“Onlar sadəcə, öz uğursuzluqlarına don geyindirməyə çalışırlar” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 09:57 | Şərh sayı: (0) | Baxılıb: 228
“Onlar sadəcə, öz uğursuzluqlarına don geyindirməyə çalışırlar”
Nigar Yaqublu Əhməd Şahidovun ittihamlarına cavab verdi: “Ora gedən nümayəndə heyəti normal işləməmişdi”
Qəzetimizin ötən saylarında bildirmişdik ki, AŞPA-nın qış sessiyasında Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının fəaliyyəti ilə bağlı hüquq müdafiəçisi, ADİHİ rəhbəri Əhməd Şahidov tənqidi mövqe açıqlayıb.
“Yeni Müsavat”a açıqlamasında Ə.Şahidov bildirib ki, xüsusən xaricdə fəaliyyət göstərən mühacirlər – Emin Hüseynov, Zöhrab İsmayıl, eləcə də Azərbaycandan olan Altay Göyüşov Ermənistanla bağlı qərarın qəbulu məsələsinə maraq göstərmirdilər: “Ancaq öz maraq çərçivələrindəki mövzularla bağlı işləyirdilər. Onların bura gəlişi Azərbaycanda həbsdə olan həmkarlarının, vətəndaş cəmiyyəti fəallarının azadlığa buraxılması ilə bağlı fəaliyyətdə cəmləşmişdi. Onların istəyi Azərbaycan hakimiyyəti ilə sərt hesabatlar dili ilə danışılmasına cəhddən ibarət idi. Mən düşünürdüm ki, bu dəfə onlar Ermənistana qarşı olan hesabatların qəbul olunması ilə bağlı vətəndaş mövqeyini ortaya qoyarlar. Bu, baş vermədi. Onlar yenə də öz həmkarlarının azadlığa buraxılması ilə bağlı rəsmi Bakıya qarşı sanksiyaların tətbiqinə çalışdılar”.
Təəssüf ki, adıçəkilən şəxslərdən bu ittihamlarla bağlı mövqe öyrənmək cəhdimiz uğursuzluqla nəticələndi. Amma AŞPA-nın qış sessiyasına müşahidəçi kimi qatılan, siyasi məhbus Tofiq Yaqublunun qızı Nigar Yaqublu müsavat.com-a açıqlamasında bu mövqenin yanlış olduğunu bildirdi.
Onun sözlərinə görə, Qarabağ məsələsində onlar da eyni mövqedə olublar: “Bunun siyasi məhbus məsələsinə nə aidiyyatı var? Sadəcə onlar yaxşı işləməmişdilər deyə Qarabağ məsələsində əsas məsələ keçmədi. Onlar öz uğursuzluqlarına don geyindirməyə çalışırlar sadəcə. Sözsüz ki, Azərbaycanda da bu qədər çox sayda siyasi məhbus olduğuna görə bu məsələni dilə gətirməmək mümkün deyildi. Hal-hazırda siyasi məhbus məsələsi onlar üçün prioritetdir, bir nömrəli məsələdir. Qarabağ məsələsinin buna aidiyyatı yox idi. Ora gedən nümayəndə heyəti normal işləməmişdi. Həmin məsələ də keçmədi. Sözsüz ki, bizim heç bir görüşdə Qarabağla bağlı məsələnin əleyhinə hər hansı fikir bildirməyimiz müzakirə mövzusu deyil. Amma biz müzakirələrdə siyasi məhbus problemini qabartdıq”.
N.Yaqublu AŞPA-nın qış sessiyası çərçivəsində əsas yaddaqalan hadisənin Avropa Şurasının Baş katibi Törbörn Yaqlandın siyasi məhbus İlqar Məmmədovun məsələsinə toxunması olduğunu dedi.
Müsahibimizin fikrincə, bunun özü prioritet idi: "Təbii ki, bu, onun özü üçün prioritet idi. Ümid edirik ki, müəyyən yeniliklər olar. Bizə ancaq gözləmək qalır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər