“Kredit milyonçuları” yenidən həbs oluna bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 16:26 | Şərh sayı: (0) | Baxılıb: 255
“Kredit milyonçuları” yenidən həbs oluna bilər
Maliyyə nazirinin açıqlaması “toksik kreditor”ların cəzadan yayına bilməyəcəyinin anonsudur
Maliyyə naziri Samir Şərifov bir neçə gün öncə Beynəlxalq Bankdakı böyük pul oğurluqlarından danışıb. Nazir ANS-ə müsahibəsində deyib ki, ölkə prezidentinin sərəncamına əsasən Beynəlxalq Bankın sağlamlaşdırılması və özəlləşdirilməyə hazırlanması üçün tədbirlər görülür.
S.Şərifov bankdan kredit şəklində alınan, geri qaytarılmayan kreditlərin qaytarılması üçün görülən işlərdən danışıb: “Bu bankda mənimsəmə halları müşahidə olunub. Biz bu gün bu bankın toksik (pis) aktivlərini, hansılar ki, kreditlər verilib, pullar oğurlanıb bunu açıq şəkildə etiraf etməliyəm, belə hallar da var. Əlaqəli şəxslərə dolaylı yollarla pullar verilib, o pullar da çıxarılıb lazım olmayan işlərə sərf olunub. Biz bu gün bu işlərlə məşğuluq. Borcluların pulları qaytarması işlərini davam etdiririk. Bu baxımdan hüquq-mühafizə orqanları ilə birlikdə - Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla işlər davam etdirilir. Çalışırıq ki, pul alan adamlar öz məsuliyyətlərini dərk edərək banka borclarını qaytarsınlar”.
Nazirin sözlərindən aydın olub ki, krediti qaytarmayanların zavod və fabrikləri əllərindən alınaraq işlək duruma gətirilməklə satılacaq. Samir Şərifovun dediklərini “kredit oliqarx”larının yeni həbslərinin olacağının anonsu kimi qəbul edənlər də var.
Maliyyə nazirinin adlarını çəkmədiyi, “toksik kreditorlar” adlandırdığı kəsimin bir çox nümayəndəsi, həmçinin Beynəlxalq Bankın sədri Cahangir Hacıyev bu gün həbsdədir. Bankdan milyonlar götürüb qaytarmayan eks-deputat Dünyamin Xəlilov, baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov, “Qara polkovnik” kimi tanınan mərhum Fətulla Hüseynovun oğlu Adil Hüseynov, Orta Asiya ölkələrindən birində Azərbaycanın səfiri olan şəxsin Kamal adlı qardaşı, bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin bacanağı, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru İsmayıl Hidayətzadə, Beynəlxalq Bankın Mərkəz filialının keçmiş direktoru İlqar Abdullayev, bankın Nəqliyyat filialının keçmiş direktoru Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov, “İnter Glass” ASC-nin direktoru Fariz Muradov və digəriləri həbs alınıblar. Saxlanılanlar arasında neft oliqarxı, “PNN Group”un təsisçisi, Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev də vardı. Lakin Piriyev dövlətin pulunu geri qaytardığı üçün azad edilib.
Tutulanlar sırasında adlarına böyük miqarda kreditlər rəsmiləşdirilən, lakin özləri quru maaşa işləyən Beynəlxalq Bank işçiləri, Cahangir Hacıyevin saysız-hesabsız şirkətlərində çalışanlar da var. Bununla belə, kredit alıb özlərini cəmiyyətə biznesmen kimi sırıyanlar da az deyil. Adamlar banka layihə təqdim edib bir neçə yüz milyon manat kredit alıblar. Onların hazırda həbsdə olan Beynəlxalq Bankın sədri Cahangir Hacıyevə necə yol tapmaları, ona “şapka”nı hansı formada ötürdükləri də araşdırma mövzusudur. Fakt odur ki, adamlar dövlətin payı olan bankdan 100 milyonlarla kredit götürüblər və çevrilib olublar uğurlu biznesmen. Pulları açıq-aşkar, böyük acgözlüklə mənimsəməyə, talan etməyə girişiblər. Dəbdəbəli ofislər, təyyarələr, Almaniyanın avtomobil zavodlarında xüsusi sifarişlə hazırlanan avtomobillər alıblar. Beləcə, real işlər görən iş adamlarının arasında özlərinə yer tutublar. S.Şərifovun demədiyi bir məqam da odur ki, bu gün də Beynəlxaq Bankdan milyonlarla kredit almış, lakin azadlıqda qalan şəxslər var. Bunlardan biri də Fransa vətəndaşı Xaqani Bəşirovdur.
Qeyd edək ki, “Beynəlxalq Bank” işi üzrə istintaqa cəlb edilənlər sırasında “Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmli də var. “Xəzər İsland” layihəsini gerçəkləşdirmək üçün ona Beynəlxalq Bankdan 430 milyon manat kredit verilib. Hacı İbrahim Nehrəmli istintaqa cəlb ediləndən sonra kreditin bir hissəsini qaytarıb. Lakin böyük bir hissəsi də ödənməmiş qalıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər