AŞPA testindən keçənlər və kəsilənlər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 10:45 | Şərh sayı: (0) | Baxılıb: 294
AŞPA testindən keçənlər və kəsilənlər
AŞPA-nın son sessiyası Azərbaycanın dost-müttəfiqləri üçün növbəti qiymətli test oldu. Məsələ ondadır ki, Qarabağa dair qətnamə ətrafında müzakirələr təkcə ermənipərəstliyi üzə çıxan Minsk Qrupu həmsədrlərinin və erməni tərəfinin həyasızlığı ilə yadda qalmadı.
Sevindiricidir ki, bu sınaqdan bizə ən yaxın ölkələr sayılan qardaş Türkiyə, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri alnıaçıq çıxdılar. Üç ölkəni təmsil edən nümayəndə heyətləri üzvlərinin mütləq əksəriyyəti Azərbaycanın mövqeyini müdafiə etdilər. Buna görə hər üç ölkəyə və onların millət vəkillərinə təşəkkürlər!
Konkret olaraq, Türkiyəyə gəlincə, artıq bəllidir ki, 18 deputatdan yalnız 6-sı testdən çıxmağı bacarmayıb. Mətbuatda yazılanlara əsasən, həmin 6 deputatdan ikisi PKK yanlı HDP-çi deputatdır, yəni kürddür. Onların səsverməyə qatılmaması və Ermənistana simpatiya bəsləməsi haradasa anlaşılır - hərçənd, Türkiyənin çörəyini yeyirlər. Əgər HDP rəhbəri Səlahəddin Dəmirdaş Türkiyə dövlətinin özünə xəyanət etməkdən çəkinməyən, onu Rusiyanın ayağına verən biridirsə, o zaman onun partiyadaşlarından Türkiyəyə, Türkiyənin 1 nömrəli müttəfiqi Azərbaycana prinsipial məsələlərdə dəstək və sayğı gözləmək təbii ki, məntiqsizlik olardı...
Bununla belə, düşündürücü, eyni zamanda bir az da üzücüdür ki, Azərbaycan və Türkiyə üçün mühüm önəm və prinsipial əhəmiyyət daşıyan, Ermənistanı yerində oturda biləcək qiymətli bir sənəd cəmi 4 səs çatışmazlığı ucbatından bloklanıb və əslində HDP-çi deputatlar xaric, Türkiyə nümayəndə heyətinin daha 4 üzvü onu dəstəkləsəydi, qətnamə keçərdi.
Sual da odur ki, nədən nümayəndə heyətinin əksər üzvləri kimi onlar eyni mövqe tutmayıb? Və ya görəsən AŞPA-da Qarabağa dair yox, Türkiyə əleyhinə saxta erməni soyqırımı məsələsi ilə bağlı sənəd səsverməyə çıxarılsaydı, onlar yenə eyni mövqemi sərgiləyərdilər?
Sözsüz ki, Qarabağ qətnaməsinin qəbul olunmamasının əsas günahı Azərbaycan Xarici İşlər Nazirliyinin səhlənkar diplomatik passivliyi və arxayınçılığı, nümayəndə heyətimizin məsələyə yetərincə ciddi yanaşmaması ilə bağlıdır. Bu, öz yerində. Fəqət, o da var ki, Ermənistanın əsas müttəfiqi Rusiyadan olan deputatlar sessiyada iştirak etmirdi və 4 türkiyəli millət vəkili boşluğu asanlıqla doldura bilərdi...
Deputat Fazil Mustafanın sözlərinə görə, səs verməyənlər arasında Türkiyə nümayəndə heyətinin rəhbəri Talib Küçükcan da olub. O, prosedura sadəcə, qatılmayıb - baxmayaraq ki, məsələnin önəmi F.Mustafanın dediyinə görə, iclasdan qabaq dönə-dönə ona xatırladılıb.
Deputat nədən bu mövqe tutub, yəqin ki, onun özü dəqiq bilir. Küçükcan və digər 3 deputatın soykökü haqda bizdə bilgi yoxdur. Amma əminik ki, özünü türk soyundan hesab edən deputat mütləq Azərbaycanın, deməli, həm də Türkiyənin yanında yer alardı. Yalnız o bəllidir ki, 4 nəfərdən biri - CHP-li millət vəkili Gülsün Bilgəxan ötən ilin aprelində saxta “erməni soyqırımı”na dəstək məqsədi ilə sayğı duruşuna qatılanlardan olub...
***
Əlbəttə ki, “Uman yerdən küsərlər”. Umulası deyilsə, küsməyə də dəyməz. Ancaq unutmaq lazım deyil ki, iki qardaş ölkə - Türkiyə və Azərbaycan, ümumən bölgəmiz olduqca mürəkkəb və həssas bir dönəmə girib və belə bir dönəmdə hətta bircə deputat dəstəyi də həlledici ola bilər. Bu üzdən ümid edirik ki, AŞPA-dakı səsvermənin nəticələri qardaş ölkə parlamentində diqqət mərkəzinə gətiriləcək, “xaric oxuyanlar”dan hesab sorulacaq və yaxud onlar başqaları ilə əvəzlənək. Çünki belə mövqe, təkrar edirik, həm də “bir millətin ikinci dövləti” Türkiyə əleyhinə yönəlib.
Onu da unutmaq olmaz ki, istər AKP liderləri, sayın prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu olsun, istərsə də CHP yetkililəri, dəfələrlə bəyan ediblər ki, “Azərbaycanın problemi bizim problemimizdir, Qarabağ dərdi həm də Türkiyənin dərdidir”. Bunu qardaş dövlət adından Bakıya son səfəri çərçivəsində baş nazir Davudoğlu bir daha açıq bəyan edib.
Zatən, əsas da budur.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər