Səfəvi şahları hansı dildə yazışırdılar? |
Müəllif: Admin | Bölmə: Azərbaycan tarixi, Slide | Vaxt: 26-03-2016, 22:42 | Şərh sayı: (0) | Baxılıb: 2180
Səfəvi şahları hansı dildə yazışırdılar?
Səfəvi sarayında türk dilinin kifayət qədər yayılmış olduğunu ilk növbədə şahların xarici ölkə hökmdarlarına göndərdikləri məktublar təsdiq edir. Səfəvi şahları nəinki XVI, hətta XVII əsrdə də diplomatik yazışmalar zamanı türk dilindən istifadə edirdilər. Bu gün dünya muzeylərini və arxivləri bəzəyən bəzi məktub və sənədlər bunu əyani şəkildə sübuta yetirir. Səfəvi şahları öz ana dillərini o qədər çox sevirdilər ki, yalnız onların dilini başa düşən hökmdarlara deyil, Avropa krallarına da türk dilində məktub yazırdılar. Bu, onların öz doğma dillərinə nə qədər sevgi və dəyərlə yanaşdıqlarını isbat edir.
Şah I Səfinin 1628-29-cu illərdə Avstriya ershersoqu II Ferdinanda ünvanladığı türkcə məktub Avstriyanın paytaxtı Vyana şəhərində qorunur. Faktiki olaraq sonuncu müstəqil Səfəvi şahı sayılan Sultan Hüseynin 1695-96-cı illərdə Saksoniya kürfürsti (gələcək kralı) və Varşava hersoqu I Fridrix Avqusta yazdığı məktub isə Almaniyanın Drezden şəhər arxivində mövcuddur. Hər iki məktub o zamankı saray etiketinə uyğun olaraq dəbdəbəli, şahanə ifadələrlə zəngindir. Əlbəttə, bu məktubların dilini təmiz danışıq türkcəsi kimi qəbul etmək olmaz, onların içində ərəb və fars mənşəli sözlər çoxdur. Hər iki məktub haqqında dr. Fekete Layoş İstanbul Universitetinin Türkiyyat Məcmuəsinin 1936-cı il tarixli 5-ci cildində 9 səhifəlik məqalə ilə çıxış etmiş, məktubların fotosurətini də məqalənin sonunda vermişdir.
Səfəvilər dövrünə aid aşkar olunmuş başqa rəsmi məktublar XVI-XVII əsrlərdə ölkədaxili və beynəlxalq yazışmalarda türk dilindən də istifadə edildiyini göstərir. Mövzu ilə bağlı mənbələrdə bir neçə sənədin adı çəkilir. Məsələn,
Şah İsmayılın Musa Durğut oğlu adlı əmirə yazdığı türkcə məktub;
Zeynalabidin Əli Əbdi bəyin “Təkmilat əl-əxbar” əsərinin yazılması haqda I Təhmasibin fərmanı;
Səfəvi şahı II Abbasın Şirvan bəylərbəyi Hacı Məniçöhr xana məktubu (Azərbaycan tarixi üzrə qaynaqlar (tərtib edən S.Əliyarlı), Bakı, 2007, səh. 170-175);
Səfəvi şahı I Təhmasibin Osmanlı şahzadəsi II Səlimə məktubu (Tofiq Hacıyev. Azərbaycan ədəbi dilinin tarixi, Bakı, 2012, səh. 264);
Səfəvi şahı I Səfinin rus çarı Mixail Romanova məktubu (yux. mənbə, səh. 490).
Bunlardan əlavə də Səfəvilər dövrünə aid türk dilində yazılmış bir neçə rəsmi sənəd Azərbaycan alimləri tərəfindən aşkara çıxarılmışdır.
Səfəvilər dövrünə aid rəsmi yazışmalardan danışarkən, Osmanlı sarayının yazışma təcrübəsi ilə müqayisələr aparmaq yerinə düşər. Bu mənada “Mecmua-yi münşeat-i Feridun bey” adlı XVI əsr mənbəsinə nəzər salmaq faydalıdır. (İstanbul, Takvimhane-yi Amire, hicri 1265-74-cü, miladi 1848-58-ci illər). “Mecmua-yi münşeat-i Feridun bey” və ya daha məşhur adı ilə desək, “Münşeatü-s selatin” orta əsrlərdə Osmanlı sultanlarının daxili və xarici yazışmalarını əhatə edən sənədlərin toplusudur. Burada Osmanlı sultanlarının qonşu hökmdarlara məktubları, onlara göndərilən namələr, sultanların öz vəliəhdləri və təbəələri ilə yazışmaları öz əksini tapıb. Namələrin (bəzi istisnalarla) orijinal mətnləri verilir.
Adı çəkilən mənbəni vərəqləyərkən, zehinlərdə dolaşan bəzi suallara cavab tapmaq mümkün olur. Bu gün bir çoxları Səfəvi dövlətində rəsmi yazışmaların daha çox fars dilində aparılmasını irad tuturlar. Yuxarıda qeyd etdiyimiz kimi, Səfəvilər sarayında danışıq dili kimi türk dili inkarolunmaz üstünlüyə mailk idi. Lakin yazışmalarda (əsasən, ölkə xaricinə ünvanlanan rəsmi məktublarda) fars dilindən daha çox istifadə edilirdi.
Bunun səbəblərindən biri, şübhəsiz ki, Səfəvilər dövlətinin çoxmillətli və çoxdilli bir imperiya olması idi. Unutmaq olmaz ki, yalnız türklər (azərbaycanlılar) deyil, böyük say çəkisinə malik olan farslar, eləcə də, kürdlər, ərəblər, lurlar, əfqanlar, milli azlıqlar, qeyri-müsəlman millətlər bu imperiyanın təbəəsi idilər. Ölkənin paytaxtı Şah Abbasın zamanından başlayaraq farsların yaşadığı bölgəyə aid olan İsfahanda yerləşirdi. İsfahan həm coğrafi cəhətdən imperiyanın mərkəzi sayıla biləcək bir mövqeyə mailk idi, həm də buradan Səfəvilər dövlətinin “qaynar nöqtələrini” - Osmanlılarla və özbəklərlə döyüş cəbhəsini, eləcə də, okeana çıxış olaraq böyük əhəmiyyət daşıyan və buna görə də Avropa işğalçılarının, xüsusilə, portuqalların hücumuna məruz qalan Fars körfəzini nəzarət altında saxlamaq daha rahat idi.
(ardı var)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər