Yeni MSK yaxın vaxtlarda formalaşdırılacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 16:32 | Şərh sayı: (0) | Baxılıb: 226
Yeni MSK yaxın vaxtlarda formalaşdırılacaq
Məzahir Pənahov yenə sədr olacaq
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK), dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları yaxın vaxtlarda yenidən formalaşdırılacaq. Seçki Məcəlləsinə əsasən, MSK-nın və aşağı seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Seçki Məcəlləsinə görə, MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən partiyaları təmsil edir.
MSK-nın hazırkı tərkibinə Məzahir Pənahov (sədr), Natiq Məmmədov (sədr müavini), Arifə Muxtarova (katib), Mikayıl Rəhimov (katib), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərov, Bəxşeyiş Əsgərov, Almas Qəhrəmanlı, Akif Qurbanov və Etibar Quliyev daxildir.
Onların arasında Akif Qurbanov MSK-da Ümid Partiyasını təmsil edir. Noyabrın 1-də keçirilən parlament seçkilərində Ümid Partiyasının sədri İqbal Ağazadənin deputat olduğu 35 saylı Xətai üçüncü seçki dairəsindən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə seçilib. Bu da o deməkdir ki, MSK-nın yeni tərkibində Ümid Partiyası təmsil olunmayacaq.
MSK-nın yeni tərkibində dəyişiklik edilməyəcəyi halda yalnız Akif Qurbanovun boş qalan yerinə hansısa azlıqda olan parlament partiyasının təmsilçisi təsdiqlənməli olacaq. Həmin partiyanın parlamentdə ilk dəfə olaraq təmsilçilik əldə eləyən partiyalardan biri (Vəhdət, ASDP, ADMP) olacağı istisna deyil.
MSK sədrinin kimliyinə gəlincə, məlumatlara görə, böyük ehtimalla bu dəfə də hakimiyyət bu vəzifəni Məzahir Pənahova həvalə edəcək.
Yeni Milli Məclisdə YAP 69 deputatla, VHP iki deputatla, BAXCP, ADİSP, BQP, MDHP, ASRP, Vəhdət, VBP, ADMP və ASDP isə hərəsi bir deputatla təmsil olunur. Qalan deputatlar isə bitərəflərdir.
Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, seçki komissiyalarının yeni tərkibdə formalaşacağının nə vaxt baş verəcəyi ilə bağlı dəqiq informasiyaya malik deyil: “Mən bu məsələ ilə bağlı maraqlanmışam. Məlumatıma əsasən 2010-cu ilin noyabrında keçirilmiş seçkilərdən sonra seçki komissiyalarının formalaşması 2011-ci il fevral ayının ortalarında həyata keçirilmişdi. Bu dəfə nə vaxt olacağı barədə bizdə dəqiq məlumat yoxdur. Ola bilər ki, bu dəfə də fevralda formalaşsın. Şübhəsiz ki, Vəhdət Partiyası parlament partiyası olduğu üçün seçki komissiyalarında təmsil olunacaq. Müəyyən dairə və məntəqə seçki komissiyalarında yəqin ki, proporsional bölgü nəticəsində Vəhdət də təmsil olunacaq. Mərkəzi Seçki Komissiyasında bizim partiyanın nümayəndəsinin olub-olmayacağını isə dəqiq deyə bilmərəm. Çünki 6 yer var və parlamentdə azlıqda qalan partiyaların sayı 10-dur. İndi görək həmin 6 yerə bu 1 partiyadan hansılarının təqdim etdiyi namizədlər daxil olacaq. Əlbəttə, biz istərdik və arzu edərdik ki, Vəhdət MSK-da təmsil olunsun”.
MSK katibliyinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli isə bildirdi ki, qanunvericiliyə görə Mərkəzi Seçki Komissiyasının yeni tərkibi yeni seçilmiş Milli Məclis fəaliyyətə başlayandan sonra Milli Məclis tərəfindən təsdiqlənməlidir: “Yeni Milli Məclis fəaliyyətdədir və qanun Milli Məclisə istənilən vaxt Mərkəzi Seçki Komissiyasının yeni tərkibini formalaşdırmaq səlahiyyətini verir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər