Tehrana qarşı sanksiyaların ləğvi Ermənistanı gücləndirəcəkmi... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 10:36 | Şərh sayı: (0) | Baxılıb: 250
Tehrana qarşı sanksiyaların ləğvi Ermənistanı gücləndirəcəkmi...
Elxan Mehdiyev: “İran Ermənistan üçün kredit mənbəyi olacaq”; Elxan Şahinoğlu: “Ermənistanın nəyi var ki, İrana nəsə təklif etsin və ya qazandırsın?”
İrana qarşı sanksiyaların ləğvindən sonra bölgədə yaranmış yeni situasiyadan əksər dövlətlər kimi, işğalçı Ermənistan da öz maraqları üçün istifadə etməyə çalışır. Elə son vaxtlar Ermənistanın hətta tarix boyu ağası olan Rusiyaya belə xəyanət edərək İran qazını almağa çalışması da bunun nümunəsidir.
Azərbaycan ərazilərini işğalda saxlaması səbəbindən özünü təcrid vəziyyətinə salmış İrəvanda daim bu fikir xüsusi vurğulanıb ki, İran Ermənistan üçün nəfəslik rolunu oynayır və bu nəfəslik qapadılsa, ermənilər boğular. Hazırkı mərhələni isə Ermənistanın özünə də əlavə “oksigen mənbəyi” hesab etmək olar.
Bu mənada əksər müşahidəçilərin fikrincə, fars-erməni qardaşlığının, İrəvan-Tehran əməkdaşlığının bundan sonrakı inkişafı daha da sürətli templə həyata keçiriləcək ki, bu da Ermənistanın işğalçılığını stimullaşdıracaq.
Hətta Ermənistanın İran vasitəsilə dünyaya çıxış imkanları artır. İllər boyu beynəlxalq aləm Türkiyəni Ermənistanla sərhədləri açmağa və Ermənistanı dalandan çıxartmağa cəhdlər göstərirdilər. Ancaq real situasiya artıq Türkiyə-Ermənistan sərhədlərinin açılmasına tələbatı xeyli azaldıb və artıq ermənilər İran yolu ilə dünyaya çıxış imkanı qazanıblar. Hətta iddialar var ki, Ermənistan İran üzərindən yaradacağı əlaqələr hesabına güclənmək imkanı qazanmaqla bərabər, gələcəkdə beynəlxalq layihələrdə də yer ala bilərlər.
Konfliktoloq Elxan Mehdiyev İrana qarşı sanksiyaların aradan qaldırılması faktının Ermənistanın da taleyinə təsir göstərəcəyinə şübhə etmir: “Həm də Ermənistanın dili uzundur. Çünki bütün dünya İrana qarşı duranda onlar İranla əməkdaşlığı davam etdirdilər. İndi İranda külli miqdarda maliyyə var. Çindən tutmuş Qərb dünyasına qədər hər kəs bu maliyyədən yararlanmaq istəyir. Ermənistan İran-Gürcüstan yolunun tikilişi üçün İrandan pul gözləyir. Qaz layihələri gündəmdədir, həmçinin İranla sərhəddəki Mehri və Qafan rayonlarının inkişafı üçün layihələr var. Digər tərəfdən, iranlıların Ermənistanda kiçik və orta biznesi canlanacaq. İran Ermənistan üçün kredit mənbəyi olacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, İran üzərindən sanksiyalar götürüldükdən sonra bu ölkə dünyaya sürətlə açılır: “Məsələn, artıq İranla Çin arasında böyük saziş imzalanıb. Bu sazişə görə, 10 il ərzində iki ölkə arasında iqtisadi-ticarət mübadiləsinin həcmi 600 milyard dollara çatmalıdır. Və ya İran prezidentinin Avropa Birliyi ölkələrinə səfəri başlayıb. Məqsəd yenə də eynidir: inkişaf etmiş dövlətlərlə iqtisadi-ticarət müqavilələri imzalamaq. İran qonşu ölkələrlə də iqtisadi münasibətlərini inkişaf etdirməyə çalışacaq. Bu, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstandır. Suriyadakı savaşa görə İranla Türkiyə arasındakı münasibətlər soyuyub. Ancaq bu o demək deyil ki, iki ölkə arasındakı iqtisadi və ticarət mübadiləsi artmayacaq. Türkiyənin böyük şirkətləri də Qərb şirkətləri kimi İran bazarında paya sahib olmaq istəyirlər. Sanksiyaların ortadan qaldırılmasıyla İran neft satışı və dondurulmuş milyardların geri qayıtmasıyla gərəkli maliyyə vəsaitlərinə sahib olacaq. İran bu pulla əsasən yeni texnologiyalar və müasir avadanlıqlar almağa çalışacaq”. E.Şahinoğlu qeyd etdi ki, bu mənada Azərbaycanın da İran bazarına gözü var: “Təsadüfi deyil ki, keçən ay İrana Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev səfər etmişdi. O, Təbrizdə keçirilən İran-Azərbaycan biznes-forumuna qatılmışdı. Forumda Azərbaycanın və İranın rəsmi şəxsləri ilə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, qida sənayesi, maliyyə, konsaltinq, turizm və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak etmişdi. Şimal-Cənub nəqliyyat dəhlizi, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin fasiləsiz iş rejiminə keçirilməsi işlərinin intensivləşdirilməsi barədə razılıq əldə olunmuşdu. Şahin Mustafayev bildirmişdi ki, Azərbaycanın Qazaxıstanın Aktau şəhərində inşa etdiyi logistika mərkəzindən İran tərəfi də istifadə edə bilər. Nazir Azərbaycanda yaradılmaqda olan sənaye parkları və aqroparklarda İran investorlarının fəaliyyəti üçün əlverişli imkanların olduğunu demişdi. Bundan sonra Dövlət Neft Şirkətinin prezidenti İrana səfər etdi, yaxın perspektivdə isə Azərbaycan prezidentinin qonşu ölkəyə səfəri planlaşdırılır”.
Politoloq torpaqlarımızı işğalda saxlayan Ermənistanın da İrandan qazanc əldə etmək üçün səylərini artırdığını vurğuladı: “Bir müddət öncə Ermənistanın bir qrup iş adamı da İrana səfər edib, bu ölkənin kapitalını Ermənistana cəlb etmək istəyini açıqlayıb. Rəsmi İrəvan birinci növbədə İran qazının Ermənistan üzərindən Gürcüstana çatdırılmasında maraqlıdır. Bu, Ermənistana 3 səbəbdən vacibdir: birincisi, bu layihə Ermənistana bölgədə enerji tranziti ölkə statusunu qazandıracaq; ikincisi, Ermənistanın İranla əlaqələrində yeni səhifə açılacaq; üçüncüsü, Gürcüstanın Ermənistandan asılılığı artacaq. Əlbəttə, əgər Gürcüstan İrandan qaz almaq istəyərsə, bu layihənin reallaşması perspektivi artacaq. Buna baxmayaraq, İranın Ermənistan iqtisadiyyatına yatırım qoyacağını zənn etmirəm. İran münbit bazarlardan gəlir imkanları axtarır. Ermənistanın nəyi var ki, İrana nəsə təklif etsin və ya nəsə qazandırsın? Sadəcə, Ermənistan Rusiya kimi İrana da forpost kimi lazımdır. Ona görə də İran Ermənistana əlində saxlamaq üçün hansısa kiçik layihələrə maraq göstərəcək. Ancaq danışıqlar illərlə uzanacaq və hər iki tərəf belə bir görüntü yaradacaqlar ki, sanki iş gedir”.
Politoloq Şahin Cəfərli isə İrana qarşı sanksiyaların yumşaldılmasının bu ölkənin Ermənistanla münasibətlərinə ciddi təsir göstərəcəyini, qarşılıqlı siyasi-iqtisadi əlaqələrdə xüsusi canlanma yaradacağını düşünmür: “Ən əvvəl ona görə ki, Ermənistan-İran münasibətləri Qərb-İran konfrantasiyasından çox az təsirlənib, sanksiya rejimi Tehran-İrəvan münasibətlərində problem yaratmayıb. İndiyədək iki ölkə arasında əlaqələrin potensialından tam olmasa da, mümkün olduğu qədər istifadə edilib. Hazırda Ermənistanla İran arasında başa çatmamış 3 nisbətən iri layihə mövcuddur: şimal-cənub avtomobil magistralı; iki ölkə arasında elektrik ötürücü xəttin 3-cü qolunun tikintisi və Mehridə hidroelektrik stansiyanın inşa olunması. Sanksiyaların ləğvi nəticəsində İranın maliyyə imkanlarının artması yəqin ki, bu layihələrin başa çatdırılmasına müsbət təsir göstərəcək. Perspektiv baxımından digər müsbət amil kimi Ermənistanın üzv olduğu Avrasiya İqtisadi İttifaqı çərçivəsində həyata keçiriləcək layihələrə İranın da cəlb edilməsi ehtimalını göstərmək olar”. Bununla belə, Ş.Cəfərli qeyd etdi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında İranla quru sərhədlərinə malik yeganə ölkə olduğundan bu tip layihələrdən ən çox faydalanan tərəf ola bilər: “Lakin qeyd etdiyim kimi, bu, gələcəyin işidir. Qısamüddətli perspektivdə Ermənistanın İrana qarşı sanksiyaların ləğvindən hər hansı ciddi uduşunu görmürəm. Siyasi baxımdan Ermənistan üçün pozitiv amil kimi isə onu göstərmək olar ki, Azərbaycan və Türkiyənin tətbiq etdiyi blokadanın effektivliyi bir az da zəifləyir. Lakin etiraf edək ki, bu blokadanın effekti onsuz da çox yüksək deyildi. Sanksiya dövründə də İran sərhədləri Ermənistan üçün tam açıq idi. Əlavə olaraq, Gürcüstan vasitəsilə Avropaya çıxış imkanları var. Ona görə də hazırda Ermənistan üçün geostrateji baxımdan hansısa yeni situasiyanın yarandığını söyləmək doğru olmaz”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər