AŞPA-nın qış sessiyasında nələr baş verib? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 15:49 | Şərh sayı: (0) | Baxılıb: 238
AŞPA-nın qış sessiyasında nələr baş verib?
Fazil Mustafa türklərdən, Əhməd Şahidov isə Azərbaycanın vətəndaş cəmiyyəti fəallarından narazıdır
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) qış sessiyasında Macarıstanı təmsil edən deputat Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Trend-in məlumatına görə, AŞ PA-nın qış sessiyası çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı AŞPA-nın Bosniya və Herseqovinyadan olan deputatı Militsa Markoviçin “Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi” və Böyük Britaniyadan olan deputat Robert Volterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın şiddətlənməsi” hesabatlarının müzakirəsi zamanı AŞPA-da Macarıstanı təmsil edən - Daha Yaxşı Macarıstan Uğrunda - Yobbik partiyasının sədr müavini Marton Döndöşi Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatla çıxış edib.
M.Döndöşi erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda və ətraf rayonlarda həyata keçirilən işğalçılıq siyasətindən, dinc əhaliyə qarşı vəhşiliklərdən danışaraq, münaqişə nəticəsində Azərbaycanın böyük ərazi itkisinə məruz qaldığını və humanitar fəlakətlə üzləşdiyini bildirib. Ölkəmizin 30 minə yaxın vətəndaşını itirdiyini, 100 min insanın yaralandığını və 1 milyona yaxın yerli sakinin qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olduğunu qeyd edib.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa isə bildirib ki, yanvarın 26-da AŞPA millət vəkili Elxan Süleymanovun böyük zəhmət bahasına gündəmə gətirdiyi Ermənistanın Azərbaycan torpaqlarını işğal faktını sənədlərlə təsdiqləyən Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul olunması ciddi uğur sayıla bilər: “Bu məsələdə Bosn-Herseqovinadan olan məruzəçi Mirça Markoviç xanımın qətiyyətli mövqeyini xüsusi olaraq vurğulamaq istərdim. Bununla belə, Volterin hazırladığı Dağlıq Qarabağla bağlı qətnamənin qarşısının alınmasında əksər Avropa ölkələrinin prezidentləri, Minsk qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransanın bütün strukturlarının təhdid və təzyiqləri çox ciddi rol oynadı. Həmin ölkələrdən olan xeyli deputatın səsvermədə iştirak etməməsinə səbəb oldu”.
F.Mustafa ən ağır zamanımızda ölkəmizin yanında dayanacaq yeganə ölkənin Türkiyə olduğunu vurğulamaqla yanaşı, qardaş ölkə haqda tənqidi fikirlərini də bölüşüb: “Bu yazacaqlarım qətiyyən göz bəbəyimiz olan Türkiyənin əleyhinə mövqe kimi anlaşılmasın. Sadəcə qısa bir epizod olaraq türk məsuliyyətsizliyindən yazmaq istəyirəm. Demək, Volterin məruzəsində 66 lehimizə, 70 eleyhimizə oldu. Dörd səs olsaydı yenə də qətnamə qəbul olunurdu. Türkiyə nümayəndə heyəti 18 nəfər əsas heyətdən ibarət idi. Bunlardan 2 nəfər PKK-nı dəstəkləyən partiyadan olduğuna görə ermənilərə simpatiya duymaları təbii qarşılanmalıdır. Qaldı 16 nəfər. Məhz 16 nəfər hamısı səs versəydi, bərabərlik olurdu və qətnamə qəbul olunurdu. Cəmi 12 nəfər lehimizə səs verdi. AKP-dən 2 nəfər, CHP-dən də 2 nəfər səsvermədə iştirak etmədi. Bu 4 səs nəticəyə ciddi təsir etdi. AKP-dən hətta nümayəndə heyətinin rəhbəri səsvermədə iştirak etmədi. Halbuki iki gün öncədən hər biri ilə fərdi qaydada danışmışdıq ki, bu, qondarma erməni soyqırımı qədər əhəmiyyətli məsələdir və bizim qədər Türkiyəyə də ciddi arqument verəcəkdir. Bu məsuliyyətsizliyin izahını yəqin ki, Türkiyə rəsmiləri verəcəklər. Ancaq aydın görünən məsələ var ki, beynəlxalq arenada qondarma soyqırım məsələsində türkləri ermənilərə uduzduran məhz türk məsuliyyətsizliyidir”.
F.Mustafa xatırladıb ki, ikinci qətnamənin səsverməsində Türkiyədən 16 nəfər lehimizə səs verib. Onun fikrincə, ikincidə səfərbər olanlar ilk səsvermə zamanı da eyni mövqeni göstərə bilərdilər: “Çox üzücüdür, ancaq bunları bölüşmək türk milləti olaraq nöqsanlarımızı görmək baxımdan faydalıdır deyə düşünürəm. Bu arada hər iki qətnamə layihəsini dəstəkləmiş Türkiyədən, Ukraynadan, Gürcüstandan, Moldovadan, Macarıstandan və başqa ölkələrdən olan deputatlara öz təşəkkürümü bildirməyi borc hesab edirəm”.
AŞPA-nın Qış Sessiyasında yaxından iştirak edən hüquq müdafiəçisi, ADİHİ rəhbəri Əhməd Şahidov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yanvarın 25-dən öz işinə başlayan sessiya boyunca Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında gərginlik müşahidə olunurdu: “Azərbaycan nümayəndə heyəti əvvəlki sessiyalardan fərqli olaraq bu dəfə daha fəal və daha mobil idi. Mən düşünürəm ki, buna səbəb nümayəndə heyətinə yeni və gənc kadrın rəhbərlik etməsidir. Bu, Harvard məzunu olan Vüsal Hüseynovdur. İnanın ki, bu dəfə AŞPA-da nümayəndə heyəti daha mobil və çevik idi. Amma Ermənistan nümayəndə heyəti təkcə deputatlardan ibarət deyildi. Orda jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri də var idi. Hara baxırdınsa, ermənilər idi. Bu da təəssüf doğururdu. Əfsuslar olsun ki, Azərbaycandan ancaq deputatlar var idi. Doğrudur, vətəndaş cəmiyyəti fəalları var idi. Xüsusən xaricdə fəaliyyət göstərən mühacirlər – Emin Hüseynov, Zöhrab İsmayıl, onlarla yanaşı, Altay Göyüşov da var idi. Amma onlar Ermənistanla bağlı qərarın qəbulu məsələsinə maraq göstərmirdilər. Ancaq öz maraq çərçivələrindəki mövzularla bağlı işləyirdilər. Onların bura gəlişi Azərbaycanda həbsdə olan həmkarlarının, vətəndaş cəmiyyəti fəallarının azadlığa buraxılması ilə bağlı fəaliyyətdə cəmləşmişdi. Onların istəyi Azərbaycan hakimiyyəti ilə sərt hesabatlar dili ilə danışılmasına cəhddən ibarət idi. Mən düşünürdüm ki, bu dəfə onlar Ermənistana qarşı olan hesabatların qəbul olunması ilə bağlı vətəndaş mövqeyini ortaya qoyarlar. Bu, baş vermədi. Onlar yenə də öz həmkarlarının azadlığa buraxılması ilə bağlı rəsmi Bakıya qarşı sanksiyaların tətbiqinə çalışdılar”.
Ə.Şahidov dedi ki, bu, Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasındakı fərqdən xəbər verirdi. Ermənistan nümayəndə heyəti öz məqsədi üçün yekdil çalışdığı halda, Azərbaycandan gələn nümayəndə heyətində pərakəndə idi.
Ə.Şahidovun fikrincə, budəfəki müzakirələr əslində Azərbaycan və Ermənistan arasında diplomatik savaş idi. İki sənədin eyni gündə müzakirəyə çıxarılması rəsmi Yerevan üçün gözlənilməz və şok effekli idi: “Odur ki, son aylar erməni mətbuatında Ermənistan hakimiyyətinin uğursuz xarici siyasəti sərt tənqid olunurdu. Bütün imkanlarını səfərbər edən erməni hakimiyyəti və lobbisi bu sənədlərdən yalnız birini neytrallaşdıra bildi ki, o da cüzi səs fərqi ilə baş tutdu. İkinci sənəd isə qəbul edildi və bunu Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirmək lazımdır. Çünki, Avropadakı din faktorunu da nəzərə almaq yerinə düşər. AŞPA-da əyləşən parlamentarilərin böyük əksəriyyəti xristiandır və təbii ki, xristian Ermənistanın əleyhinə səs verməkdən çəkinirlər.
Buna baxmayaraq, Ermənistanın Dağlıq Qarabağ və digər əraziləri işğalda saxladığı faktının AŞPA-da növbəti dəfə səsləndirilməsi və bu faktların hesabat şəklində avropalı parlamentarilərə çatdırılması böyük işdir. Bu faktları qəbul edib-etməmək isə artıq Avropanın ikili standartlarının təzahürüdür ki, bu gün Azərbaycan bir daha bu məsələ ilə qarşılaşmış oldu. Bir hesabatı qəbul edib, digərini qəbul etməmək əslində AŞPA-nın tərəflər arasında guya balans saxlamaq niyyəti kimi də yozula bilər. Bütün hallarda Azərbaycan AŞPA-nın bu dəfəki sessiyasında qarşı tərəfə bir qol vura bilib. Ötən sessiyalardan fərqli olaraq, Azərbaycan budəfəki müzakirələrdə daha güclü çıxış edir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər