Vətəndaşların pulunu “qıranlar” bazardan qaçıblar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 00:05 | Şərh sayı: (0) | Baxılıb: 215
Vətəndaşların pulunu “qıranlar” bazardan qaçıblar
Yanvarın 24-də “8-ci kilometr” bazarındakı pul fırıldaqçıları ilə bağlı məlumat vermişdik. Hər gün onlarla, bəlkə də yüzlərlə vətəndaşın pulunu oğurlayan fırıldaqçılar bazardan qaçıblar.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə və mətbuatda məlumatlar geniş şəkildə yayımlanandan sonra əməllərinin ifşa olunduğunu görən şəxslər iki gündür, bazara gəlmirlər.
Əməkdaşımız bu gün “Vosmoy” bazarında olub. Havanın soyuq və qarlı olmasına baxmayaraq, fırıldaqçıların işlədiyi piştaxtalar və mağazalardan başqa bütün mağazalar açıq olub.
Qonşuluqdakı mağaza sahiblərinin əksəriyyəti onların havanın soyuq olması səbəbindən işə gəlmədiklərini dedilər. Təbii ki, bu, inandırıcı deyil.
Mağazaları göstərərək orada çalışanların bu gün işə gəlib-gəlmədiyini soruşduğumuz limon satan qadın nədənsə həyəcanını gizlədə bilmədən verdiyi cavab isə belə oldu: “Yəqin ki, soyuqdur. Bu havada işə niyə gəlsinlər? Əşi, mənim heç xəbərim yoxdur, Məndən soruşma”.
Təbii ki, bazarda qonşu mağazaların işçiləri bir-birini tanıyırlar. Lakin fırıldaqçılar haqda nə soruşduqsa, bazar işçiləri and-aman edib, görmədiklərini, tanımadıqlarını dedilər.
Nəhayət, qonşu obyektlərdə çalışanlardan heç nə öyrənə bilmədiyimizi görüb, oradan xeyli uzaqlaşaraq balıq satan yaşlı kişidən vəziyyəti öyrənə bildik. Məlum oldu ki, yanvarın 25-dən, görüntülər yayılan gündən bu şəxslər bazara gəlməyib. Əvəzində bir neçə müki geyimli şəxs bazara gələrək onları soruşub. Elə həmin gündən onları bazarda görən yoxdur.
Həmin fırıldaqçı şəbəkənin üzvlərinin saxlanılıb-saxlanılmaması ilə bağlı məlumat öyrənmək üçün Daxili İşlər Naziriliy ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirdi ki, baş verən hadisələrlə bağlı vətəndaşlar nazirliyin “102 qaynar xətti”nə dərhal məlumat versələr, müvafiq araşdırmalar aparılıb, tədbirlər görülər.
E.Zahidov “Vosmoy” bazarı ilə yanaşı, ölkənin bütün yerlərində kriminogen vəziyyətin nəzarət altında olduğunu bildirdi: “Daxili işlər və digər hüquq-mühaziə orqanları ölkədə vəziyyətə tam nəzarət edir. Vətəndaş dərhal məlumat verərsə, isti izlərlə tədbirlər həyata keçirilər”.
Qeyd edək ki, təqdim etdiyimiz videogörüntülərdə vətəndaşların pulunu oğurlayan şəxsləri aydın şəkildə müəyyən etmək mümkündür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər