Paytaxtda uşaq oğruları peyda olub? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 19:49 | Şərh sayı: (0) | Baxılıb: 346
Paytaxtda uşaq oğruları peyda olub?
Şəhər əhli panika içində, rəsmilər isə yanlış anlaşılmanın xəbər kimi yayılmasına etiraz edir
Ehsan Zahidov: “Heç bir əsası olmayan söhbətləri cəmiyyətdə yayıb çaşqınlıq yaradırlar”
Son günlər paytaxtda oğurluq hadisələri ilə bağlı halların artması mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunur. Daha çox evə gül gətirmək adı ilə oğurluğa cəhd edənlərlə yanaşı, uşaq oğruları halları da müzakirə mövzusudur. Son iki gün mediada yayılan xəbərlərdə Bakıdakı 20 saylı məktəbdə və Xətai rayonunda yerləşən uşaq bağçasına cəhd edən iki nəfərin saxlanması qeyd olunur.
Bunlar isə artıq şəhərdə ciddi panikaya səbəb olub. Bu gün qəzetimizə Bakıdakı bir neçə məktəbin valideynlərindən həyəcan dolu şikayətlər daxil olub. Şikayətçilər Bakıda uşaq oğrusu dəstələrinin peyda olduğunu bildirirlər. Amma şikayətlərin mətni daha çox “o gün qonşu danışırdı”, “bacım dedi ki, facebookda yazıblarmış...” janrında idi. Bir sözlə, şəhərdə xüsusən valideynlər arasında ciddi təlaş yaranıb. Hətta əsli olmayan, təsdiqlənməyən “uşaq oğurluğu hadisələri” ilə bağlı dildən-dilə dolaşan əfsanələr valideynlər arasında yayılır. Uşaqlar “oğurlanır”, “orqanları satılır” və bundan sarsılan valideynlər “infarkt keçirirlər”.
Bu olayın bir müsbət cəhəti var ki, uşağına nəzarəti xəfiflədən valideyn məlum şayiələrdən sonra onu gözündən kənara buraxmır, nəzarəti gücləndirir. Amma bu xəbərlərin bir əsli varmı?
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Bakıdakı kriminogen durum nəzarət altındadır və son günlərdə uşaq oğurluğu halları baş verməyib. Müsahibimizin sözlərinə görə, insanlar sadəcə yersiz panikaya düşüblər və heç bir əsli olmayan söz-söhbəti bir-birinə ötürməklə cəmiyyətdə çaşqınlıq yaradırlar.
“Yeni Müsavat” xatırladır ki, DİN səviyyəsində daha öncə yayılan məlumatda bildirilmişdi ki, həm 20 saylı məktəbdə, həm də Xətaidəki uşaq oğurluğu şübhəsinin heç bir əsası olmayıb. Belə ki, 20 saylı məktəbin Yasamal rayonunda yerləşən korpusunda bir nəfər yaxınlaşıb və mühafizəçi onu məktəbə buraxmadığı üçün mübahisə ediblər. Bu zaman məktəbdə işləyən müəllimələrdən biri 102 xidmətinə zəng edərək məlumat verib və bildirib ki, həmin şəxs uşaq oğurlamaq üçün gəlib. Dərhal polis əməkdaşları məktəbə gediblər və mühafizəçi ilə məktəbə daxil olmağa çalışan şəxs polis bölməsinə gətirilib. İzahatları alınıb və aydın olub ki, həmin şəxs məktəbin yaxınlığında yaşayır. Məktəbin şagirdləri onun həyətini zibillədikləri üçün o direktorla görüşüb şikayət etmək istəyib. Həmin vətəndaş deyib ki, şagirdlərə bir daha belə bir hərəkət etməmələri barədə tapşırıq verilsin. Lakin mühafizəçinin onu məktəbə buraxmaması və direktorla görüşməsinə maneə olduğu üçün aralarında mübahisə düşüb. Müəllimə də bunu səhv anlayıb. Sonradan məsələ tam aydın olub və hər iki şəxs sərbəst buraxılıb”.
Xətaidəki uşaq bağçasındakı halla bağlı da anlaşılmaz olduğu üzə çıxıb. Belə ki, həmin ərazidə əkiz uşaqlarını bağçaya qoyan valideyn bir yaxınına zəng edərək uşaqları ordan götürməsini xahiş edib. Valideynin qohumu olan qadın bağçaya gəlib və “əkizləri götürəcəyəm” deyib. Bağçada olan əkiz uşaqları qadına təhvil verəndə aydın olub ki, onun götürəcəyi əkizlər bu əkizlər deyil. Bu zaman orada tərbiyəçilər ondan şübhələniblər və müəyyən qədər mübahisə yaranıb. Bu barədə 102 xidmətinə məlumat verilib və polis əməkdaşları dərhal həmin baxçaya gediblər. Araşdırma zamanı müəyyən edilib ki, həmin qadın həqiqətən də əkiz uşaq götürülməsi barədə valideyndən tapşırıq alıb. Lakin onun götürməli olduğu əkizlər bu bağçada deyil, yaxınlıqdakı digər bağçadadır. Sadəcə o qadın bağçaları səhv salıb. Bununla da hər iki məsələ aydınlaşıb.
E.Zahidov bildirdi ki, valideynlərin azyaşlı uşaqlarını məktəbə və bağçaya aparıb-gətirən zaman maksimum diqqətli olması arzuediləndir. Amma bu həssaslığın yersiz panika, ajiotaj səviyyəsinə çatdırılması cəmiyyətdə xoşagəlməz hallar yaradır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər