Rusiya və Türkiyə arasında növbəti təyyarə qalmaqalı – ara yenə qarışdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 10:21 | Şərh sayı: (0) | Baxılıb: 240
Rusiya və Türkiyə arasında növbəti təyyarə qalmaqalı – ara yenə qarışdı
Türkiyə Silahlı Qüvvələri hazırlıq vəziyyətinə gətirildi
Rusiya hərbi hava qüvvələrinə məxsus “SU-34" təyyarəsi Türkiyənin hava məkanını növbəti dəfə pozub. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. İnsidentlə əlaqədar Rusiyanın Türkiyədəki səfiri Türkiyə XİN-nə çağırılıb. Türkiyə XİN-in yaydığı məlumatda bildirilir ki, Türkiyə hava məkanının pozulmasına görə məsuliyyət tamamilə Rusiyanın üzərinə düşəcək. Rus təyyarəsinin heyətinə ingilis və rus dillərində dəfələrlə xəbərdarlıq olunduğu da yayılan məlumatda qeyd olunub.
Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaşanan insidentdən sonra dünyanın öndə gedən ölkələri ilə önəmli danışıqlar apardığını bildirib. O, hadisədən sonra ABŞ, Almaniya, İngiltərə və Fransanın xarici işlər nazirləri ilə telefon əlaqəsi yaratdığını açıqlayıb. Artıq Türkiyə Silahlı Qüvvələri hazırlıq vəziyyətinə gətirilib. Prezident Rəcəb Tayyib Ərdoğan analoji hal təkrarlanarsa, dərhal “vur” əmri verib.
Rusiyanın Müdafiə Nazirliyi isə ötən ilin noyabrında olduğu kimi, bu dəfə də məlumatı təkzib edir. Qurumun nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Suriyadakı Rusiyaya məxsus təyyarələrin heç biri Türkiyənin hava məkanını pozmayıb. “Türkiyə tərəfinin ölkənin hava məkanının guya ”Su-34" təyyarəsi tərəfindən pozulması barədə bəyanatı təbliğatdan başqa bir şey deyil" - açıqlamada deyilir.
Pentaqon isə Rusiyanın Müdafiə Nazirliyindən fərqli olaraq, hava məkanının pozulması ilə bağlı rəsmi Ankaranın verdiyi bəyanatı təsdiqləyib. APA-nın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Mark Rayt RİA “Novosti” agentliyinə bildirib. M. Rayt Rusiya və Türkiyəni eskalasiyanın qarşısını almaq üçün danışıqlar aparmağa çağırıb.
“Rusiya döyüş təyyarəsinin yanvarın 29-da Türkiyə və NATO-nun hava sərhədini pozması barədə məlumatlardan xəbərdarıq və bunu təsdiq edirik. Əvvəlki insidentlərdən sonra da bəyan etdiyimiz kimi, ABŞ da NATO kimi, bu məsələdə Türkiyə ilə həmrəydir və biz Rusiyanı Türkiyənin hava məkanına hörmət etməyə, regionda qeyri-stabilliyə səbəb olan əməllərdən çəkinməyə çağırırıq. Rusların və türklərin eskalasiyanın qarşısını almaq üçün danışıqlar aparması vacibdir”-deyə, M. Rayt qeyd edib.
Göründüyü kimi, iki ay öncədən gərginləşən münasibətlər son hadisə ilə daha da artıb. Hadisələr ötən ilin 24-də baş verənlər kimi, cərəyan edir. Fərq sadəcə ondan ibarətdir ki, iki ay öncə Türkiyə tərəfi rus təyyarəsini vursa da bu dəfə hələ ki səbir nümayiş etdirir. Bunun nə vaxta qədər davam edəcəyi məlum deyil.
Heç şübhəsiz ki, baş verənlər şimal qonşumuzun dövlət başçısı Vladimir Putinin itirilmiş nüfuzunu geri qaytarmaq istəyindən doğur. Putin heç vəchlə son aylarda cərəyan edən hadisələrlə barışmaq istəmir. Son təyyarə hadisəsində bir məsələ bir daha diqqət çəkdi. Rusiya növbəti dəfə təkləndi. ABŞ və NATO-nun açıq şəkildə Türkiyəyə dəstək verməsi bunu bir daha sübut etdi.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya təyyarəsinin növbəti dəfə Türkiyə sərhədini pozması rəsmi Moskvanın hazırladığı hansısa bir planın tərkib hissəsidir: “İlk təyyarə hadisəsindən sonra Rusiya ehtiyatlı olmalı idi. Anlamalı idi ki, Türkiyə sərhədini pozması ona baha başa gəlir. İlk dəfə Türkiyə həmin təyyarəni boşuna vurmamışdı. İki dəfə sərhəd pozuntusundan sonra, üçüncü dəfə buna məcbur olmuşdu. Kremlə xəbərdarlıq etmişdi. Bundan dərs almayan Rusiya düşünür ki, Türkiyəni aşağılaya və bu yolla ciddi mesajlar verə bilər. Amma nəzərə alaq ki, Türkiyə Ukrayna və Gürcüstan deyil. Lazım gəlsə, NATO dövləti olaraq, Rusiyanın cavabını yerindəcə verəcək. Vəziyyətin bu yerə gəlməsi hər iki dövlət arasında münasibətləri yenidən pik həddə çatdırır”.
Politoloq onu da bildirdi ki, ilk dəfə Türkiyə rus təyyarəsini vurmasa belə, hər iki dövlət arasında münasibətlər onsuz da gərginləşəcəkdi: “Baxmayaraq ki, noyabra qədər hər iki dövlət arasında münasibətlər yaxşı idi. Tez-tez aralarında görüşlər olurdu. Ortada böyük layihələr var idi. Amma Suriya məsələsinə görə getdikcə fikir ayrılığı yaranırdı. Çünki Putin açıqlamalarında bildirirdi ki, Əsədə dəstək verəcək. Hətta oradakı başqa qüvvələri də dəstəkləyəcəyini bəyan edirdi. Həmin qüvvələr dedikdə kürdləri nəzərdə tuturdu. Bu da Türkiyə tərəfdə qıcıq oyadırdı. Türkiyə tərəfi Əsədə qarşı mübarizə aparır. Fikir ayrılıqları münasibətləri getdikcə gərginləşdirirdi. Təyyarənin vurulması sadəcə, münasibətləri gərginləşdirdi. Hazırda Rusiya hərbi qüvvələri sərhəddə türkmənləri də bombardman edir. Bu da Türkiyə tərəfdə narazılıq yaradır. Sanki Rusiya bilərəkdən belə edir. Putin öz ölkəsində vəziyyətin pisləşdiyini yaxşı bilir və bu yolla xalqın diqqətini xarici məsələlərə yönəltmək istəyir. Reytinqini qorumağa çalışır. Suriya məsələsi bunun tərkib hissəsi idi. Hazırda insanların çoxu Putinin uğurundan danışır. Halbuki, belə bir uğur yoxdur”.
E.Şahinoğlu bundan sonrakı Türkiyə-Rusiya münasibətlərində baş verəcək amilləri açıqladı: “Düşünürəm ki, bu dəfə də Türkiyə çəkinmədən rus təyyarəsini vuracaq. İkinci xəbərdarlıqdan sonra. Hər iki ölkə arasındakı gərginləşən münasibətlər ”isti müharibə"yə də çevrilə bilər. Nəticədə bölgədə dəhşətli vəziyyət yaranar. Əslində seçim Rusiyanındır. Artıq Ərdoğan təklif edib ki, Putinlə görüşə bilər və məsələləri müzakirə etməyə hazırdır. Rusiya tərəfi bu müzakirədən çəkinir. Bəhanə edirlər ki, rus təyyarəsini vuran şəxs Türkiyədə gizlənir. Onun həbsə alınmasını tələb edirlər. Rus pilotunu vuran şəxsin Türkiyədə sərbəst gəzməsindən qıcıqlanırlar. Rusiya təkcə Türkiyə ilə deyil, Qərb ölkələri ilə də gərginliyə gedir. NATO və ABŞ açıq şəkildə Türkiyəyə dəstək verdilər. İsti müharibə baş versə, Türkiyə tək olmayacaq. Arxasında ABŞ və NATO dövlətləri dayanmaq məcburiyyətindədir".
Siyasi şərhçi Rusiyanın son açıqlamasının noyabrdakı ilə oxşarlıq təşkil etdiyini də qeyd etdi: “Diqqətlə baxsaq, iki açıqlamada elə də fərq yoxdur. İlk dəfə dedilər, sərhəd pozuntusu yoxdur, indi də. Bu, o deməkdir ki, Türkiyə rus təyyarəsini yenə də vursa, Rusiya bunun təxribat olduğunu deyəcək. Bu da vəziyyəti daha da gərginləşdirəcək. Hər iki tərəf öz mövqeyinin üzərində dayanacaq. Rusiya sərhəd pozuntusunu etiraf etsə, gərginlik azalar. Amma inkar etməsi, yaxın günlərdə yenidən sərhəd pozuntusunun baş verməsinə səbəb ola bilər”.
Politoloq son hadisələrdə də Rusiyanın təklənməsi və “yazıq görkəm” almasına da toxundu: “Bu fikirlərdə həqiqət var. Putin noyabrda baş verən hadisələrdə açıq şəkildə bildirdi ki, təyyarəni vurmaları az deyil, Türkiyə NATO-nu onu müdafiə etməyə çağırır. Rus hakimiyyəti anlamalıdır ki, Türkiyə NATO ölkəsidir. Türkiyə sərhədinin pozulması NATO sərhədinin pozulması deməkdir. O zaman Avropanın bəzi dövlətləri Türkiyəni can-başla müdafiə etmirdilər. Çünki həmin ölkələrin Rusiya ilə əlaqələri var idi. Əlaqələrin kəsilməsini istəmirdilər. Amma indi eyni hal təkrarlansa, həmin ölkələr Türkiyəni müdafiə etməyə məcbur olacaqlar. Əks halda NATO təşkilat olaraq, aktuallığını itirəcək. Bəlkə də Rusiyanın məqsədi elə budur. Bu yolla NATO-nu zəif təşkilat kimi göstərməyə cəhd edirlər. Bütün hallarda Amerikanın Türkiyəni dəstəkləyəcəyini düşünürəm”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər