Bağlanan banklardakı əmanətlərlə bağlı müəmma... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 19:33 | Şərh sayı: (0) | Baxılıb: 244
Bağlanan banklardakı əmanətlərlə bağlı müəmma...
Bağlanan bankların əmanətləri ödənməyə bilər, çünki...
Ölkədə bağlanan banklardakı əmanətlərin aqibəti də müzakirə mövzusudur. Artıq Əmanətlərin Sığortalanması Fondunun vəsaiti qaytarmayacağına dair şübhələr var. Ekspertlər isə bildirirlər ki, hələlik bağlanan banklardakı əmanətlərin məbləği kiçikdir. Daha bir neçə bank bağlanarsa, vəziyyət ciddiləşəcək.
Bildirilir ki, “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılmasına yanvarın 29-dan başlanacaq.Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib ki, ümumilikdə bu bankın 7 342 əmanətçisi var. İcraçı direktor deyib ki, bu əmanətçilərdən 6 599 əmanətçisinə 24 milyon manatməbləğində kompensasiya veriləcək: “Araşdırmalar nəticəsində məlum olub ki, “Bank of Azerbaijan” öz öhdəliklərini yerinə yetirə bilmir. Buna görə, bu bankın qorunan əmanətçilərinə kompensasiya veriləcək. Sığorta hadisəsi yanvarın 22-də baş verib. Qanuna görə 7 gündən sonra kompensasiya verilməlidir”.A. Cavadov əlavə edib ki, qanunun tələblərinə əsasən, qorunan əmanətlərin maksimum həddi 30 min manat olduğundan, bu məbləğə malik əmanətçilərin əmanətləri agent bank tərəfindən geri qaytarılacaq: “Məsələn, bu bankda 50 min manatı olan əmanətçiyə 30 min manat fond tərəfindən qaytarılacaq, qalan 20 min manatı ləğvedici qaytaracaq”.Kompensasiyaların verilməsi üçün agent banklar da müəyyənləşib. Belə ki, əmanətçilərə kompensasiyalar “Muğanbank” ASC, Naxçıvanda isə “Rabitəbank” ASC-nin filialları vasitəsilə veriləcək.A.Cavadov deyib ki, lisenziyası geri çağırılan digər 5 bankda sığorta hadisəsinin baş verməsi ilə bağlı hələlik fonda məktub daxil olmayıb.
Onun sözlərinə görə, banklar qorunan əmanətlərin məbləğini düzgün hesablamırlar.İcraçı direktorun sözlərinə görə, “Bank of Azerbaijan” fonda 36 milyon manat həcmində qorunan əmanətinin olduğu bəyan edib: “Lakin məlumatlar fondda xüsusi modul əsasında hesablandıqdan sonra məlum olub ki, qorunan əmanətlərin məbləği cəmi 24 milyon manat təşkil edir”.A.Cavadovun sözlərinə görə, sığorta hadisəsi baş verəcəyi təqdirdə, fondun kompensasiya ödəmək üçün kifayət qədər vəsaiti var. Belə ki, hazırda fondun 132 milyon manat vəsaiti var. “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul edildikdən sonra sığorta hadisəsi baş verərsə, fondun vəsaiti yetərli olacaqmı sualına A. Cavadov belə cavab verib: “Qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun kompensasiya vermək üçün əlavə vəsaitə ehtiyacı olarsa, hökumət tərəfindən çatışmayan vəsait kreditləşdirilir. Bundan başqa, fond qiymətli kağızlar buraxmaqla vəsait cəlb edə bilər”.
A.Cavadov həmçinin qeyd edib ki, qorunan əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılacaq.Onun sözlərinə görə, “Əmanətlərin tam sığortalanması” haqqında qanun qəbul edildikdən sonra Himayəçilik Şurasının təcili iclası çağırılacaq: “Çünki qanunvericilik dəyişəcək, limit aradan qaldırılacaq. Amma faiz dərəcələri aradan qaldırılmayacaq. Bu iclasda əmanətlər üzrə faiz dərəcəsinə yenidən baxılacaq”.İcraçı direktor bankların konsolidasiyası, birləşdirilməsi baş verəcəyi təqdirdə əmanətlərin taleyi məsələsinə də aydınlıq gətirib: “Konsolidasiya baş verərsə, birləşəcək banklarda qorunan əmanətləri olanların müqavilələri qüvvədə olanadək qüvvədə olacaq. Yəni, bir müştərinin hər iki bankda ayrılıqda 30 min manat əmanəti varsa, ümumilikdə 60 min manatı varsa, bu müqavilə başa çatanadək qorunan sayılacaq. Yeni qanun qəbul edildikdən sonra limit aradan qaldırıldığından artıq 60 min qorunan əmanət sayılacaq”.Həmçinin o, vurğulayıb ki, Mərkəzi Bank bağlanan bankların əmanətçilərinə kompensasiya verilməsində vəsait çatışmadığı təqdirdə, Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna maliyyə yardımı verə bilər.
Yeri gəlmişkən, bildirilir ki, Mərkəzi Bank tərəfindən lisenziyası geri çağırılan 6 bankın əmanətçilərinə veriləcək kompensasiyanın ümumi həcmi 70 milyon manat təşkil edir.Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovun sözlərinə görə, kompensasiyaların ödənişi “Muğanbank”, “Rabitəbank” və “Unibank” bank-agentləri vasitəsilə həyata keçiriləcək: “Bank of Azerbaijan”da əhalinin əmanətləri üzrə kompensasiyaların həcmi təqribən 24 milyon manat təşkil edəcək. Daha dəqiq rəqəm hesablamalar başa çatdıqdan sonra məlum olacaq. Bankın müştəriləri kompensasiyaları “Muğanbank” vasitəsilə, bankın Naxçıvandakı əmanətçiləri isə “Rabitəbank” vasitəsilə ala biləcəklər.
Ekspert Əkrəm Həsənov isə Əmanətlərin Sığortalanması Fondunun bağlanan banklardakı əmanətləri qaytramaq üçün kifayət qədər vəsaiti olduğuna inanmır: “Deyilənə görə, fondun 130 milyon manat vəsaiti var, ləğv olunmuş bankların əmanətçilərinə isə cəmi 70 milyon manat kompensasiya ödəniləcək. Bir sözlə, fondun kifayət qədər vəsaitinin olduğuna işarə edilib. Xatırladıram ki, banklarda əhalinin təxmini 9 milyard manat əmanəti var. Fond9 milyard manatı tam sığorta edəcək?Bağlanan banklarda sığortalanmış əmanətlərin miqdarı cüzidir. Əmanətlərin Sığortalanması Fondunun üzərinə elə də böyük yük düşməyəcək. Mərkəzi Bankın rəhbərliyi üçün əsas məsələ də məhz budur. Çünki sözügedən Fondun vəsaitini faktiki məhz Mərkəzi Bank idarə edir. Fondun nəyə qadir olduğunu hamıdan yaxşı bilir və müflisləşməsini istəmir. Lakin təbii ki, əslində bağlanmalı olan bankların sayı çoxdur. Mərkəzi Bank deyir ki, bu bankları “məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə” bağlayıb. Bankların ən azı yarıdan çoxu bu meyarlara uyğun gəlir, buna görə də maliyyə hesabatlarını gizlədirlər. Bəs onlar niyə ləğv olunmur? Ona görə ki, onlarda sığortalanmış əmanətlərin miqdarı çoxdur”.
Ekspert Samir Əliyev isə qeyd edib ki, Mərkəzi Bankın belə tələsik addımının səbəbi aydındır: “Səbəb bağlanması planlaşdırılan bankların taleyini “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qəbuluna qədər həll etməkdir. Milli Məclisin növbəti iclası fevralda olacaq. Qanun da fevral ayı ərzində qəbul edilib qüvvəyə minəcək. Hökumət bağlanacaq bankların əmanətlərini tam qaytarmaq istəmir və ona görə belə tələsik addımlar atılır. Yerdə qalan problemli bankların taleyini konsolidasiya yolu ilə həll edəcəklər.Hər zaman bankların konsolidasiyasının tərəfdarı olmuşam və düşünmüşəm ki, bankların sayının azaldılmasına ehtiyac var. Ancaq Mərkəzi Bankın hazırda atdığı tələm-tələsik və selektiv seçmə şəkilndəki addımlarının bir sıra neqativ fəsadları olacaq və onun zərbəsi əmanət bazarına və əmanətçilərə dəyəcək. Əmanət bazarının kiçilməsi sürətlənəcək, əhalinin banklara etibarı azaldacaq. Bu barədə növbəti açıqlamarda münasibət bildirəcəyik. Ancaq indi əsas diqqəti əmanətçilərin hüquqlarına yönəltmək istəyirəm. Bağlanan banklar arasında xeyli əmanətçi kontingenti olan banklar var. Əmanətlərin heç də hamısı qorunmur. Əmanətinin hamısı kompensasiya məbləğinə uyğun deyil”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər