Avropa Şurasında Azərbaycanla bağlı görünməmiş saxtakarlıq... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 23:47 | Şərh sayı: (0) | Baxılıb: 251
Avropa Şurasında Azərbaycanla bağlı görünməmiş saxtakarlıq...
Strasburqdan gələn xəbər: Avropa Şurasının rəhbərliyi Minsk qrupu ilə gizli şəkildə sövdələşərək, bu qətnamənin qəbulunu əngəlləyib; din xadimləri deputatları şantaj edib Fazil Mustafa: “Azərbaycan nümayəndə heyətindən çıxışa yazılmış 6 nəfərdən yalnız Rəfail Hüseynova söz verdilər”
“Avropa Şurasında görünməmiş saxtakarlıq baş verdi. Robert Volterin məruzəsi Dağlıq Qarabağ və sərhədyanı bölgələrdə vəziyyətin gərginləşməsi ilə bağlı məruzəsi müzakirəyə çıxarıldı və Avropa Şurasının rəhbərliyi Minsk qrupu ilə gizli şəkildə sövdələşərək, bu qətnamənin qəbulunu əngəllədilər”.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa bu fikirləri musavat.com-un əməkdaşının AŞPA-dakı 26 noyabr müzakirələri ilə bağlı suallarını cavablandırarkən bildirdi. Məlum olduğu kimi, sessiyanın gündəliyində Azərbaycanla bağlı iki qətnamə layihəsi (Britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” və Sosial məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olan parlamentar Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı layihələr) olsa da, onlardan birincisi və ölkəmiz üçün daha mühüm olanı qəbul edilməyib.
Deputat sessiyanın gedişində müşahidə etdiyi anlaşılmazlıqlardan və saxtakarlıqlardan da bəhs etdi: “Demək, iclası AŞPA-nın prezidenti Aqramunt aparırdı. Səsvərmə yaxınlaşanda qəfildən Aqramuntu çağırdılar və yerinə vitse-prezident keçdi. Səsvermənin gedişində hələ nəticəni görməmiş bildirdi ki, 24 nəfər səsvemədə iştirak etmədiyinə görə səsvermə uzadılır. Nəticədə Robert Volterin məruzəsi 66 lehinə, 70 əleyhinə olmaqla, rədd edildi”.
Fazil Mustafa azərbaycanlı deputatlara çıxış imkanı yaradılmamasını da xüsusi qeyd etdi: “Azərbaycan nümayəndə heyətindən çıxışa yazılmış 6 nəfərdən yalnız Rəfail Hüseynova söz verdilər. Aldığımız dəqiq məlumata görə, Polşa və başqa ölkələrdə hətta din xadimləri deputatları çağırıb, xristian ermənilərə dəstək verməyənlərin ifşa olunacaqlarını bildiriblər. Robert Volterin məruzəsi siyasi xarakterli olduğuna və işğalı birmənalı vurğuladığına görə Avropa dövlətləri ciddi lobbiçilik göstərərək, qətnamənin qəbul olunmasının qarşısını aldılar”.
Deputatın sözlərinə görə, sessiyada qəbul edilən Sərsəng su anbarı ilə bağlı Markoviçin məruzəsində də işğalla bağlı müddəalar yer alırdı: “Ancaq mahiyyətcə ekoloji xarakterli sənəd idi. Ona görə də balansı saxlamaq üçün ikinci sənədə birinci qədər sərt əngəl yaratmadılar. Markoviçin hazırladığı qətnamə 98 lehinə, 71 əleyhinə olmaqla, səs çoxluğu ilə qəbul edildi. Hər halda ermənilərin işğalçılığını təsdiqləyən belə bir sənədin qəbul olunması da bu şərtlərdə müsbət addım sayıla bilər. AŞPA-nın bu sessiyasında müsbət hadisələrdən biri də hörmətli xanım millət vəkilimiz Sahibə Qafarovanın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri seçilməsi oldu”.
F.Mustafa qeyd etdi ki, AŞPA tarixində ilk dəfədir ki, Azərbaycan nümayəndə heyətinin üzvü komitəyə sədr seçilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər