İranın “böyük açılımı” qlobal iqtisadiyyata nə verəcək? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 16:35 | Şərh sayı: (0) | Baxılıb: 257
İranın “böyük açılımı” qlobal iqtisadiyyata nə verəcək?
Ekspert: “İranın bununla sürətlə inkişaf edəcəyini, bölgənin ən güclü dövlətinə çevriləcəyini demək çətindir...”
Qərbin İrana tətbiq etdiyi beynəlxalq sanksiyalar aradan qaldırılandan sonra bu ölkənin qısa müddətdə Avropaya böyük açılım etməsi hazırda dünyanın gündəmindədir. Belə ki, İran prezidenti Həsən Ruhani İtaliyaya səfəri çərçivəsində 17 milyard dollar məbləğində müqavilə imzalayıb, energetika və infrastruktur layihələri ilə bağlı İtaliya şirkətləri ilə razılaşmaya gedib. Daha sonra Ruhaninin Parisə gedərək İranın 100-dən çox “Airbus” təyyarəsini alması üçün razılaşma imzalayacağı deyilir.
Bəs qonşu ölkənin Qərbə bu cür açılım etməsi, neft ixracını artırmaq və dondurulmuş pullarını ölkəyə gətirmək hesabına iqtisadiyyatını inkişaf etdirməsi Azərbaycan və dünya iqtisadiyyatı üçün hansı nəticələr vəd edir? İranın inkişafında hansı ölkələr maraqlıdır?
Politoloq Elxan Şahinoğlu bildirdi ki, İranın inkişafında müəyyən maraqlı dövlətlər də var: “Reallıq belədir ki, İran üzərindən sanksiyalar götürüldükdən sonra bu ölkənin neft istehsalı artacaq. Lakin sıçrayışla artmayacaq. Çünki yataqlar köhnədir. Ancaq artıq Qərb şirkətləri İranla kontraktlar imzalamağa tələsirlər. Təsadüfi deyil ki, artıq İran prezidentinin də Avropa ölkələrinə səfəri başlayıb. Bu əvvəlcədən hazırlanmışdı. Gözləyirdilər ki, sanksiyalar götürülən kimi bu addımı reallaşdırsınlar. Artıq İran İtaliya və Fransa ilə çox böyük, milyardlarla dollarlıq sazişlər imzalamaq ərəfəsindədir. Çin rəhbərinin də İrana səfəri olacaq. 10 illik, 600 milyard dollarlıq müqavilə də imzalandı. Bundan əlavə, sanksiyalar dövründə İranın Qərb banklarında 50 ilə 100 milyard dollar arasında pulu var, həmin pulların bir hissəsi geri qaytarılır. Bu pullara da İran yeni texnologiya alır”.
Politoloqun fikrincə, bütün bunlara baxmayaraq, İranın sürətlə inkişaf edəcəyini, bölgənin ən güclü dövlətinə çevriləcəyini demək çətindir: “Bunun üçün illər lazımdır. İranın inkişafında müəyyən maraqlı dövlətlər də var. Bu, Azərbaycana, Türkiyəyə, Qərb ölkələrinə də aiddir. Çünki İran böyük bir bazardır və hər kəs orada pay almaq istəyir. Azərbaycan İranla nəqliyyat dəhlizi yaratmaq, Türkiyə ticarət dövriyyəsini artırmaq istəyir. Eləcə də Qərbin neft şirkətləri İranın neft istehsalında pay sahibi olmaq istəyir. Yəni bir çox ölkələrin İranda marağı var”.
İqtisadçı ekspert Rəşad Həsənov isə bildirdi ki, İranın Qərblə münasibətlərinin yoluna düşməsi bu ölkənin inkişafına təkan verəcək: “İlk növbədə onu nəzərə almaq lazımdır ki. İran enerji ölkəsidir və sanksiyalar dövründə onun ixrac etdiyi neftin həcmi 50 faizə qədər azalmışdı. 4 illik sanksiya dövründə İran çox ciddi şəkildə maliyyə problemi ilə üzləşdi, iqtisadiyyatında ciddi durğunluq yarandı. Hazırda İran bu açılımdan sonra çox sürətlə dünya bazarına enerji məhsulları ixrac edəcək. Bu da dünyada neft və neft məhsullarının ucuzlaşmasına səbəb olan amillərdən biri kimi qiymətləndirilir. Bu amil isə Azərbaycan iqtisadiyyatına mənfi təsir edir. Təbii ki, bu ilkin təsirlərdir. Sonrakı dövrdə isə Azərbaycan-İran əlaqələrində, xüsusilə Azərbaycanın Avropa ilə İran arasında ticarət əlaqələrində, maliyyə transferində tranzit ölkə kimi iştirakı təmin olunacaq. Sanksiyalar dövründə Azərbaycan da məcburən bu qadağalara qoşularaq əməl etməli oldu. Bu isə Azərbaycanla İran arasında iqtisadi münasibətlərin müəyyən qədər geriləməsinə səbəb olmuşdu. Bu açılımdan sonra münasibətlər qaydasına düşəcək”.
Ekspertin sözlərinə görə, İranın dondurulmuş vəsaitlərinin qaytarılması və enerji ixracı sayəsində bu ölkədə çox ciddi daxili tələb formalaşacaq: “Azərbaycan bu tələbdə tranzit ölkə kimi iştirak edəcək. İran məhsullarının Avropaya, Avropa məhsullarının İrana daşınması həyata keçiriləcək ki, Azərbaycan da bu məsələdə tranzit rolunu oynayacaq, gəlir əldə edəcək. İran regionda böyük güclərdən sayılır və iqtisadiyyat baxımından regionun Rusiyadan daha sağlam iqtisadi gücə, tarixi kökə malik ölkələrindən hesab olunur. Bu baxımdan İranın inkişaf etməsi Azərbaycan üçün əlavə gəlir mənbəyinə, xüsusən də sərhəd bölgələrində yaşayan insanların həyat şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq”.
“Xüsusən son prezident seçkilərindən sonra İranın xarici kursunda dəyişiklik hiss olunmaqdadır” - deyən R. Həsənov qeyd etdi ki, İranla siyasi-iqtisadi münasibətləri dondurmuş Qərb və ABŞ artıq bu ölkəyə çox ümidlə yanaşır: “Eyni zamanda İran hökumətinin son davranışları, xarici investorların ölkədə fəaliyyətinə şərait yaratması da imkan verir ki, investorların bu ölkəyə axını sürətlənsin. İranın daxili tələbatı böyük potensiala malikdir. Təsadüfi deyil ki, bugünlərdə İran prezidenti İtaliya və Fransada 120 nəfərlik sahibkarlardan ibarət heyətlə təmsil olundu, görüşlər keçirdi. Bu isə artıq İranla Qərb arasında ticarət əlaqələrinə start verilməsinin göstəricisidir. Sanksiyaların aradan qaldırılması İran üçün sərfəli olduğu qədər Avropa üçün də, dünya iqtisadiyyatı üçün də əhəmiyyətlidir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər