Küçə reklamlarının "küçə danışığı" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-10-2015, 22:01 | Şərh sayı: (0) | Baxılıb: 381
Küçə reklamlarının "küçə danışığı"
"Dövlət dili haqqında" və "Reklam haqqında" Qanunlarda yer almış məsələlər reklam lövhələrinin yazılışında dövlət və ana dilimizin qorunması prinsiplərini özündə əks etdirir. Bəs reallıqda vəziyyət necədir?
Bakı küçələrinin "ingilis, rus, fransız, çin dili"
Söz Azadlığını Müdafiə Fondunun layihələr üzrə koordinatoru Nəzirməmməd Zöhrablı aparılan monitorinqlərin nəticəsinə əsasən, reklam xarakterli lövhələrin yazılışında ingilis, rus və türk dilində olan sözlərdən geniş istifadə olunduğunu deyir. Bununla yanaşı, lövhələrin yazılışında rus mənşəli sözlərin latın qrafikası ilə verilməsinə rast gəlinir: "Məsələn, "Boçka", "Başmaçok", "Çudo-Peçka", "Tetradka", "Bon Appetit", "İnce Göl" tipli adlar Azərbaycan dilində heç bir qarşılığı olmadan paytaxtın küçələrini "bəzəyir". "Million alıx roz", "Malışok", "Xozyayuşka", "Lakomka", "Woman Life" kimi mağazalar da bu sıraya aiddir.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, reklam xarakterli lövhələr ingilis, rus, türk dili ilə yanaşı, italyan, fransız, yapon, hətta çin dilində, dünyanın heç bir nöqtəsində başa düşülməyən çin heroqlifləri ilə yazılır.
Müşahidə aparılan lövhələrin yazılışının bir hissəsində qrammatik səhvlərə də rast gəlinir. Ancaq bu sahədə ilbəil nisbi irəliləyiş özünü göstərir".
Müəssisə sahibləri "türk" deyəndə nəyi nəzərdə tuturlar?
Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Nəsir Əhmədli deyir ki, bütün sahələrdə dilimizin saflığı və təmizliyi eyni səviyyədə qorunmalıdır: "Bu sahədə də dilimizin qayda-qanunlarına bələd olmaq, orfoqrafiya qaydalarına riayət etmək lazımdır".
O, reklam lövhələrində müşahidə etdiyi dil qüsurlarını bizimlə bölüşür: "Məsələn, elan və reklam lövhələrində divara vurulan daşlar rus dilində "aqlay" kimi, cilalanma rus dilində səhv yazılışla "palirovka" kimi yazılır. Taksi maşınlarının üstünə ingiliscə "taxı" yazılır. İngilis dilini bilməyən adam onu elə "taxı" kimi də oxuyur. "Saç baxımı ürünləri" nə deməkdir? Bizim dilimizdə belə ifadə yoxdur axı. Yazırlar ki, türk preparatları. Maraqlıdır, müəssisə sahibləri "türk" deyəndə nəyi nəzərdə tuturlar? Yeddi ölkənin əhalisi türkdür. Amma onlar "türk" deyəndə ancaq Türkiyə türkünü nəzərdə tuturlar, bu, doğru deyil. Məhsulun hansı ölkəyə aid olduğu konkret göstərilməlidir.
Kafe və restoranların menyu lövhəsində yemək adları yanlış və ya rus dilində yazılır, yaxud yeməklər "pervıy", "vtoroy" kimi sözlərlə təqdim edilir.
Mağazaların lövhələrində "kampaniya" əvəzinə "kompaniya" yazılışına rast gəlirik. "Original" sözü "orijinal" kimi, "katric" "kartric" kimi yazılır.
Bütün bunlar nəzarətsizlikdən irəli gəlir. Qanunda reklam lövhələrinə, obyektlərə əcnəbi adların verilməsi qadağan edilsə də, əməl olunmur".
Reklam sahəsində sistem yoxdur
Dilçilik İnstitutunun Monitorinq şöbəsinin rəhbəri Qulu Məhərrəmli, ümumiyyətlə, küçə reklamları sahəsində bir xaos olduğunu deyir: "Reklamların necə yazılması bir məsələdir, tərtibatı bir məsələ, haradan asılması başqa məsələ. Burada bizi maraqlandıran əsas məsələ dil problemidir. Buna isə heç kim nəzarət etmir. Dövlət məmurları belə bu məsələdə gücsüzdürlər. Obyekt bir çox hallarda xüsusi mülkiyyət olduğuna görə kim gedib pulunu ödəyirsə, o da reklamını yazdırır və istədiyi yerdən asır. Həmin yazını heç cür dəyişdirmək mümkün olmur və çıxılmaz vəziyyət yaranır.
Apardığımız monitorinqlərin nəticəsinə görə, mağaza, şirkət sahibləri obyektlərinə qoyduqları adların düzgün yazılış formasını bilmirlər. Onların dil bilgisi olmadığına görə mütəxəssis köməyi lazım gəlir. Bəzən mütəxəsislərin təklifləri ilə razılaşırlar.
Bu sahədə bir sistem yoxdur. İlk növbədə, bir sistem yaranmalıdır. Hazırda bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları ilə danışıqlar aparırıq. Onlar bu işdə istənilən qaydanı yaratmaq imkanına malikdirlər. Çünki Reklam İdarəsinin rəyi olmadan reklam hazırlanıb haradansa asıla bilməz. Reklamları ayrıca reklam büroları, agentlikləri hazırlayırlar. Bu iş savadsız əməkdaşların əlinə düşəndə yol verdikləri səhvlər tirajlanmağa başlayır".
Şöbə müdirinin sözlərinə görə, problem inzibati qaydada həllini tapmayınca elmi tövsiyə və təbiğatlar da nəticəsiz qalacaq: "Vətəndaşların əmək hüququna, azadlığına zərər gətirmədən Azərbaycan dilinin düzgün istifadəsinə nail olmağa çalışmalıyıq.
"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda birinci maddə dillə bağlı qanunvericilik bazasını təkmilləşdirməkdir. Bu situasiya hüquqşünaslar və dilçilər tərəfindən öyrənilir. Ümid edirik ki, yaxın gələcəkdə bu sahə üzrə çatışmazlıqlar aradan qaldırılacaq".
Sevinc Fədai
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər