Sabah Rəsulzadənin doğum günüdür |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 10:25 | Şərh sayı: (0) | Baxılıb: 338
Sabah Rəsulzadənin doğum günüdür
Cümhuriyyətin banisi abidəsi önündə yad ediləcək
Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Hər il olduğu kimi, bu il də böyük öndərin doğum günü ölkənin demokratik qüvvələri, onun ideallarının davamçıları tərəfindən Novxanıdakı abidəsi önündə xüsusi mərasimlə qeyd olunacaq.
Hakim partiya olan Yeni Azərbaycan Partiyası isə bu il Rəsulzadənin doğum günü ilə bağlı tədbir keçirməyəcək. Bu barədə YAP-ın Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev “Yeni Müsavat”a açıqlamasında bildirib: “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi, doğum günü dövlət səviyyəsində təntənəli surətdə qeyd olunub. Bu barədə Azərbaycan respublikasının prezidentinin sərəncamı olmuşdur. Bu il isə yubliey olmadığından heç bir tədbir keçirilməyəcək”.
Müsavat Partiyasının başqan müavini Elman Fəttah partiyanın Rəsulzadə ilə bağlı keçirəcəyi tədbirlərdən danışıb: “Rəsulzadənin doğum günü və onunla bağlı tədbirlər Müsavat Partiyası üçün birinci sırada yer alan rəsmi məsələdir. Bu baxımdan onun 132-ci doğum günündə Müsavat Partiyasının qərargahında konfrans şəklində anım tədbiri keçiriləcək. Tədbirdə Rəsulzadə irsinin araşdırmaçıları, müəllim və tələbələr, alim heyətinin üzvlərinin iştirakı ilə məruzələr səslənəcək, çıxışlar olacaq.
Yanvarın 31-də isə Müsavat Partiyasının bütün fəallarının iştirakı ilə Rəsulzadənin Novxanı kəndində yerləşən abidəsi önündə anım tədbiri davam edəcək".
Elman Fəttah hakimiyyət tərəfindən Rəsulzadəyə layiqli qiymət verilmədiyini bildirib:
“Rəsulzadə təkcə bir dövlətin, cumhuriyyətin qurucusu deyil, o, çox böyük, dahi şəxsiyyətdir. Onun idealogiyası, düşüncəsi, təfəkkürü yüz illərlə davam edəcək. Rəsulzadənin irsi təkcə ölkəmizdə deyil, qonşu xalqlarda, Avropada, hətta Yaponiyada da araşdırılır. Çünki o, bəşəri şəxsiyyətdir.
Bu cür şəxsiyyətin Bakı şəhərində heykəlinin olmaması mövcud siyasi şərtlərdə kontikturanın diktəsidir. Lakin xalqın tam əksəriyyəti Rəsulzadə sevgisi ilə yaşayır və ona çox böyük hörmət bəsləyir".
Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyub da Rəsulzadənin doğum günü ilə əlaqədar ənənəvi olaraq Novxanı kəndindəki abidəsinin önünüdə anım tədbiri keçiriləcəyini deyib:
“Hər il olduğu kimi böyük öndərimiz, cumhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndindəki abidəsi önünüdə yürüş təşkil ediləcək. Yanvarın 31-də partiyamızın rəhbər heyəti, rayon, şəhər şöbələrinin fəalları, Qarabağ qaziləri, milli azadlıq hərəkatının üzvləri həmin gün anım tədbiri keçirəcək. Daha sonra Novxanı kəndinin məzarlığında Rəsulzadənin atasının, yaxın qohumlarının məzarı ziyarət olunacaq, dualar səsləndiriləcək. Həmçinin həmin Elçibəyin də məzarı ziyarət olunacaq”.
Xəzər Teyyub vurğulayıb ki, iqtidar tərəfindən Rəsulzadəyə qarşı biganəlik aradan qaldırılmalı, bu barədə siyasi qərar qəbul olunmalıdır:
“Hələ Elçibəyin zamanında Bakının mərkəzində Rəsulzadəyə abidə ucaldılması nəzərdə tutulmuşdu. Lakin təəssüf ki, sonradan həmin yerdə fontan tikdilər.
Hətta ötən illərdə prezident İlham Əliyev tərəfindən Rəsulzadə ilə bağlı sərəncam imzalanmışdı. Təəssüf ki, həmin sərəncam da sonadək yerinə yetirilmədi.
Bu gün Rəsulzadə irsinin araşdırılması üçün böyük mərkəzlər yaradılmalıdır. Hakimiyyət bu məsələni həll etmir, etmək də istəmir.
Xalqımız heç vaxt Rəsulzadəni unutmur, unutmayaqcaq da . Onun heykəli xalqımızın ürəyindədir".
Xatırladaq ki, M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib. O, “Əsri” məzarıstanlığında dəfn edilib. M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini deyib.
Musavat.Com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər