İran inkişaf edərsə, Azərbaycan üçün potensial Rusiya ola bilərmi? - EKSPERT ŞƏRHİ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 23:54 | Şərh sayı: (0) | Baxılıb: 265
İran inkişaf edərsə, Azərbaycan üçün potensial Rusiya ola bilərmi? - EKSPERT ŞƏRHİ
İrana qarşı sanksiyaların ləğv edilməsi, İran neftinin dünya bazarına çıxması bu ölkənin inkişafı üçün zəmin yaradacaq. Ekspertlər İranın yaxın zamanda iqtisadi gücünün artacağını proqnozlaşdırırlar. Bu isə Azərbaycanlı iş adamlarının yatırım etməsi üçün qonşuluqda potensial bir ölkənin olması deməkdir. Necə ki, Rusiyanın inkişafda olduğu vaxtlarda bu ölkə həm Azərbaycanlı iş adamları, həm də əhalinin kasıb təbəqəsi üçün bir ümid yeri idi. Rusiyadakı həmvətənlərimizin göndərdiyi pullar ölkədə ciddi şəkildə valyuta axını formalaşdırmışdı.
Bəs, görəsən Rusiya iqtisadiyyatının zəiflədiyi dövrdə iqtisadiyyatını gücləndirən İran azərbaycanlılar üçün potensial Rusiya ola bilərmi?
İqtisadçı ekspert Vüqar Bayramov musavat.com-a açıqlamasında İranın Azərbaycanlı iş adamları üçün önəmli investisiya məkanı olacağını bildirdi: “Mən düşünmürəm ki, İran yaxın vaxtlarda potensial Rusiya rolunu oynaya bilər. Çünki, İran bazarı Rusiya bazarı ilə müqayisədə kiçikdir. Eyni zamanda İranın güclü dövlətə çevrilməsi, həmin bazarın möhkəmlənməsi üçün vaxt tələb olunur. Rusiyadan fərqli olaraq İranla Azərbaycanın istehsal etdiyi məhsullar arasında oxşarlıq var. Azərbaycan Rusiya bazarına öz aqrar məhsulları ilə çıxırdısa, İrana bu aqrar məhsulların çıxış imkanı məhduddur. Çünki, İranın özünün aqrar sektoru kifayət qədər inkişaf edib və Azərbaycan fermerlərinin İran bazarına çıxış imkanı məhduddur. Azərbaycanın hazırda müqayisə edərkən üstünlüyə malik olduğu məhsullar aqrar məhsullardır. Bu səbəbdən biz İranı potensial Rusiya kimi görə bilməyəcəyik. Ancaq buna baxmayaraq, İran Azərbaycanın iş adamları üçün müəyyən üstünlüklərə, özəlliklərə malikdir. Əvvəla, Azərbaycanın İranın bank sektoru ilə əməkdaşlığı genişləndirə bilər. Azərbaycanla İran arasında maliyyə, bank, sığorta sahələrində əməkdaşlıq mümkündür. Azərbaycan bu istiqamətdə İranla ciddi əməkdaşlıq edə bilər. Nəqliyyat sektorunda da əməkdaşlıq imkanları var. Bu da Azərbaycan iş adamlarının nəqliyyat sektorunda iştirak imkanlarının güclənməsinə səbəb ola bilər”.
Ekspertin sözlərinə görə, hələlik yaxın zamanlarda xarici şirkətlərin İran bazarına daxil olacağı gözlənilmir: “Çünki, Qərb şirkətləri İran bazarına daxil olmaq üçün müəyyən qədər gözləyəcəklər. Bu da Azərbaycan iş adamları üçün müəyyən bir üstünlükdür, onlar daha tez İran bazarında təmsil oluna biləcəklər. Qərb şirkətləri isə gözləyəcəklər ki, İranda vəziyyət necə dəyişəcək. Bu da müəyyən qədər zaman alacaq. Bu səbəbdən İranla əməkdaşlıq imkanları çoxdur. Azərbaycanlı iş adamları bu imkanlardan istifadə etməlidir. İranın liberallaşması həm Azərbaycanda ticarət dövriyyəsinin artmasına səbəb olacaq, həm də iş adamlarının buraya daha geniş miqyasda yatırım etməsinə gətirib çıxaracaq. Uzun müddət sanksiyaya məruz qaldığı üçün hazırda İranın bank sektorunda yatırıma ehtiyac var. Yeyinti sektorunda isə imkanlar məhduddur. Azərbaycanlı iş adamları innovativ şəkildə İran bazarına daxil olmalıdır. Xidmət sektoru da yatırım üçün önəmli sektorlardan biri hesab olunur”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər