İmam (ə) nə üçün şəhadəti seçdi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 23-10-2015, 23:52 | Şərh sayı: (0) | Baxılıb: 347
İmam (ə) nə üçün şəhadəti seçdi?
Üçüncü məqam. Hədis və rəvayətlərdən başqa, Kufədə xilafətin acı təcrübələrini nəzərə almaqla məlum oldu ki, sonda seçilən yol şəhadətdir. Bəs nə üçün İmam(ə) bu yolu seçdi? Bu «nə üçün»ün fəlsəfəsini bilməkdən ötrü öncə o günkü Kufənin simasına bir nəzər salmalıyıq. Doktor Şəhidi «Hüseynin (ə) qiyamı» kitabında yazır:
- Bu şəhəri Səd ibn Əbi Vəqqas 17-ci hicri ilində ordudakıları yerləşdirmək üçün tikdirdi. Əvvəlcə məqsəd əsgərlər üçün yaşayış yeri salmaq idi. Çox keçmədi ki, Peyğəmbər (s) səhabələrindən bir qrupu, habelə digər adamlar bu şəhərə üz tutdular. Şərqdə yeni torpaqların fəth olunması ilə həmin ərazilərdən daha çox insan dəstə-dəstə Kufəyə gəlirdilər.
Bəsrə müharibəsindən sonra Əli (ə) Kufəni özünə qərargah etdi. Bu tarixdən Kufə islam şəhərləri arasında xüsusi əhəmiyyət kəsb etməyə başladı. Qeyd etdiyimiz illərdə bu şəhərin əhalisini müxtəlif adamlar təşkil edirdilər. Hər bir dəstənin özünəməxsus adət-ənənəsi, əqidəsi və digər dəstələrə zidd ayinləri var idi. Fəth olunmuş ərazilərdən tədricən sənətkarlar, ziyalılar, müəyyən vəzifə və sərvət əldə etmək istəyənlər, habelə öz peşəsini və ya istedadını nümayiş etdirmək həvəsində olanlar Kufəyə üz tuturdular. İslamın fəthindən qabaq müxtəlif din və fəlsəfələrə malik olan bu adamların Kufədə məskunlaşması ilə cürbəcür mübahisələr üçün meydan açıldı. Yaxşı məlumdur ki, bu mübahisələrin genişlənməsi müsəlmanlar arasında ixtilafların baş verməsinə səbəb oldu. Fərat hövzəsinin müxtəlif yerlərindən bu şəhərə üz tutan adamların əhval-ruhiyyəsi və əxlaqı da Hicazda yaşayanlarla üst-üstə düşmürdü. Hisslərin kəskin şəkildə büruzə verilməsi, təhrikçilik qabiliyyəti, sonu düşünmədən hərəkət etmək, tələsik qərar qəbul etmək və qəbul olunmuş qərardan dərhal peşman olmaq bu adamların başlıca xüsusiyyətlərindən idi.
O, «İslam mədəniyyəti tarixi»ndən nəql edir: «Müaviyə İbn Kəvvadan soruşdu: İslam şəhərlərindəki adamların xasiyyətləri necədir? O, Kufə əhalisi barədə dedi: Onlar bir işə birgə qoşulurlar, ancaq sonra isə dəstə-dəstə özlərini kənara çəkirlər».
O, əlavə edir: «Kufə xilafət mərkəzinə çevrildikdən sonra İraq öz keçmiş arzusuna yaxınlaşdı. Amma bir nüansı nəzərdən qaçırmamalıyıq ki, Şam əhalisi nə qədər öz hakimlərinin itaətində yekdil idisə, İraq əhalisi o qədər işləri pozmaqda, hökumət işlərinə yersiz müdaxilə etməkdə, ani qərar qəbul etməkdə və ondan dönməkdə, habelə öz başçılarına problemlər yaratmaqda möhkəm idi. Ona görə də İmam (ə) Kufə əhalisinin bu pərakəndəliyini, özbaşınalığını və aqibəti düşünməməyini görüb deyirdi: Şamlılar öz batil işlərində də yekdildirlər, siz isə haqq tərəfdarı ola-ola öz haqqınızda pərakəndəsiniz. Odur ki, sizin on nəfərinizi Müaviyənin tərəfdarlarından bir nəfərlə deyişməyə razıyam.
Müaviyə İmam Həsənlə (ə) sülh müqaviləsi bağladıqdan və İmam Hicaza getdikdən sonra, o, İraqda silahlı qüvvə ilə üz-üzə gəlməkdən xilas oldu və bacardığı qədər yerli əhaliyə əziyyət verməkdən çəkinmədi. Bir çox mömin və dindar adamları məkr və hiylə ilə, yaxud aman verməklə tələyə saldı, sonra da müsəlman qaydalarına zidd olaraq onları öldürmək barədə göstəriş verdi. Şamlıların qarşısında İraq böyükləri xeyli təhqir edildi. İraqlılar yavaş-yavaş bütün bu zülmlərdən cana doydular. Müaviyə ölən kimi Kufə əhalisi bildi ki, yeni bir iş üçün münasib fürsət yaranmışdır.
Şübhəsiz ki, bu zaman həmin şəhərdə qəlbi təmiz müsəlmanlar heç də az deyildi və onlar Peyğəmbərin (s) sünnəsinin pozulmasından cana doymuşdular. Onlar ürəkağrısı çəkir və istəyirdilər ki, adil bir imam hakimiyyət başına gəlib mövcud eybəcərlikləri aradan qaldırsın. Amma bu iddiada olmaq çoxları üçün öz keçmiş məğlubiyyətlərinin, o cümlədən Siffeyn döyüşündəki məğlubiyyətin intiqamını almaq, habelə yəmənlilərin misirlilərə olan kinlərinin əvəzini çıxmaq üçün bir bəhanə idi.
Xülasə, Doktor Şəhidi öz ümumi təhlilində bu nəticəyə gəlir ki, iraqlı və şamlılar arasında olan düşmənçilik alovu daha da qızışdıqca olub Kufə qiyama hazırlaşmağa başladı və deyildiyi kimi, Hüseynə (ə) məktub yazdılar. Ancaq İmamı (ə) İraqa kömək etmək məqsədilə çağıranların heç birinin din dərdi yox idi. Bu dəvətlərin başında din adı altında siyasi məqsədlər gizlənmişdi. İraq Şama öz gücünü göstərməli və bacardığı təqdirdə xilafət mərkəzini Dəməşqdən Kufəyə köçürməli idi.
Bu, medalın bir üzü idi. Digər üzü isə Zəhra (s) balasıdır. Şübhəsiz ki, aşura qiyamı barədə düşünən hər bir kəs öz təhlilində «Hüseyn (ə) hakimiyyəti əldə etmək üçün İraqa gəldi. Lakin təəssüf ki, məğlub oldu» nəticəsinə gəlsə, qayıdıb tarixi bir daha mütaliə etməlidir. Axı, Həzrətin (ə) zülmkar hökumət başçısı əleyhinə qiyamı nə vaxtdan hakimiyyəti ələ almaq kimi dəyərləndirilməlidir? Bu cür naşı və mənasız təhlillər insafsız və şəhadət fəlsəfəsindən uzaq olan Qərb tarixçi və təhqiqatçılarının əlinə düşdükdə isə onlar belə nəticəyə gəlirlər ki, Peyğəmbər (s) mirasını bölmək üstündə əmioğlular arasında ixtilaf oldu və nəticədə Yezid ibn Müaviyə qələbə qazandı, Hüseyn ibn Əli (ə) isə öldürüldü!
Gələcək səhifələrdə təfsilatı ilə izah olunacağına baxmayaraq, burada Həzrətin (ə) Məkkədən İraqa getmək qərarına gələrkən bəyan etdiyi sözləri dinləyək ki, qiyamın məqsədinin nə olduğunu da anlayaq.
بسم الله الرحمان الرحيم خطّ الموت على ولد آدم مخط اقلادة على جيد الفتاة ...
«Ölüm hər bir Adəm övladı üçün məcburidir və bu, cavan gəlinin sinəsindəki boyunbağıtək gözəl bir xətdir. Mən öz babalarımın Yəqubun Yusifi gözləməsi kimi hərəkətlərinə valehəm...». Hər kəs qanını bizim yolumuzda tökməyə hazırdır və özünü Allahla görüşə hazırlamışdırsa, mənimlə köç etsin. Mən bu səhər yola düşəcəyəm, inşallah.
Bir sözlə, o, şəhadət yolunu bilərəkdən seçdi. Çünki bilirdi ki, Yezidə beyət etməkdən nə qədər imtina etsə, Yezid hökuməti islamı və qanuni don geyməyəcəkdir. Bu qədər».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər