraitə görə İslam dininə borcludur.
İspaniyanın siyasi, iqtisadi və mədəni mühitində ərəblərin rolunu müəyyən etmək üçün onların ümumi say nisbətini öyrənmək faydalı olar.
Deyildiyi kimi, Pireney yarımadasına daxil olmuş ilk müsəlman ordusu ərəblərlə bərbərlərdən ibarət idi. Sonrakı hərbi dəstələrdə Şam əhalisinin nümayəndələri də iştirak etməyə başladılar. Tarixdən məlumdur ki, erkən orta əsrlərdə İspaniyada elm və mədəniyyətə rəhbərlik ərəblərə məxsus idi, bərbərlər onların təsiri altında qərar tutmuşdular. Ərəblər əhalinin ən üstün (əşraf) təbəqəsi, bərbərlər və yerli xalqlar isə ikinci, üçüncü dərəcəli təbəqə hesab edilirdi. Maraqlıdır ki, İspaniyada bərbər sülalələri hakimiyyətə çatdıqda belə, ərəblər öz ağalıqlarını qoruya bildilər.
Ərəblərlə bərbərlərin say nisbətinə gəlincə, bu barədə dəqiq məlumat yoxdur. Yalnız belə fərz etmək olar ki, Kordova əmirliyi ərəb xilafətindən ayrıldıqdan sonra İspaniyadakı ərəblər başqa məmləkətlərdən təcrid olundular. Lakin bərbərlər sürətli artım və Şimali Afrika mühacirləri sayəsində çoxalıb kəmiyyət üstünlüyü qazandılar.
Müsəlmanlar İspaniyanın yerli xristian əhalisi ilə də qaynayıb-qarışırdılar. Tarixçilərin məlumatına əsasən, İspaniyanın fəthinin elə ilk dövrlərində ərəblər 30 min xristian qadını ilə evlənib, onları öz hərəmxanalarına daxil etdilər (Sevilya qəsrində "Qızlar otağı" adlanan hərəmxana tarixin yadigarıdır). Bundan əlavə, fütuhatın əvvəllərində bəzi əyanlar ərəblərə öz sədaqətlərini göstərmək üçün hər il xəlifə sarayına 100 nəfər xristian qızı göndərirdilər. Ərəblərin ailə qurduqları qadınlar arasında latınlar, iberlər, yunanlar, qotlar və başqaları da var idi. Aydındır ki, bu kütləvi qan qarışması nəticəsində bir neçə onillikdən sonra 700-cü illərin fatehlərindən köklü surətdə fərqlənən yeni qarışıq nəsil meydana gəldi.
Miladi 711-ci ildə İspaniyanın fəthindən etibarən 756-ci ilə kimi bu vilayət Əməvi xilafətinə tabe idi, xəlifənin təyin etdiyi əmir oranı idarə edirdi. 756-ci ildə İspaniya xilafətdən ayrılıb müstəqil oldu və Kordova xilafəti adlanmağa başladı. Ölkənin paytaxtı da Kordova şəhəri idi.
Ərəblərin İspaniyada hakimiyyətindən 300 il keçdikdən sonra onların ehtişam ve şan-şöhrət ulduzu sönməyə başladı. Kordova xilafətini bürümuş çəkişmələr dövlətin qüdrətini sarsıtdı. Bu zaman şimaldakı xristianlar fürsəti qənimət bilib, intiqam almaq fikri ilə həmlələrə başladılar.
Ərəblərin fəth etdikləri torpaqları geri almaq (ispanca rekonkista) uğrunda xristianların mübarizəsi X əsrdə gücləndi. İspaniya ərazisindən çıxarılmış xristianların toplandığı Asturiya vilayətində Leon və Kastiliya krallıqları yarandı. XI əsrin ortalarında bu iki krallıq birləşdi. Elə həmin dövrlərdə Navarra, Kataloniya və Araqon dövlətləri birləşib Araqon krallığını meydana gətirdi. XI əsrin sonunda Pireney yarımadasının qərbində Portuqaliya qraflığı meydana gəldi. Az sonra bu qraflıq da krallığa çevrildi. Beləliklə, XI əsrin sonlarında İspaniya xəritəsində Kordova xilafətinin ciddi xristian rəqibləri görünməyə başladı.
1085-ci ildə şimallılar güclü həmlə nəticəsində Toledonu ələ keçirdilər. Onlara Kastiliya və Leon kralı VI Alfons başçılıq edirdi. Öz qüvvələri ilə xristianlara müqavimət göstərə bilməyəcəklərini görən İspaniya müsəlmanları Şimali Afrika bərbərlərindən kömək istədilər. Tunis və Mərakeşdə möhkəmlənmiş əl-Murabitun sülaləsi İspaniyaya keçib, Kordova xilafətini dirçəltməyə cəhd etdi. Əl-Murabitilər 1086-cı ildə VI Alfonsu məğlub edərək, rekonkista hərəkatını müvəqqəti dayandırmağa nail oldular. Cəmi yarım əsr sonra onlar siyasət səhnəsinə daxil olmuş yeni sülaləyə - əl-Muvəhhidilərə məğlub oldular. Şimali Afrikada hakimiyyəti ələ keçirmiş əl-Muvəhhidilər İspaniyaya hücum edərək, 1145-ci ildə müsəlman vilayətlərini özlərinə tabe etdilər. Lakin bu dövlət xristianlara layiqli müqavimət göstərə bilmədi. Öz saraylarını İbn Tüfeyl, İbn Rüşd kimi parlaq simalarla bəzəsələr də, əl-Muvəhhidilər rekonkista qarşısında aciz qaldılar. Onlar 1212-ci ildə Las-Navas de Tolosa yaxınlığında birləşmiş xristian ordusuna məğlub olaraq İspaniyanı tərk etdilər.
Öz aralarında yola getməyən ispan krallıqları ərəblərə qarşı müharibədə düşmənçilikləri kənara qoyub birləşirdilər. Müsəlmanlara qarşı yönəlmiş rekonkista hərəkatında Kastiliya, Araqon, Navarra və Portuqaliya krallıqlarının birləşmiş qüvvələri iştirak edirdi. 1236-cı ildə müsəlmanlar Kordovanı, 1248-ci ildə Sevilyanı, 1229-35-ci illərdə Balear adalarını, 1238-ci ildə Valensiyanı itirdilər. 1262-ci ildə Kadis şəhərini almaqla, xristianlar Atlantik okeanı sahillərinə çıxdılar.
Müsəlmanların əlində yalnız Qranada əmirliyi qaldı. XIII əsrin sonlarında Nəsrilər sülaləsindən olan İbn əl-Əhmər ləqəbli Muhəmməd əl-Qalib İspaniyanın cənubundakı Qranada şəhərinə çəkilərək əl-Həmra (Alqambra) qəsrini möhkəmləndirdi. O, Kastiliya kralına bac vermək şərti ilə öz nisbi müstəqilliyini qoruya bildi. İki əsr boyu duruş gətirmiş Qranada əmirlərinin sarayında İbn Xəldun və İbn əl-Xətib kimi mütəfəkkirlər xidmət edirdi.
1469-cu ildə Araqon kralı II Ferdinand Kastiliya kraliçası İzabella ilə evləndi. Kastiliya-Araqon krallığı bütün İspaniya ərazisini birləşdirdi. Qranada əmirləri onlara xərac verməkdən imtina etdilər. 1492-ci ildə ispanların güclü həmləsi qarşısında Qranada təslim olub süqut etdi, müsəlmanların Pireney yarımadasındakı son istinadgahı da ələ keçirildi. Bununla da, bütün İspaniya ərəblərdən geri alındı və rekonkista hərəkatı xristianların qələbəsi ilə başa çatdı.
Müsəlmanlar Qranadanı bu şərtlə təslim etmişdilər ki, onların dininə, dilinə və mülkiyyətinə toxunulmayacaq. Lakin II Ferdinand tezliklə öz vədini pozdu. Müsəlmanlara qarşı kütləvi təqib və əzab dalğası başlandı. Əvvəlcə onları zorla xristianlığı qəbul etməyə məcbur edirdilər. Xristian olmaq istəməyənlər dəhşətli inkvizisiya məhkəməsinə çəkilirdilər. İşgəncələrdən amanda qalmaq naminə dinini dəyişənlər tezliklə aldandıqlarını başa düşürdülər. İnkvizisiya yeni xristianları da qeyri-səmimi və şübhəli elan edib, tonqallarda yandırmağa başladı. Kilsə rahiblərinin fətvası ilə qocalı-cavanlı, qadınlı-kişili yüz minlərlə müsəlman qətl olundu. Dominikan ordeninin rahibi Belida bütün müsəlmanları ucdantutma məhv etmək təklifini irəli sürdü. O deyirdi ki, xristianlığı qəbul etmiş şəxslərə də aman verilməməlidir, çünki onların səmimiyəti şübhə altındadır: "Bir halda ki, biz onların qəlblərindəkini bilmirik, onları öldürməliyik ki, Allah özü onları haqq-ədalətlə hesaba çəksin". Rahibin bu fikri keşişlər tərəfindən bəyənildi, amma İspaniya hökuməti müsəlman dövlətlərindən qorxaraq, onu təsdiq etmədi.
1610-cu ildə İspaniya hökuməti bütün müsəlmanlardan tələb etdi ki, ölkəni tərk etsinlər. Naəlac qalan ərəblər köçməyə başladılar. Cəmi bir neçə ay ərzində İspaniyanı bir milyon nəfərdən artıq müsəlman tərk etdi. 1492-1610-cu illər arasında müsəlmanların kütləvi qırğını və mühacirəti nəticəsində İspaniyanın əhalisi üç milyon nəfərə qədər azaldı. Ən dəhşətlisi budur ki, ölkəni tərk edən müsəlmanlar yerli əhalinin hücumlarına məruz qalıb öldürülürdülər. Rahib Belida sevinclə bildirirdi ki, hicrət edən müsəlmanların dörddə üç hissəsi yolda həlak olmuşdur. Göstərilən rahib Afrikaya üz tutmuş 140 min nəfərlik müsəlman karvanının 100 min nəfərinin öldürülməsində şəxsən iştirak etmişdi. Həqiqətdə, İspaniyada müsəlmanlar əleyhinə törədilmiş qanlı cinayətlər Müqəddəs Varfolemey gecəsini kölgədə qoyurdu.
Ərəblər mədəniyyətdən çox uzaq olan İspaniyaya qədəm basmaqla, onu sivilizasiyanın ən yüksək nöqtəsinə çatdırdılar və səkkiz əsr orada hakimiyyət sürdülər. Ərəblərin gedişi ilə İspaniya sürətlə dəhşətli tənəzzülə uğradı və bu tənəzzülü uzun müddət aradan qaldıra bilmədi. Ərəbləri qovmaqla İspaniya üç milyon mədəni və elmi əhalisini, yüksək inkişaf etmiş əkinçilik, ticarət və sənət sahələrini, elm və ədəbiyyatını itirdi. Vaxtilə bir milyon nəfər əhalisi olmuş Kordovada bu gun cəmi 300 min adam yaşayır. Müsəlmanların dövründə 200 min nəfərlik Toledonun əhalisi indi 50 min nəfərdən də azdır. Beləliklə, qətiyyətlə demək olar ki, ispanlar ərəblərə qarşı müharibədə qalib gəlsələr də, böyuk İslam mədəniyyətindən imtina etməklə məğlub olub, cəhalət və gerilik girdabına atıldılar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər