Ərzaq məhsullarının qiyməti qalxacaq - EKSPERT |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-12-2015, 16:02 | Şərh sayı: (0) | Baxılıb: 463
Ərzaq məhsullarının qiyməti qalxacaq - EKSPERT
Bütövlükdə Azərbaycanın, indiki prizmadan manatın taleyi birbaşa xarici ticarət əməliyyatlarından asılıdır. Artıq manatın Mərkəzi Bankın əlindəki ipi də bu gündən bütünlüklə idxal-ixracın başına keçirilib.
Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qalib Toğrul Mərkəzi Bankın "üzən məzənnə" rejiminə keçilməsi barədə qərarını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu ilin 10 ayında ixracımız 9 milyard 765 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10 milyard dollar azalma deməkdir. İxracımızın 7 milyard 589 milyon dollarını (80%-ə yaxın) xam neft, 645 milyon dollarını neft məhsulları təşkil edir.
Bu ilin 10 ayında idxal isə 7 milyard 440 milyon dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə cüzi artım (1.08%) deməkdir. Yeyinti məhsulları (ət, süd, yağ, buğda, şəkər və sair) isə idxalın strukturunda maşın, mexanizm, elektrik avadanlıqları, qara metallar, maşın və onun hissələrindən sonra 4-cü yerdə qərarlaşıb.
Ona görə də ekspertin fikrincə, ərzaq məshullarının qiyməti qalxacaq: "Bu hesabla ərzağın bahalaşması qaçılmazdır. İlkin dövrdə (bir neçə həftə) bahalaşmanın qarşısının alınması üçün inzibati rıçaqların işə salınması gözlənilsə də, qiymətlərin artmasının qaşısını almaq mümkün olmayacaq. Ona görə də ilk növbədə, əhalinin nisbətən aztəminatlı, sosail müdafiəsi zəif olan təbəqəsinin inflyasiyanın mümkün təsirlərindən qorunması üçün tədbirlər həyata keçirilməsi vacibdir".
Q.Toğrul qeyd edib ki, Azərbaycanda real iqtisadiyyatın zəif olması, ixracın strukturunun birrəngliyi hazırkı şəraitdə manatın taleyini xüsusilə bir güclü faktordan - neftin qiymətindən asılı vəziyyətə salıb. Bu, neft gəlirlərinin ölkəmizə daxil olmasının bütün dövrlərində müşahidə olunub. Manatı qoruyan isə həmişə neft olub. Artıq bu "qoruyucu mələk" öz funksiyalarını yerinə yetirə bilmədiyindən manat sürətlə dəyərsizləşir: "Manat digər faktorlardan da təsirlənir, ancaq onlar o qədər də həlledici deyil. Ona görə də yaxın perspektivdə neftin qiymətinin qalxması gözlənilmədiyindən manatın dəyər qazanması mümkün deyil. Mərkəzi Bank və digər mərkəzi dövlət orqanları səbəblə yox, nəticə ilə mübarizə apardıqlarından prosesin arxasınca sürünməyə məhkumdurlar və nəyisə dəyişmək gücündə deyillər. Qızıl qiymətində vaxt itirilib. Təcili bütün sahələr üzrə kompleks tədbirləri nəzərdə tutan islahatlar proqramı hazırlanmalı və həyata keçirilməlidir. Əks halda neft bizi hara aparsa, biz də arxasınca düşüb ora gedəcəyik. Gedəcəyimiz yer isə uçurumdur..."
Pünhan Mirzə
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər